İcra hakimiyyəti başçılarına ciddi nəzarət başlayır – HÖKUMƏTDƏN YENİ QƏRAR


Azərbaycanda yerli icra hakimiyyəti başçılarının fəaliyyətinə nəzarət bir qədər də gücləndirilir.

Bundan sonra icra başçılarının bütün qərar, əmr və göstərişləri qeydə alınacaq, sistemə yerləşdiriləcək və bu sistemə başqa dövlət qurumu nəzarət edəcək.

Nazirlər Kabinetinin qərarı ilə «Yerli icra hakimiyyəti orqanları başçılarının qeyri-normativ hüquqi aktlarının reyestrinin aparılması qaydaları» təsdiq edilib.

Yeni qərara əsasən ölkədəki rayon və şəhər icra hakimiyyəti başçılarının əmr və sərəncamları vahid reyestrdə toplanacaq. Bu məlumatların bir hissəsi ictimaiyyətə açıq olacaq. Reyestrin özü isə 6 ay ərzində yaradılacaq. Reyestri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradacaq və idarə edəcək.

Qərarda deyilir ki, Reyestrin yaradılmasında məqsəd yerli icra hakimiyyəti orqanları başçılarının qəbul etdikləri əmr və sərəncamlar barədə məlumatların toplanılması, saxlanılması, istifadəsi və istifadəçilər tərəfindən özlərinə aid və ya “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən açıq hesab edilən məlumatların əldə edə bilməsidir.

Reyestrdən dövlət qurumları, bələdiyyələr, habelə hüquqi və fiziki şəxslər istifadə edə bilər.

Qaydalara görə, reyestrdə aparılan dəyişikliklər də qeydə alınacaq. Burada çoxfunksiyalı axtarış imkanları də olacaq ki, məsələn hər hansı şəxs icra hakimiyyəti başçısının onunla bağlı əmrini və ya göstərişini asanlıqla tapa bilsin.

Qaydalara görə, reyestrə qərar qəbul edən, yəni əmr və ya sərəncam verən icra hakimiyyətinin adı, əmr və sərəncamların adı və nömrəsi, qəbul edildiyi yer, tarix və qeydiyyat nömrəsi; onu imzalayan şəxsin adı, soyadı və vəzifəsi; mətni; barəsində əmr və ya sərəncam verilən istifadəçinin adı (dövlət orqanının (qurumunun), yerli özünüidarəetmə orqanının, hüquqi şəxsin adı, fiziki şəxsin soyadı, adı və atasının adı); barəsində əmr və ya sərəncam verilən istifadəçinin VÖEN-i (dövlət orqanı (qurumu), yerli özünüidarəetmə orqanı, hüquqi şəxs) və FİN-i (fiziki şəxs); sənədin Reyestrə daxil edildiyi tarix və Reyestr nömrəsi daxil ediləcək.

Bundan başqa, əmr və ya sərəncam ləğv edilibsə, onun tarixi və səbəbi də göstərilməlidir.

Qaydadalara görə, reyestr yaradıldıqdan sonra, yəni təqribən 6 aydan sonra yerli icra hakimiyyəti başçılarının bütün əmr və sərəncamları 3 iş günü ərzində bu sistemə oturdulmalıdır.

Qaydalara əsasən, hüquqi və fiziki şəxslər də bu sistemə daxil olaraq özərinə aid məlumatları, məsələn, onlara aid hər hansı icra başçısının əmr və sərəncamları ilə tanış ola bilərlər.Fed.az
Tarix: 17-04-2023, 13:07
Xəbəri paylaş





Xəbər lenti