Görüm sənin partiyan bağlansın...


 
Bu günlərdə deyildi ki, Azərbaycanda on üç siyasi partiya özünü buraxıbdır. Doğrusu, sonrasını izləmədim, necə deyərlər, elə on üçdə də hesabı itirdim.
Ona görə ki, bizim yaranışdan dünyaya uğursuz gəlmiş siyasi partiyalarımız əslıində ən sonuncu ola biləcək bir varianta əl atmazdan,- özlərini buraxmaqdan əvvəl başqa siyasi ssenariləri də sınaqdan keçirə bilərdilər.
Məsələn, on üç partiya ən azı toplaşıb bir alababat partiya yarada bilərdilər. Amma onlar bunu etmirlər. Bəlkə də ona görə ki, daha siyasətlə məşğul olmaqda elə bir fayda görmürlər, necə ki, hələ bir neçə il bundan əvvəl siyasi jurnalistika ilə məşğul olanlar siyasi partiyaların çoxunu zarafatla “siyasi dükanlar” adlandırırdılar. Əlbəttə, bu aspektdən yanaşanda aydın məsələdir ki, dükan gəlir gətirməyəndə onu bağlarlar...
Amma şəxsən bizi bütün bu “turbulent” siyasi proseslər heç də yaxın maraqlar baxımından yox, daha çox siyasi perspektiv nöqteyi-nəzərindən maraqlandırır. Bəs bu siyasi olaylarrın sonu necə olacaqdır? Doğrudanmı, siyasi plüralizm və çoxpartiyalılıq əbədi olaraq yalnız siyasi şüarlarda, siyasi sistemin “vitrin”lərində görüntü kimi qalacaqdır?
Burada əvvəlcə onu deyək ki, siyasi partiyalarla birlikdə siyasi mübarizənin də qeybə çəkiləcəyini düşünənlər tamam yanılırlar. Siyasi partiyalar indiki leqal institusional formalar meydana çıxmamışdan qat-qat öncə mövcud olubdur. Belə demək olar ki, siyasi partiyalar ilk hakimiyyətlərlə yaşıddırlar, onlar hələ qədim Misirdə, bəlkə də qədim şumerlərin dövründə mövcud olublar.
Müasir siyasi partiyalar daha çox demokratik sistemlərin –quruluşların atributları kimi meydana çıxıblar.
Onlar olmayanda, bir daha deyirik ki, siyasi mübarizə qətiyyən dayanmır. Yox, o, gizli, latent bir forma alır, hətta müxtəlif qruplar şəklində hakimiyyət dəhlizlərinə sirayət edirlər. Müasir formalı siyasi partiyalar yalnız ona görə lazımdır ki, siyasət cəmiyyət və fərdlər üçün açıq formada cərəyan etsin, ona nəzarət etmək, onda iştirak etmək mümkün olsun. Onların cəmiyyət, hətta hakimiyyət üçün də üstünlüyü bundadır. Əks təqdirdə siyasət daha məkrli, hətta təhlükəli məzmun kəsb etməyə, konspiroloji çalarlar almağa, hətta mafiya formasına düşməyə başlayır.
Qərəz, nə gizlədək, müstəqilllik əldə ediləndən bu vaxta qədər çoxpartiyalılıq bizdə daha çox formal xarakter daşıyıb, ondan daha çox siyasi sistemə “bəzək” vurmaq üçün istifadə edilibdir.
Amma bir daha deyirik ki, bütün bunlara rəğmən, siyasi mübarizə bu illər ərzində qətiyyən dayanmayıbdır.
Birincisi, hətta məhdud fəlaiyyət imkanları çərçivəsində belə bəzi müxalifət partiyaları vaxtilə yetərincə siyasi mobillik və fəallıq nümayiş etdirə biliblər.
Xatırlayın, bir neçə illər bundan əvvəl prezident və ya parlament seçkiləri necə gur keçirdi! Bir daha deyirik ki, müəyyən qeyri-demokratik çərçivələrə, müdaxilələrə və məhdudiyyətlərə baxmayaraq müxalifət partiyaları ciddi siyasi mübarizə immitasiya edə bilirdilər.
İkincisi, siyasi partiyalar ətrafındakı sərbəstlik dairələrinin və ya həlqələrinin daralaması heç də o demək deyil ki, bu illər ərzində siyasi mübarizə olmayıbdır. Yox, yada salın, bu illər ərzində nə qədər siyasi fərdlər və qruplar siyasi müstəvidən kənarlaşdırılıblar! Bunların hamısı müxtəlif siyasi qruplaşmaların fəaliyyəti, hətta deyərdik ki, çəkişməsi sayəsində mümkün olubdur...
Sonda onu qeyd edək ki, indiki siyasi islahatlar da, partiyların yeni qanunvericiliyə uyğunlaşdırılıması da çoxpartiyalıq üzərində hansısa bir mənada nöqtə demək olmayacaq. Yox, partiyalar qalacaq - sadəcə, onlar daha qırx-əlli yox, bir qədər az olacaqlar. Amma bununla belə, ölkə tək partiyalılığa doğru daha bir ciddi addım atacaq.
Sonuncunun fəsadları nə vaxtsa özünü göstərəcək, baxmayaraq ki, dünyada hələ də uğurla inkişaf edən təkpartiyalı dövlətlər var. Məsələn, onlardan biri kimi Çini göstərmək olar. Amma, necə deyərlər, hərənin öz qisməti var...
Tarix: 22-04-2023, 10:28
Xəbəri paylaş





Xəbər lenti