İnquş Azadlıq Ordusu yaradıldı: Məqsəd Rusiyadan ayrılmaqdır



 
Rusiyanın İnquşetiya vilayətində milli-azadlıq mübarizəsi aparmaq məqsədilə “İnquş Azadlıq Ordusu” yaradılıb.
 
Ovqat.com-un məlumatına görə, İnquşetiyanın müstəqilliyini tələb edən İnquş Müstəqillik Komitəsinin 21 aprel 2023-cü il tarixində yayılan bəyanatında bu barədə bildirilir.
 
“Uca Allahın xalqımıza bəxş etdiyi öz müqəddəratını təyinetmə və özünümüdafiə hüququna uyğun olaraq İnquş Azadlıq Ordusunun (Galğay Kortamuqalen Eskar) yaradılması qərara alınıb”, - bəyanatda deyilir.
 
Komitə fəalları öz qərarlarını Rusiyanın parçalanması ehtimalı ilə əsaslandırıblar: “Bu qərar Rusiya İmperiyasının çoxəsrlik işğalı nəticəsində inquş xalqının çoxlu qırğınlar törətməsi nəticəsində məruz qaldığı ağır nəticələr kontekstində qəbul edilib. Bu kritik qərar Rusiya elitası ilə cinayətkar Kreml rejimi tərəfindən qurulan hər cür mafiya strukturları arasında qarşıdurmanın qaçılmaz sonucu kimi Rusiya Federasiyasının dağılmasına hazırlıq ehtiyacından irəli gəlir”.
 
Bəyanatda həmçinin bildirilir ki, İnquş Azadlıq Ordusunun yaradılması ölkənin ərazi bütövlüyünü bərpa etmək və sərhədlərini Rusiya peyklərinin mümkün müdaxilələrindən qorumaq məqsədi daşıyır.
 
Müstəqillik tərəfdarları ictimaiyyəti Moskvanın atacağı addımlara qarşı xəbərdar ediblər:
 
“Rusiyanın indiki hökumətinin əvvəllər dəfələrlə olduğu kimi, yenə də xalqımızı aldatmaq və onu yeni avantüralara sürükləmək imkanı var. Biz buna yol verə bilmərik, çünki Rusiya müqavilələrə əməl etmədiyini dəfələrlə göstərib. Keçmişdə hər bir danışıqlar cəhdi xalqımıza vəhşilik və soyqırım kimi geri qayıdıb. İnquş xalqının istənilən təhlükə qarşısında öz hüquq və mənafelərini müdafiə etmək hüququ var və İnquş Azadlıq Ordusunun yaradılması bu məqsədə çatmağın yollarından biridir”.
 
Bəyanatın sonunda İnquş Komitəsinin fəalları bu qərarın uğurlu olacağına ümid etdiklərini bildiriblər:
 
“Bu mübarək Ramazan ayında Uca Allahdan bu çətin işdə bizə kömək olmasını diləyirik. Allah bizlərə haqqı haqq kimi, batili də batil göstərsin. Bizi bu yolda möhkəm saxlasın və düşmənlərimiz üzərində qələbə çalmağı nəsib etsin”.
 
Yayılan digər bəyanatda İnquş Azadlıq Ordusunun bayrağı da təqdim edilib.



 
Məlumata görə, İnquş Müstəqillik Komitəsi inquşların bu il yanvarın 7-də Türkiyədə keçirilən toplantıda yaradılıb. İnquş Müstəqillik Komitəsinin rəsmi Telegram hesabında yayımlanan bəyanatda İnquş xalqının azadlıq və müstəqillik haqqının müdafiə olunacağı açıqlanıb. Komitənin dərc olunmuş məqsədləri arasında müstəqil İnquşetiya dövlətinin yaradılması da var.
 
Komitə rəsmilərinin mətbuata verdiyi açıqlamada rəhbərlik və iştirakçıların adlarının təhlükəsizlik baxımından paylaşılmadığı, Qafqaz diasporu ilə qardaşlıq əsasında əməkdaşlıq edəcəkləri vurğulanıb.
 
Qeyd edək ki, Şimali Qafqazda yaşayan inquşlar çeçen lideri Ramzan Kadırovun Moskva ilə yaxınlığından istifadə edib hərbi cəhətdən gücləndiyini, Rusiyanın dağılacağı təqdirdə onların torpaqlarını ələ keçirəcəyindən narahatdır. Hazırda belə, Moskvadakı əlaqələrindən istifadə edən Ramzan Kadırovun bəzi inquş ərazilərini öz ölkəsinin ərazisinə qatdığı iddia olunur. Görünür, Rusiyanın Ukraynadakı ağır məğlubiyyətindən sonra dağılma prosesinə qədəm qoyacağını proqnozlaşdıran inquşlar indidən müharibə sonrası dövrə hazırlaşmağın vacibliyinə inanırlar və İnquş Azadlıq Ordusunun yaradılması da bu nigaranlıqan qaynaqlanır.



Tarix: 25-04-2023, 12:09
Xəbəri paylaş





Xəbər lenti