Tarixçi professor Xaləddin İbrahimli “AzPolitika.info”ya müsahibəsində Qarabağ ətrafında cərəyan edən proseslər, Rusiya və Qərbin planları, Rusiya-Ukrayna müharibəsinin mümkün nəticələrinin Cənubi Qafqazda hərbi-siyasi duruma təsiri barədə sualları cavablandırıb. Müsahibəni təqdim edirik:-
Bir neçə gün əvvəl Azərbaycan Laçın yolunun girişində Ermənistanla dövlət sərhədinə nəzarəti təmin etdi. Bundan əvvəl isə Ermənistan müvafiq addım ataraq öz ərazisində sərhəd-nəzarət məntəqəsi qurub. Rusiya və Qərb Azərbaycanın bu addımını qınadı, habelə Kreml tələsik Qarabağdakı sülhməramlıların komandanını dəyişib onu daha yüksək rütbəli hərbçi ilə əvəzlədi. Bu hadisələri necə qiymətləndirirsiniz, bundan sonra bölgədə nələr ola bilər?- Sərhədlərə nəzarət etmək Azərbaycan dövlətinin fövqəladə təbii haqqıdır. Sərhəd-nəzarət rejimi başqa qonşu dövlətlərlə necə tənzimlənirsə, Ermənsitanla da eynisi olmalıdır. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan dövləti öz torpaqlarının və əhalisinin təhlükəsizliyini təmin etməli və lazım olan addımları atmalıdır. İndiki addımlar 1991-ci ildə - müstəqilliyimiz bərpa olunduqdan dərhal sonra atılmalı idi. Ancaq Ermənistanın Rusiyanın təhriki və yardımı ilə Azərbaycan torpaqlarını işğal etməsi bu prosesləri gecikdirdi. İndi isə gecikmiş işin başa çatdırılması isqtiqamətində addımlar atılır. Rus silahlı qüvvələrinin bölgədəki komandanının dəyişdirilməsi isə heç nəyi dəyişməyəcək.
-
Sizcə, Qarabağdakı separatçı-cinayətkar rejim və onun silahlı dəstələrinin aqibəti necə olacaq? Bakı bölgənin demilitarizasiyası üçün hansı addımları atmalıdır? Paralel olaraq, Vaşinqtonun, Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqları gedir. Hansısa irəliləyişlər gözləyirsinizmi? Bakı sərhədə nəzarəti təmin etdikdən sonra İrəvan reallıqla barışıb sülh müqaviləsində Qarabağa dair iddialarından geri çəkilə bilərmi?- Bu məsələləri bir-birindən ayırmaqda fayda var. Qarabağdakı qanunsuz silahlı birləşmələrin ləğv edilməsi Rusiya ilə müzakirə olunmalıdır. Bu, ciddi problemdir və Moskvadan tələb olunmalıdır ki, 2020-ci ildə bağlanan üçtərəfli müqavilənin şərtlərini yerinə yetirsin, sülhü qorusun, ona təhdid yaradan qanunsuz silahlı dəstələri ortadan qaldırsın, sonda bölgə silahsızlaşdırılmış bir bölgə olsun. Onu da deyim ki, bu, Azərbaycanın daxili işidir, çünkü proses ölkəmizin ərazisində gedir. Ermənistan dövləti ilə sülh danışıqları isə fərqli məsələdir, xarici siyasətin predmetidir və bu prosesdə aktiv tərəf Qərbdir. Azərbaycan çalışmalıdır ki, Ermənistanla sülh danışıqları ilə Xankəndi arasında korelyasiya qurulmasın, hər iki məsələ ayrı - ayrılıqda həllini tapsın. Ermənsitan da, Qərb də buna cəhd edir və iki ayrı məsələ arasında bağ qurmaq istəyirlər. Paşinyanın siyasətindən də açıq görünür ki, Azərbaycanla Ermənistan arasında sərhəd rejiminin müəyyənləşdirilməsini Xankəndinə hansısa “status” verilməsi ilə bağlamaq istəyir və Qərbi köməyə çağırır. Eyni vaxtda Rusiyanın və İranın köməyindən də imtina etmək istəmir. Qərb Rusiyanın və İranın Ermənistan siyasətini bəyənir. Ancaq eyni zamanda, ipləri onların əlindən alıb öz əlinə keçirmək istəyir
-
Belə bir qənaət hakimdir ki, Rusiya-Ukrayna müharibəsində əhəmiyyətli dönüş olmasa, Cənubi Qafqazda vəziyyət dəyişməyəcək. Yaxın zamanlarda bu istiqamətdə hansısa ciddi dəyişikliklər gözləyirsizmi?- Ukrayna-Rusiya savaşında əhəmiyyətli dönüş olarsa, nə ola bilər? Birincisi, Rusiya qalib gələrsə, Xankəndində və Qafqazın digər bölgələrində daha da güclənəcək. Onun 2025-ci ildə Azərbaycandan çıxması çətinləşəcək. İkincisi, Ukrayna qalib gələrsə, Ermənistana Qərbin təsiri artacaq və Xankəndində işlər daha da çətinləşəcək. Məncə, ən əlverişli vaxt indidir, Azərbaycan hökuməti Xankəndinə tam nəzarəti məhz indi, yəni bu qeyri-müəyyən durumda həyata keçirməli, bu ərazilərdə dövlət suverenliyini təmin etməlidir. Bu cür münasib tarixi fürsətin yaxın zamanlarda bir daha olacağına inanmıram.
-
Rusiya hərbi-siyasi elitasında Ukraynadakı müharibənin dayandırılmasının vacibliyi ilə bağlı rəylər çoxalır. Bu yaxınlarda “Vaqner” rəhbəri Priqojin də belə bir açıqlama ilə çıxış etdi. Ukraynanın gözlənilən əks-hücumundan sonra Kremldə nələr baş verə bilər? Ümumiyyətlə, yaxın dövrdə Rusiya üçün proqnozlarınız nədən ibarətdir?- Rusya məğlub olub. Lakin bu məğlubiyyətin elan olunması, rəsmiləşməsi gecikir. Məncə, Putin və komandası müharibədən çıxmaq və postmüharibə dövründə özlərini qoruya bilmək üçün yollar axtarırlar.
-
Azərbaycanın müttəfiqi Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasının Açılışı oldu. Bu stansiya qardaş ölkəyə nə vəd edir?- “Akkuyu” stansiyası Türkiyənin möhtac olduğu enerji probleminin çözülməsinə müsbət təsir edəcək. Atom enerjisi çox ucuz enerjidir və hələ bir müddət insanlar ondan istifadə etməli olacaq. Dünya nə zaman yayğın şəkildə alternativ enerji istifadəsinə başlasa, digər dövlətlər kimi Türkiyə Cümhuriyyəti də duruma görə hərəkət edəcək.
Tarix: 28-04-2023, 10:13