Makiavellinin sərrast kəlamlarından biri odur ki, hökmdardan qorxsalar yaxşıdır. Kafka isə yazır ki, yuxarıda ölməz dövlət aparatı, aşağıda daimi əzilən kütlə. Beləliklə, dövlət bütün zəmanələrdə "haqlıdır" - onun qərarlarına boyun əymək lazımdır. Çünki dövlətin qərarı təftiş edilə bilməz - plana düşübsə, mülk sahibinin nə deməsindən asılı olmayaraq, söküləcək, xərclər artıbsa, vətəndaşın fikrini soruşmadan nəqliyyatda, kommunalda qiymətlər qaldırılacaq, cərimədirsə, canı çıxıb ödəyəcək, vergi, sığortadırsa, yerin deşiyindən də olsa tapılıb veriləcək...Axı dövlətin qərarıdır, axı dövlət tələb edir?! Lakin dövlətə gəldikdə, vətəndaşa xidmət yoxdur, qanuna gəldikdə, vətəndaş üçün işləmir. Məmur isə qanunu poza, büdcəni talaya bilər, amma həbsdən çıxanda Çovdarov kimi mülkləri özünə mükafat kimi qaytarılacaq, vətəndaşa bu olmaz! Vətəndaşın dövlətə 20 manat cəriməsi qala bilməz, iki gün işıq pulunu gecikdirə bilməz, əks halda elektrik və ya su kəsiləcək.
Və yaxud vətəndaş tikinti şirkətinin qurbanına çevrilir, dələduzluğa görə MTK rəhbəri həbs edilir, dövlət isə buna görə məsuliyyət daşımır. Amma həmin şirkətin sahibinə tikinti üçün ərazi ayıran, şirkəti qeydiyyatdan keçirən, layihəni təsdiqləyən dövlətin qurumlarıdır. Amma fırıldaq ortaya çıxanda dövlət və məmurlar yaxasını kənara çəkir. Yəni məmurlara, qanunlardan istifadə edən vəzifəli şəxslərə hər şey olar, xalqa gələndə cəzalar, cərimələr, tələblər işə düşür. Misal üçün məmur balası avtoxuliqanlıq edib kasıbı öldürə, qısa müddətdə azadlığa çıxa bilər, amma kasıb 200 manat oğurlayanda məhkəmə ən ağır hökmü çıxarır. Bu mənada ölkədə idarəçilikdə ciddi diskriminasiya mövcuddur. Yuxarılar və aşağılar bölgüsü aparmış Azərbaycan hakimiyyəti getdikcə təbəqələşməni dərinləşdirir. Bu da şübhəsiz ki, ciddi gərginlik doğurur. Çünki vətəndaşa gələndə sistem saat kimi, hətta alman maşını kimi işləyir, ondan borcunu qəpiyinə qədər alır, dövlət isə vətəndaşa öz borcunu ödəmək gələndə yada düşmür - pullu xəstəxana, pullu uşaq bağçası, pullu doğum evi, verilməyən uşaq pulu, normal verilməyən və qeydiyyatı işgəncəyə çevrilmiş sosial müavinət, yüksək bank faizləri, ucuzlaşmayan qiymətlər... Yəni mənim dövlətə borcum olanda dövlət super işləyir, dövlətin mənə borcu olanda isə "evdə kimsə tapılmır". Sonra 18 yaşına qədər övladını öz hesabına, dövlətdən bir qəpik belə görmədən böyüdən atanın qapısını döyüb deyirlər ki, oğlun dövlətə xidmət etmək üçün əsgərliyə getməlidir. Bəs dünənə qədər niyə qapımı döymürdün ? Bu 18 ildə bircə dəfə soruşdun ki, bu uşağı necə yetişdirirsiz, geyimini, yeməyini, təhsil xərclərini necə qarşılayırsız ? Ordu, vətən bizimdir, bundan kimsə yayınsın demir, amma insaf dinin yarısıdır. Dövlət özünə lazım olanda qanunlar işə düşür, vətəndaşa lazım olanda isə hər cür axmaq bəhanə tapılır. Ən dəhşətlisi odur ki, qalstuk taxıb xidməti avtomobildə yollarda hamını şütüyüb keçərək işlədiyi nazirliyə tələsən məmurlar oturduqları kabinetdə vətəndaş üçün işləmir. Onların tələsərək yoldan keçib öz kreslosuna tez çatmasının anlamı nədir? Həqiqətən, axı onlar nə iş görürlər? Hansı vacib məsələləri həll edirlər? Öz biznes sahələrində vəziyyətlə maraqlanmaq üçün tələsirlərsə, buna əminliklə inanmaq olar. Amma xalq üçün heç bir iş görmürlər! Ona görə qarşımızda təpədən-dırnağa kimi ədalətsiz sistem mövcuddur. Əgər sistem özünə xidmət edirsə, nazirin qocası ilə cavanı arasında heç bir fərq yoxdur...
Azər Talıbov
Anaxeber.info
Tarix: 1-05-2023, 23:22