“Huseyniyyun dosyesi” əl dəyişir: İran Azərbaycana kimi göndərmək istəyir? - TƏHLİL


İranla Azərbaycan arasındakı qızışmış ritorikanı soyutmaq üçün işlərin getdiyinə dair əlamətlər gözə çarpmaqdadır.
Ən diqqətçəkən informasiyalardan biri “Huseyniyyun dosyesi” üzrə həbs edilənlərin taleyinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaniyə həvalə edilməsi iddiasıdır.
AMTŞ İranın ali siyasət quruculuğunu təşkil edir, Əli Şamxani isə rəsmi Tehranın diplomatiya sahəsində möhkəmlənən fiqurudur.
İranın siyasi spektrində soyuq başlardan biri olan və xarici dövlətlərlə normallaşma tərəfdarı kimi xeyli ağırlığa malik olan Şamxaninin əlinə “Huseyniyyun dosyesi”nin keçməsi onun Tehranın siyasi kanatlarında gəzmək üçün qabiliyyətinin unikallaşdığını göstərir.
Xüsusilə, Şamxaninin İran-Səudiyyə Ərəbistanı barışıq prosesində iştirakından sonra onun digər gərginlikləri azaltmaq yolundakı rolu gündəmə gəlir.
Şamxani İranın ana xəttindən ayrılıb müstəqil siyasət yürütmür, lakin o, ölkəsinin düşdüyü vəziyyəti, geosiyasi cəhətdən mühasirəsinin nəticələrini düzgün analiz edir və problemləri həll etmək üçün təlimatlandırılır.
Şamxani İran siyasi leksikonunda məşhur olan meydan və diplomatiya ifadəsinin vahid obrazı kimi fəaliyyət göstərir.
Ancaq o, “qırmızı xət”lərlə bağlı təlimatları tapdalaya bilməz, çünki meydanın və diplomatiyanın şah damarı ali dini rəhbərin və onun vuran əli olan SEPAH-ın əlindədir.
SEPAH-ın əlindəki “Huseyniyyun dosyesi”nin Şamxaniyə keçməsi İran siyasətində müvəqqəti olaraq Azərbaycanla gərgin münasibətləri aradan qaldırmaq barədə mövqenin üstün olduğunu göstərir.
İranın “Huseyniyyun”un insan kapitalından bir neçə nəfəri qurban verməyə hazır olduğunu göstərməsi də eyni məntiqin davamıdır.
Ancaq İranın hədəfləri uzunmüddətlidir və ona müvəqqəti gedişlər lazımdır, yəni Tehranın Bakıya təminat verməsini gözləmək əbəsdir. O mənada ki, İran ikinci “Huseyniyyun” yaratmaq sevdasına düşə bilər.
Azərbaycan da strateji məqsədlərindən geri çəkilən deyil, hərçənd ki, Tehran “Huseyniyyun” üzvlərini Azərbaycana təhvil verməyin əvəzində Bakı ilə İsrail arasında məsafə yaratmağa çalışa bilər.
Qısası, İranın sakitləşmək istəməsi taktikadan irəli gəlir və rəsmi Tehranın regionla bağlı siyasətini təkzib etmir.
Onsuz da, Azərbaycan-İran münasibətlərinin daimi şəkildə müsbətə doğru dəyişəcəyini gözləmək əbəsdir, bununla belə “Huseyniyyun qovluğu” Şamxaninin əlinə keçibsə, bir neçə versiya yürüdə bilərik.
Birincisi, mümkündür ki, Şamxaninin Azərbaycana səfəri ilə bağlı proqram tərtib edilir. Şamxani Azərbaycana gəlsə və danışıqlar nəticə versə, İran “gəlin barışaq” mesajının davamı kimi jestlər edə bilər.
İkincisi, İranın meydan və diplomatiya harmoniyasının hibridi olan xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın səfəri barədə müzakirələrin getdiyi görünə bilər.
Ümumiyyətlə, Azərbaycanla İran arasındakı buzların əridilməsi cəhdlərinin təhlükəsizlik ölçüləri ilə yanaşı, iqtisadi amillərə söykənən tərəfləri də var. Burada isə beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi üzrə müştərək maraqlara vurğu yerinə düşərdi.
Oxu.az
Aqşin Kərimov



Tarix: 1-05-2023, 23:28
Xəbəri paylaş





Xəbər lenti