Milli Məclis özünü buraxa bilər - YAP-çı deputatdan yeni parlament seçkiləri və referendum ANONSU




Milli Məclisin deputatı Qüdrət Həsənquliyev açıqlamasında bildirib ki, Azərbaycanda bir neçə aydan sonra parlament seçkilərinin keçirilməsi gözlənilir.
"Seçkilər keçirilsə belə, yeni formalaşacaq parlamentin beş il fəaliyyət göstərəcəyini düşünmürəm. Çünki ölkədə köklü Konstitusiya islahatları aparılmalıdır. Biz çatdıra bilmədik, amma referendum keçirilməlidir. Yeni Konstitusiyada da parlamentin rolu artırılmalı, deputatların sayı çoxaldılmalıdır. Deputatların sayını ən azı 151 etmək olar. Hesab edirəm ki, yay aylarında yeni parlamentin formalaşmasından sonra 2025-ci ilin sonlarında və yaxud 2026-ci ilin əvvəlində yeni Konstitusiya qəbul olunmalıdır”, - deyə Q.Həsənquliyev əlavə edib.
Bəs, yayda parlament seçkiləri baş tutacaqmı? Seçki keçiriləcəksə, bunun vaxtından əvvəl keçirilməsinə zərurət yaradan səbəb nədir? Eyni zamanda yeni Konstitusiya qəbul oluna bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu dedi ki, hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini zəruri edir:
"Ancaq noyabrın 3-nə qədər olan dövr ərzində bu nə vaxt, hansı tarixdə baş tutacaq, bununla bağlı heç şübhəsiz ki, qərar parlamentdə qəbul olunacaqdır. Çünki hazırda fəaliyyət göstərən Azərbaycan Respublikasının Milli Məclisi növbədənkənar seçkilər əsasında seçildiyi üçün Konstitusiyaya görə, beş ilin tamamına bir neçə ay qalmış, yəni Konstitusiyada nəzərdə tutulan növbəti parlament seçkilərinin keçirilməsi tarixinə qədər parlamentin özünü buraxması vasitəsilə həyata keçirilə bilər. Göründüyü kimi, bununla bağlı hələ belə bir qərar qəbul edilməyib. İkincisi, yenə hazırkı reallıqlar kontekstində Azərbaycanda Konstitusiya islahatlarının aparılması zərurəti də var. Çünki Azərbaycan çox böyük tarixi nailiyyətlər əldə edibdir, Azərbaycanın ərazisi 20 faiz böyüyübdür, suveren hüquqlarımız Azərbaycanın hər qarışı ərazisində bərpa olunubdur, idarəetmədə yeni çağırışlar yaranıbdır. İdarəetmənin təşkili üçün inzibati rayonlaşdırmada yeni çağırışlar yaranıbdır. Bunların bir qisiminin həyata keçirilməsi üçün də Azərbaycan Respublikası Konstitusiyasında müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıbdır. Ona görə də bu da mümkündür. Amma Konstitusiya islahatlarının aparılması ilə bağlı qərar verən məqam isə Azərbaycanda Azərbaycan Prezidentidir. Dolayısı ilə həm parlament seçkilərinin keçirilməsi, həm Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı referendumun baş tutması mümkündür. Amma bunun hansı tarixdə, nə vaxt baş tutacağı isə dediyimiz kimi, prezidentin qəbul edəcəyi qərardan asılıdır, digəri isə Azərbaycan Respublikasının Parlamentində məsələnin nə vaxt müzakirə olunaraq parlamentin özünü buraxmasından asılıdır".
Deputatın sözlərinə görə, ayrı bir məsələ ondan ibarətdir ki, parlamentin yenidən təşkili üçün, əgər Azərbaycan Respublikasının indiki Konstitusiyasında dəyişikliklər baş verərsə və parlamentlə bağlı maddələrə dəyişiklik edirlərsə, ümumxalq səsverməsində o zaman hazırda növbədənkənar şəkildə seçilmiş Azərbaycan Respublikasının Parlamenti artıq beş ilin tamamında, yəni 2025-ci ilin fevral ayında da yenidən seçilə bilər.
"Ona görə də buradakı ardıcıllıq əhəmiyyətlidir. Əgər şərti olaraq, biz hesab etsək ki, Milli Məclisə seçkilərdən öncə Azərbaycanda Konstitusiyaya əlavələr və dəyişiklik edilməsi ilə bağlı referendum keçiriləcəksə və parlamentin fəaliyyəti ilə bağlı müddəalarda dəyişiklik ediləcəksə, həm də digər dediyimiz o zəruri məsələlərlə birlikdə o zaman Azərbaycandakı parlament seçkiləri artıq 2025-ci ilin fevral ayında da keçirilə bilər. Ona görə də mən düşünürəm ki, alınacaq qərarları gözləmək lazımdır. Bu qərarlar necə olacaqsa, bu iki mühüm hüquqi siyasi hadisənin ardıcıllığı da elə olacaqdır. Yəni əvvəlcə referendum, sonra Milli Məclis seçkiləri, yoxsa əvvəlcə Milli Məclis seçkiləri, sonra Konstitusiya ilə bağlı referendumun keçirilməsi məsələsi", - deyə Hikmət Babaoğlu qeyd etdi.
Tarix: 19-04-2024, 18:37
Xəbəri paylaş





Xəbər lenti