“Ərazisində silahlı terrorçu varsa, Azərbaycan nə etməli idi?!” - HƏQİQƏTƏN DƏ...
Bu həftə ABŞ Konqresinə Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim ediləcəyi iddia olunur. Həftənin son iş günü olmasına baxmayaraq, hələlik layihə ilə bağlı rəsmi məlumat yoxdur. Yayılan məlumata görə, sənədin hazırlanması Qarabağ müharibəsi və Azərbaycanda "hökumətin müxalifətə qarşı sərt repressiyaları"ndan "ciddi narahatlıq"la əlaqəlidir.
Qeyd edək ki, sənəd haqqında bundan əvvəl ötən həftə ABŞ-dakı erməni lobbisinin təşkil etdiyi tədbirdə danışılıb. Sənəddə İkinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərən hərbçilərlə yanaşı, insan haqları üzrə tənqid olunan məhkəmə işlərində qərar verən hakimlərin də adları var. Qanun layihəsində müxalifət liderləri, fəallar, jurnalistlər və hökuməti tənqid edənlərin həbsi barədə də yazılıb.
“Azərbaycanda Sanksiyalara Baxış Aktı” adlandırılan sənəd barədə ilk dəfə ötən həftə konqresmen Dina Titus Konqresdə "erməni soyqırımı”nın anım mərasimindəki çıxışında bəhs edib. Tədbir erməni diaspor təşkilatı Amerika Erməni Milli Komitəsinin (ANCA) dəstəyilə keçirilib. Dina Titus və onun başçılıq etdiyi ikipartiyalı və ikipalatalı qanunvericilər qrupu sənədin müəllifidir.
Titus çıxışında deyib ki, “2024 Azərbaycanda Sanksiyalara Baxış Aktı”nı bu həftə təqdim etməyi planlaşdırır.
ANCA-nın saytında Dina Titusun lobbiçilik fəaliyyəti barədə təfərrüatlı məlumatlar var. Belə ki, sənəd qəbul edilərsə, Azərbaycanda yüksək vəzifə tutan 41 şəxsə, o cümlədən hərbçilər, hakimlər, müstəntiqlər və digərlərinə sanksiya tətbiq edilə bilər. Onlar qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan" şəxslər kimi səciyyələndirilib.
Sənəddə, həmçinin Azərbaycanda həbsdə saxlanan ermənilərin "hüquqlarının pozulduğu" bildirilir.
Azərbaycan ictimaiyyəti tərəfindən belə bir sənəd birmənalı qarşılanmır və əksəriyyət bunu “absurd” sayır. Çünki sözügedən sənəddə Azərbaycan Ordusunda xidmət edən elə şəxslərin adları var ki, onları insan haqlarını pozmaqda günahlandırmaq, ittiham etmək gülünc göründüyü qədər də əsassızdır. Azərbaycan ərazilərinin işğaldan azad edilməsində iştirak etmiş, qəhrəmanlıq göstərmiş şəxslərin adlarının bu siyahıda olması Titusun layihəni qərəzli, ermənilərin təsiri altında hazırladığından xəbər verir.
Mövzu ilə bağlı AYNA-ya danışan “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, insan haqları məsələsi, insan haqlarının pozulmasına görə sanksiyalar məsələsi son vaxtlar təəssüf ki, siyasi təzyiq vasitəsi kimi istifadə olunur:
- Qarşılıqlı münasibətlərdə müəyyən problemlər yarananda insan haqları məsələsi gündəmə gətirilir, yada düşür. İllər boyu hesabatlar aparılıb, beynəlxalq təşkilatlar illik, aralıq hesabatlar hazırlayıb, ABŞ Dövlət Departamentinə, digər demokratik ölkələrin hökumətlərinə təqdim edib. Azərbaycanda insan haqları ilə bağlı problem yeni deyil, bu, çoxdanın məsələsidir. Maraqlıdır ki, əgər insan haqları ilə bağlı problem çoxdanın məsələsidirsə, indi niyə gündəmə gətirilir? Layihə ilə bağlı siyahıda elə adlar var ki, bu, ABŞ Konqresinin bu məsələdə səmimiliyinə şübhə yaranır.
- Məsələn, Azərbaycan xalqının böyük hörmət etdiyi, ərazilərimizin işğaldan azad edilməsində qəhrəmanlıq göstərmiş general-leytenant Hikmət Mirzəyevin adı da sanksiya tətbiq etmək istədikləri şəxslər siyahısına daxil edilib...
- Mənim də demək istədiyim budur. Azərbaycanda insan haqları ilə bağlı məsələyə ermənilərin Qarabağdan “etnik təmizləmə” məsələsini qoşmaq doğru deyil. Bu, Azərbaycan ictimai rəyində bu layihəyə qarşı neqativ fikir formalaşdırmaqdır və kökündən yanlış yanaşmadır. Ümid edirəm ki, məqsədli yanlış deyil, amma inanmıram.
Dünyada elə bir dövlət yoxdur ki, ərazisindəki separatçılığa qarşı mübarizə aparmasın. Məsələn, İspaniyada basklar heç silahlı müqavimət də göstərmirdilər, amma onları terrorçu elan etdilər. Azərbaycan öz ərazisində silahlı erməni terrorçularına qarşı mübarizə aparıb. Ərazisində silahlı terrorçu varsa, Azərbaycan nə etməli idi?! Ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın hüququ idi ki, bundan da istifadə edilib. İndi bunu insan haqları məsələsi ilə qarışdırmaq olmaz. Azərbaycanda insan hüquqlarının pozulmasını əsas gətirərək torpaqların işğaldan azad olunmasında iştirak etmiş hərbçiləri sanksiyalara məruz qoymaq Azərbaycan xalqına qarşı atılmış addımdır.
- Hansı mənada?
- O mənada ki, bu, Azərbaycan xalqının hüquqlarının qorunmasına yönəlik addım yox, əksinədir. Məsələn, siyahıda adı olan general-leytenant Hikmət Mirzəyev Azərbaycan Ordusunda, bəlkə də, yeganə generaldır ki, Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır. Belə olan halda sanksiya altına almaq istədikləri şəxsin kimliyinə baxmırlar? Bu, xalqa xidmətdir, yoxsa əksinə? Cəmiyyət Tərtər cinayəti ilə bağlı olan adları burada görsəydi, o zaman layihənin səmimiliyinə inanmaq olardı.
- Yaxud da, siyahıda adı olan prokurorluq işçiləri Bakıda həbsdə olan erməni separatçılarının işini araşdıran məmurlardır. Niyə məhz onlar?
- Çünki qanun layihəsinin təşəbbüskarlarından biri olan Dina Titus sənədi ANCA-nın vasitəsilə təqdim edib. Bu da bəllidir, ANCA ermənilərin Amerikadakı əsas lobbi təşkilatıdır. Qarşıdan seçkilər gəlir, konqresmenlərin dəstəyə ehtiyacı var. Görünür, orada bir neçə konqresmenə imza atdırıblar, belə bir layihəni təqdim ediblər. Yəni, bununla belə çıxır ki, layihə Azərbaycanda insan haqları ilə bağlı yox, erməni təəssübkeşliyi əsasında hazırlanıb.
Baxın, İkinci Dünya müharibəsindən bu yana, son 80 ildə ən az mülki itkilər İkinci Qarabağ müharibəsində olub. Ermənistanın verdiyi rəsmi məlumata əsasən, 45 mülki şəxs həlak olub. Azərbaycan tərəfdə ölən mülkilərin sayı bundan iki dəfə çoxdur. Və bu gün Bakıda həbsxanada olan yaramaz Arayik Arutunyan özü bildirmişdi ki, Gəncəni, Bərdəni raketlə vurmaq onun əmri ilə icra edilib. İndi sual olunur: həmin konqresmenlər mülki insanların ölümünü insan haqlarının pozulması sayırlarmı? Ümumiyyətlə, inanmıram ki, belə bir layihənin qəbulu ABŞ-ın xeyirinədir, ABŞ-a lazımdır.
- O zaman kimə lazımdır?
- Bəllidir ki, təşəbbüskar ANCA-dır. Bu gün ABŞ-da yaşayan keçmiş “KKB” generalı, “KKB”-nin fəaliyyəti haqqında kitab yazmış general Oleq Kaluqin bildirir ki, dünyada fəaliyyət göstərən bütün erməni təşkilatları və icmaları rus “KKB”-sinin çətiri altındadır. İndi sual olunur: Azərbaycan Ordusuna, onun hərbçilərinə qarşı cinayət törətmiş Müdafiə Nazirliyinin, Hərbi Prokurorluğun bəzi məsul şəxslərinin adları niyə sanksiya siyahısında yoxdur? Bu, təsadüfdür? Yox, təsadüf deyil! Soruşula bilər ki: “Rusiya o qədər güclüdür ki, ABŞ Konqresində qanun qəbul etdirsin?”. Unutmayaq, Rusiya 2016-ci ildə ABŞ-da prezident seçkilərində Donald Trampı qalib etdirdi. Həmin şəxs də yenidən ABŞ Prezidenti olmağa hazırlaşır. Ona görə də, ehtimal edirəm ki, Azərbaycanla bağlı bu qanun layihəsində Rusiya “əli” var.