Uçuq-sökük yataqxanada təmir də işə yaramır. Sumqayıt şəhəri, AZNDSU-nun 2 saylı yataqxanasının sakinlərinin çoxu köçürülüb. 10 ailənin yaşadığı bu yataqxanın xeyli sayda da “dəvətsiz qonaqları” olur. Ailələrdən 3-ü məcburi köçkün, digərləri yerli sakinlərdir. Həyatları üçün təhlükəli olan binada maddi imkansızlıqdan yaşadıqlarını deyirlər. Köçürülməyən bina sakinlərinin problemləri də müxtəlifdir. Məcburi köçkün Kəmalə Xudaverdiyevaya deyilib ki, nikahda olduğu üçün ona ev verilməyəcək. Məhkumluq həyatı yaşamış İmamverdi Allahverdiyev hətta iş tapa bilmir. Sakinlərin aqibəti ilə bağlı aidiyyatı qurumlara müraciət etdik. Sumqayıt Şəhər İcra Hakimiyyətindən yerli sakinlərin vəziyyətinin necə olacağı barədə məlumat almaq mümkün olmadı. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirdilər ki, sakinlərin bəzilərinin məcburi köçkün statusu yoxdur, adlarına “çıxarış” var, yaxud işğaldan azad edilmiş ərazidəndir. Bu səbəbdən də həmin ailələr yeni mənzillə təmin edilməyib.