Azərbaycanda arvadlar ərlərini niyə döyür? - Müzakirə...

 


“Əslində, düşünürdüm ki, nə əcəb media bu məsələyə toxunmur. Çünki qadının kişiyə şiddəti az rast gəlinən hadisədir. Qadının ərini döyməsini artıq daxili aqressiyanın partlaması kimi qiymətləndirə bilərik”.

Bu fikirləri “Yeni Müsavat”a psixoloq Fərqanə Mehmanqızı ötən həftə Abşeron rayonu, Hökməli qəsəbəsində qadının öz ərini döyməsi haqda danışarkən açıqladı. Xanım psixoloq hesab edir ki, ailədaxili şiddət həmişə olur: “Sadəcə, bu gün sosial şəbəkə şərait yaradır ki, tez məlumatlanırıq. Qadınların kişilərə fiziki və psixoloji şiddəti müqayisədə azdır. Amma qadınlar kişilərə həmişə psixoloji təzyiq edirlər. Çünki xanımlar emosional olurlar, ona görə psixoloji təzyiq göstərirlər”.

F.Mehmanqızı düşünür ki, qadınların aqressivliyinin səbəbkarı da yenə kişilərdir: “Evdə xanımı bu həddə kişi çatdırır. Qadın zərifdir, fiziki gücü o qədər deyil ki, ərini döyə bilsin. Amma kişinin davranışları onu fiziki addım atmağa məcbur edir, hansısa əşyanı onun üstünə atır, vurur. Çox əfsuslar olsun ki, Azərbaycan qadını bu gün bu cür xəbərlərlə də tanınır”.

Psixoloq sosial şəbəkə müstəvisində kişi-qadın mübahisələri olduğunu da vurğuladı: “Daxili aqressiya partlayıb və özünü hərtərəfli büruzə verir, boşanmalar artır”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, kişilərin zorakılığa məruz qalması ilə bağlı müraciətləri nadir hallarda olur: “Biz qadınlara yardım edirik, onlara sığınacaq veririk. Amma bu gün (dünən - E.S) bir nəfər zəng eləmişdi, sığınacaq istəyirdi. Səbəbini bilmədim, amma biz kişilərə sığınacaq vermirik. Ötən il isə bir qadın ərinin maşınının şüşələri sındırmışdı. Sadəcə, o kişinin hərəkətlərində də manipulyasiya var idi. Biz insanlarla ünsiyyətdən bilirik ki, kim sui-istifadə edir, kim zorakılığa məruz qalıb... Görünür ki, qadını o həddə çatdırıb maşının şüşəsini qırıb.

Bir sıra hallarda alkoqoldan asılı kişilərin qadını tərəfindən təzyiqə məruz qalması faktları qeydə alınır. Bu da ondan irəli gəlir ki, kişi özünü idarə edə bilmir. Hökməlidəki hadisə də manipulyasiya ola bilər”.

M.Zeynalovanın sözlərinə görə, məsələ kişi və ya qadının zorakılıqla üzləşməsində deyil, qanun qarşısında qorxmaqdadır: “Qadın polisə şikayət edir, uşaqlar da ifadələrində ananın sözlərini təkrarlayırlar. Kişi artıq cəzalanmağın qorxusundan tabe olur. Lakin bəzi hallarda qadınlar kişini zorakılığa vadar edir”.

Hüquq müdafiəçisi qadın zorakılığını üç cür təsnifatlaşdırıb: “Bir var qadın zorakılıq olmayan mühitdən zorakı mühitə düşür, o zaman qurbana çevrilir.

Bir var zorakılıq mühitindən qeyri-zorakı mühitə düşür, bu zaman onun bədəni təzyiqə öyrəşib, bir növ normadır. Yəni, ata, qardaş evdə onu döyüb, alçaldır. Zorakılıq mühitindən zorakılığa düşənlər daha ağır vəziyyətlə üzləşir. Onlar ağır depressiya keçirir, xəstəlik tapır. Yəni davranış modelləri fərqli olur”.

Qeyd edək ki, sözügedən hadisə Hökməli qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Kiçikbəyov Rüfət Hacıbala oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb.

O, ailə üzvləri tərəfindən xəstəxanaya gətirilib. Həkimlər xəstəni aidiyyati üzrə müayinəyə götürüb və xəsarət alan şəxsə qapalı kəllə-beyin travması diaqnozu qoyublar.

Yeri gəlmişkən, Azərbaycanda qadınların hüquqlarının müdafiəsi ilə bağlı 50-dən çox təşkilat var. Amma kişilərin hüquqlarının qorunması ilə bağlı bir quruma rast gəlməmişik. Psixoloqlar isə hesab edirlər ki, dünyada, həmçinin bizim ölkəmizdə də fiziki olmasa da, mənəvi zorakılığa məruz qalan kifayət qədər kişi var.

Xüsusilə müsəlman ölkələrində yaşayan kişilərin bununla bağlı nəinki psixoloqa, hətta dostlarına belə danışması mümkünsüzdür. Çünki bu cür kişilər cəmiyyətin qınağından qorxurlar. Amma bu o demək deyil ki, kişilər zorakılığa məruz qalmır. Bəlkə də intihar edənlər arasında kişilərin sayının daha çox olması bununla bağlıdır.

Psixoloqların fikrincə, qadın və kişi zorakılığının baş verməsi ailə üzvləri arasındakı anlaşılmazlıq, kişi və qadının qarşı-qarşıya oturub söhbət edə bilməməsi, yaxud ümumiyyətlə, xarakterlərinin tutmaması, qısqanclıq və s. ilə bağlıdır.
 
Tarix: 6-08-2019, 09:28
Xəbəri paylaş





Xəbər lenti