Komitənin sədri Rövşən Rzayev ittiham olunurHörmətli cənab Prezident!Arayış üçün üçüncü dəfə bildiririk ki, biz Şuşa qaçqınlarıyıq. Hamımıza bəllidir ki, 1992-ci ilin may ayının 8-də Şuşanın süqutundan sonra qaçqınlıq həyatı yaşayırıq. Ötən illər ərzində çox əzablı, işgəncəli günlər yaşamışıq. Üzləşdiyimiz çətinliklər barədə saatlarla danışmaq mümkündür. Lakin çətin günlərimiz artıq arxada qalıb. Hazırda Bərdə rayonunda məskunlaşmışıq. Ölkə başçısı olaraq üçüncü dəfə ünvanınıza üz tutmağımızı qaçılmaz edən neçə müddətdir qaçqın olaraq dövlətin bizə verdiyi “çörək pulu” kimi tanınan müavinətin dayandırılmasıdır. Sızan məlumatlarda qeyri rəsmi də olsa belə bir səbəb göstərilir ki, guya adımızda mülk mövcuddur. Halbuki quru canımızdan savayı heç nəyimiz yoxdur. Əksinə külli miqdarda borcumuz var. Bununla əlaqədar aidiyyəti orqanlara çox müraciətlər gödəririk amma heç bir müsbət nəticəyə nail ola bilmirik. Bu ilin iyul ayının əvvəllərində son şikayətimizi ölkə başçısı olaraq Cənab Prezident Sizə, Baş nazir Novruz Məmmədova, Qaçqınlarla və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə göndərmişik. Təəccüb təsiri bəxş edən cəhət budur ki, bu günə qədər heç kimdən səs-səmir çıxmır, ərizəmizə çox laqeyd, etinasız yanaşırlar.
Bütün bunlar da belə deməyə əsas verir ki, bu gün Azərbaycanda vətəndaşların ərizə, şikayət və təkliflərinə baxılması iflic vəziyyətindədir.
Biz ilk növbədə qaçqınların problemləri, işləri ilə bilavasitə məşğul olan komitənin sədri Rövşən Rzayevdən soruşmaq istəyirik:
Cənab Rzayev, zəhmət olmasa deyin görək, nəyə görə bizim müraciətlərimizə cavab vermirsiniz? Qaçqınlıqdan da ağır dərd varmı? Şuşa həsrəti onsuz da bizi vaxtından xeyli əvvəl qocaltmış, belimizi bükmüş, qamətimizi əymişdir. Bu yaman günlərimizdə bizə həyan durmaq əvəzinə dövlətin bizə verdiyi dilənçi sədəqəsini də bizə çox görürsünüz? Qaçqın problemi ilə məşğul olmaq, cənab sədr nə müdafiə nazirinin səlahiyyətlərinə aiddir, nə də Səhiyyə Nazirinin. Bütün bunlar məhz Sizin işinizdir və qeyd edilənləri icra etmək birbaşa vəzifə borcunuzdur.
Düzdür, bizim iddia etdiyimiz çörək pulu çox da böyük məbləğ deyil. Lakin bizim üçün böyük maliyyə dayağıdır.
Hörmətli cənab Prezident, xüsusi qeyd etmək istəyirik ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində şəxsən tərəfinizdən mümkün olduğundan da artıq işlər görülmüşdür. Bütün bunları görməmək və görüb dəyərləndirməmək ən azından nadanlıq ola bilər.
Hörmətli İlham müəllim, heç bir əsas olmadan neçə müddətdir bizə verilən “çörək pulu” müavinətinin dayandırılmasının səbəblərinin araşdırılmasını, yenidən bərpa edilməsini və verilməyən müddətin də pulunun ödənilməsinə xüsusi göstəriş verməyinizi səmimi qəlbən xahiş edirik!
Səmimi hörmətlə Şuşa qaçqınları adındanTaleh Nəsirov
Tarix: 19-08-2019, 20:48