“Bizim universitetlər müasir dövrün tendensiyalarından kənarda qalırlar”.
Siam.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında dünya universitetlərinin yeni reytinq siyahısında Azərbaycandan heç bir ali məktəbin yer almamasına münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib.
Şanxay Reytinq Konsultasiya şirkəti bir neçə gün əvvəl “Dünya Universitetlərinin 2019 Akademik Reytinqi”ni açıqlayıb. 2003-cü ildən bəri şəffaf metodologiya və obyektiv üçüncü tərəflərin məlumatları əsasında, hər il dünyanın ən yaxşı 500 universitetini təqdim edən şirkət bu il reytinq siyahısına 1000 universitetin adını daxil edib. Açıqlanan siyahıya bu sahədə liderliyini 17 ildir əldən verməyən Harvard Universiteti başçılıq edir. Stanford Universiteti ilə Kembric Universiteti isə siyahıda 2-ci və 3-cü yerləri tutublar.
Acınacaqlı haldır ki, Türkiyənin İstanbul, İranın Tehran və Təbriz universitetlərinin yer aldığı siyahıda Azərbaycanın heç bir ali təhsil müəssisəsinin adı yoxdur.
Azərbaycan universitetlərinin bu arzuedilməz ənənəni davam etdirərək, dünya reytinq sıralamalarından kənarda qalmasının səbəblərini Yenicag.az-a şərh edən təhsil eksperti Kamran Əsədov bunu “biabırçılıq” adlandırıb:
“Çox təəssüf ki, əksər rektorlar rəhbərlik etdikləri universitetlərin beynəlxalq miqyasda tanınmasında maraqlı deyil. Əgər universitetlər dövlət büdcəsindən maliyyələşməyib, öz gəlirləri hesabına dolansa, gələcəkdə nüfuz qazana bilərlər. Qeyd etdiyim kimi, dünyanın nüfuzlu agentlikləri dünya universitetlərinin reytinqini hazırlayarkən, bir neçə meyarı – akademik aləmdən olan ekspertlərin rəyini, professor-müəllim heyəti ilə tələbələrin sayı arasındakı nisbəti, işəgötürənlərin reputasiyasını, sitat gətirilmə indeksini, həmçinin xarici müəllim və tələbələrin iştirak payını əsas götürürlər.
Artıq müasir dövrün ali məktəbi, çağdaş universitet tendensiyası, yeni çağırışlar olduqca fərqlidir. Dünyanın əksər universitetləri özləri pul qazanaraq, böyük büdcəyə malik olurlar. Bizim universitetlər isə bu tendensiyalardan kənarda qalır. Bu çatışmazlıqları aradan qaldırmaq üçün ali təhsil pilləsində ciddi islahatlar həyata keçirilməli, müasir təhsilin tələblərini bilən, qlobal trendləri müntəzəm izləyən kadrlar idarəetməyə cəlb olunmalıdırlar”.
Siam.az