“Toyxanalar insanların tədricən və qəfil zəhərləndiyi yerlərdir. Burda qayda-qanun yaratmaq üçün AQTA ciddi iş aparmalıdır.”
Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov son zamanlar toylarımızda baş verən zəhərlənmə hadisələri haqda danışarkən deyib. Ekspert bunun üçün cəld reaksiya mexanizminin yaradılmasının vacibliyini vurğulayıb:
“AQTA-nın toylardakı problemi həll etmək fəaliyyəti demək olar ki, sıfra bərabərdir, çünki toylarda iş başlayanda onların işçiləri evdə oturub çay içməklə məşğul olurlar. Bununla yanaşı, cəld reaksiya mexanizmi yoxdur və ona görə də toylarımızda problemlər yaşanır. Toyxanalar insanların tədricən və qəfil zəhərləndiyi yerlərdir. Burda qayda-qanun yaratmaq üçün AQTA ciddi iş aparmalıdır. AQTA yaranan gündən onlara təklif vermişik ki, cəld reaksiya mexanizmi yaradılmalıdır, yəni ölkənin istənilən yerindən qidayla bağlı xəbər gələndə dərhal tədbir görülməlidir, amma onlar bu günə kimi bu mexanizmi yaratmayıblar. Bundan əlavə malların geri çağırılması mexanizmi olmalıdır, amma təəssüflər olsun ki, bu da yoxdur. Ona görə də bunlar olmadığı halda Azərbaycan istehlakçıları tədrici və qəfil zəhərlənmənin qurbanına çevirililər və bu hələ də davam edir”.
Ekspert yarımçıq qalan küçə kəsim məntələrinin fəaliyyətindən də danışıb:
“Bütün bunların səbəbi odur ki, AQTA ictimaiyyətlə işləyə bilmir. Bazarın aksiomi tələb və təklifdir. Tələb varsa, təklif mütləq olacaqdır. Sovet hökuməti yetmiş il kubinkada cins şalvar satışının qarşısını ala bilmədi, çünki tələb var idi. İnsanların mağazalarda satılan ətlərə də inamları yoxdur, çünki bilirlər ki, at ətini də gətirib orda sata bilərlər. Onlar elə bir şəffaf iş görməlidir ki, insanların inamı olsun, küçədə kəsilən ətlərə tələb yaranmasın. Azad İstehlakçılar Birliyi onların gördüyü işi təbliğ etmək üçün müraciətlər edib, amma onlar ictimaiyyətlə heç bir iş görmək istəməyiblər. Biz Nazirlər Kabinetinə demişik ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində kollegiya var və onların tərkibində Azad İstehlakçılar Birliyinin təmsil olunmasını təşkil etsinlər ki, şəffaflıq olsun, amma onlar bunu istəməyiblər. Ora kütləvi informasiya vasitələrinin nümayəndələrindən də bir nəfərinin təmsil olunmasını tövsiyə etmişik, amma bütün təkliflərimizə yox cavabı almışıq”.