Azərbaycan ərazisində yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar. Onlardan biri də memarlıqdır. Elə Azərbaycan memarlığı tarixində xüsusi yer olan, memarlıq obrazının orijinal xüsusiyyətlərini özündə bu günümüzə qədər qoruyub saxlayan abidələrdən biri də (Mərəzə) indiki Qobustan şəhəri ərazisində yerləşən, (hicri 805) 1402-ci ildə inşa edilən Şirvan-Abşeron memarlıq məktəbinin gözəl nümunələrindən olan “Diribaba” türbəsidir.
Yolumuzu bu məkandan salarkən gözlədiyimiz mənzərə ilə qarşılaşdıq. Orada olduğumuz bir neçə saat ərzində əraziyə turist axınının çoxluğunu müşahidə etdim. Demək olar ki, gələn turistlərin ardı-arası kəsilmirdi. Kənardan müşahidə isə tamam fərqli mənzərə ortaya çıxardı.
Əslində turistlərin bura daha çox maraq göstərməsi sevindirici idi. Lakin acınacaqlı olan tərəfi isə o oldu ki, kənardan abidəyə baxanların “nə üçün belə baxımsızdır” fikirləri səslənirdi.
Əminəm ki, mənim kimi bir çoxlarınız da eyni fikirdə olacaqsınız.
Türbə digər abidələrimiz kimi çox orijinal bir üslubda inşa edilib.
Ətrafında bir neçə mağaralar və qədim məzarlıq da var. Hansı ki, rəvayətə görə, bu mağaralar vasitəsi ilə yeraltı keçidin taa Bakıya qədər uzandığını deyirlər.
Məzarlıqda isə katakomba tipli küp qəbirlərə də rast gəlinir. Abidə ilə bağlı diqqətimi çəkən bu idi ki, üzərində yazılı bir lövhə asılıb. Burada türbənin adı, tarixi və lövhənin sonunda isə “Abidə Dövlət Tərəfindən Qorunur”
Bu abidəyə kənardan diqqətlə baxarkən harasının qorunduğunu başa düşmədim. Hədsiz baxımsız qalan məbədə qarşısındakı pilləkənlər uçuq-sökük vəziyyətdədir. Məbədin ətrafı da eyni vəziyyətdədir. İçərisində isə ikinci mərtəbədə yerləşən otaqda məbəd sanki qayadan ayrılmış bu dəqiqə qopub düşəcək kimi idi.
Bir sözlə çox acınacaqlı hal idi.
Mədəniyyət Nazirliyimizin mədəniyyətsiz formada qoruduğu bu abidəmizin nə üçün bu halda olduğunu ora ziyarətə gələn turistlərdə anlamırdı. Heyranlıqla izlədikləri abidənin dağılma təhlükəsi turistləri narahat etdiyi halda Mədəniyyət Nazirliyimizi də narahat edirmi görəsən?
Bizi isə narahat edir. Çünki, zaman-zaman müxtəlif yollarlara ata-baba torpaqlarımızı bizdən qoparıb alan mənfur ermənilər bu gün bizim sahib çıxmadığımız tariximizə, abidələrimizə göz dikirlər. Onları özününküləşdirərək, sahiblənirlər.
Dünya ictimaiyyətinə öz abidələri kimi təqdim edirlər. Nə üçün? Buna misal, Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən Bağlıpəyə kəndindən aşağı, bir sözlə Tərtər çayının sahilində, Xudavəng Monast Kompleksini göstərmək yerinə düşər.
Qısaca məlumat verim ki,(1214) Vl-Vll əsrlərdə Alban knyazı tərəfindən tikilən bu monastr sonralar Alban hökmdarı Həsən Cəlal (1215-1261 Xçın knyazı), tərəfindən əsaslı bərpa olunub. Burada Həsən Cəlalın arvadı Minə Xatun dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş (Qafqaz Albaniyası tarixşünaslığının və mədəniyyətinin tanınmış nümayəndələrindən biri. O məhşur Qanunnamənin, Alban salnamələrinin və yeganə aqioqrafik əsəri olan Gəncəli Xosrovun əzablı həyatı əsərinin müəllifidir.) bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Binanın divarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Amma təəssüflə qeyd edim ki, Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixi saxtalaşdırmağa çalışmışlar. Abidə dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Ermənilər yenə də başqa vasitələrdən istifadə edərək xaricdə göstərdikləri kino-filmlərdə çox ustalıqla Alban abidəsini erməni kilsəsi kimi təqdim edir və ulu Artsakın maddi-mədəniyyət abidəsinin türklər tərəfindən dağıdılması haqqında dünya ictimaiyyətinə saxta tarixi məlumatlar çatdırırlar…Elə bu ilin fevral ayında abidənin yenidən restavrasiya olunduğu məlum oldu.
Hazırda da kompleksi ziyarətə gələn ermənilər və xarici turistlər var ki, onlara da bu abidəni erməni kilsəsi olaraq tanıdan məlumat lövhələri asılıb.(şəkillərə bax.) Ümid edirəm ki, Mədəniyyət Nazirliyimiz maddi-mədəniyyət nümunələrimizi göz bəbəyi kimi qoruyacaq..Tariximizin silinməsinə belə göz yumulmamalıdır ki, mənfur düşmənlərimiz də bizim olanı özününkü kimi təqdim edə bilməsin. Biz daim ermənilərin həm maddi-mədəni, həm də də torpaq iddiaları qarşısında geri çəkilmişik. Onlar Azərbaycana qarşı mənimsəmə siyasətini təkcə torpaq məsələsində deyil, bütün cəbhələrdə aparırlar. Biz bu düşünülmüş erməni siyasətinin qarşısını almaq üçün öz dəyərlərimizə – abidələrimizə, musiqimizə, mətbəximizə sahib çıxmağı bacarmalıyıq. Nə qədər ki, onları qorumağı bacarmasaq mətbəximizin, musiqimizin, abidələrimizin ən gözəl nümunələrini ermənilərə bəxş edə-edə onların “qədim xalq” obrazı yaratmalarına dolayısı ilə yardım etmiş oluruq.
Tariximizə vaxtında sahib çıxmağı bacaraq.//Gununsesi.org//