5 manatlıq tibbi sığortadan nə gözləyirik?


5 manatlıq tibbi sığortadan nə gözləyirik?

Nizami Mənsimov: “Həkimin haqqı ödənmirsə, bunda heç bir müəssisə maraqlı olmayacaq”

Əhalinin səbirlə gözlədiyi icbari tibbi sığortanın tətbiqinə 2020-ci ildən start veriləcək. Amma gələn il üçün nəzərdə tutulan xidmət barədə fikirlər birmənalı deyil. Müstəqil ekspertlər Azərbaycanda seçilən icbari tibbi sığorta modelinin uğursuz olduğunu hesab edirlər. Buna görə də sözügedən sığortadan gözləntilər heç də böyük deyil.

Maraqlıdır, icbari tibbi sığortaya özəl xəstəxanalar da qoşulacaqmı?

“Kasko.az” online sığorta platformasının təsisçisi Nizami Mənsimov “Cümhuriyət” qəzetinə bildirib ki, icbari tibbi sığorta paketində 400-ə yaxın xidmət növü var: 

“Bu xidmətləri həmin icbari tibbi sığortaya qoşulan dövlət və özəl xəstəxanalar həyata keçirməlidirlər. Şərtə görə, hansı klinika icbari tibbi sığortaya qoşulursa, onun idarəetməsini İcbari Sığorta Bürosu həyata keçirir. İcbari Sığorta Bürosu xəstəxananın bütün işlərinə nəzarət edir, işçilərin əməkhaqqıların verir və s. Məlumdur ki, özəl klinikaların heç biri razı olmaz ki, onu İcbari Sığorta Bürosu idarə etsin. 400-ə yaxın xidmətin hər biri üçün 5 manat müəyyən olunub. Özəl və dövlət klinikaların heç biri buna razı olmayacaq. Çünki növbəti ildən əhali kütləvi şəkildə sığorta olunacaq, hətta dövlət klinikalarının həkimləri belə, 5 manata xidmət göstərməyə maraqlı olmayacaq”.

Ekspert onu da əlavə edib ki, Azərbaycanda tətbiqi gözlənilən icbari tibbi sığorta xaricdə işləməyəcək: 

“Qanunvericiliklə bütün icbari sığortalar ölkə ərazisində nəzərdə tutulub. Xaricə aid olması üçün vətəndaş səfər etməzdən əvvəl istənilən sığorta şirkətinə yaxınlaşıb səyahət sığortası etdirir. Səyahət zamanı yarana biləcək bütün növ sığorta hadisələrinin xərcini sığorta şirkəti ödəyir”.

Nizami Mənsimov qeyd edib ki, əhalinin əsasən aztəminatlı təbəqəsi tibbi xidmətlərdən yaxşı yararlana bilmir: 

“İcbari tibbi sığorta əsasən aztəminatlı əhali üçün stimullaşdırılır. Həkimlərin və xəstəxanaların maraqlı olması üçün yaxşı olar ki, xidmətlərin qiyməti baha olsun. Məsələn, 5 manata göstərilən xidmət 20 və ya 40 manat müəyyənləşdirilsin. Bu halda da, sığorta haqqı artmalıdır. Əslində, dünyanın heç bir yerində belə bir hal yoxdur. Həkimə müraciət edib normal xidmət alırsan və normal da pulunu ödəyirsən. Həkim maraqlı olmasa, öz işinin arxasınca getməz. Qiymət tənzimlənməsi olmalıdır, bu halda da, sığorta haqqı artacaq. Sığorta haqqı artanda da ölkənin bütün təbəqəsini əhatə etməyəcək. Ümumiyyətlə, icbari tibbi sığortanın işlək mexanizmi olmayacaq. Əgər həkimin haqqı ödənmirsə, bunda heç bir müəssisə maraqlı olmayacaq. Heç kim istəməz ki, kimsə onun şəxsi mülkünə və ya qazandığı pula nəzarət etsin. Normal bazar iqtisadiyyatında buna heç kim müdaxilə edə bilməz, sahibkarların maraqları qorunur. Qanunla sahibkarın marağının qorunduğu yerdə dövlət məcburi müdaxilə edə bilməz”.

Mütəxəssis hesab edir ki, icbari tibbi sığortanın tətbiqi dövlətin sığorta yükünü artırır: 

“İcbari tibbi sığortanın tətbiqinə özəl sığorta şirkətlərinin qoşulması ideya olaraq humanist bir addım sayıla bilərdi. Amma əməldə bu sistemin baş-ayaq olduğunu görürük. Yəni burada müsbət bir şey yoxdur. Özəl sığorta şirkətləri bilir ki, bir müştərinin tibbi sığortası nə qədər vəsaitə başa gəlir. Məsələn, 4 nəfərlik ailənin 6 illik sığorta haqqı ortalama 1500 manat civarındadır. Özəl sığorta şirkətləri bu paketin içərisində bütün xidmətləri verir və bilir ki, zərərlidir. Azərbaycanda heç bir özəl klinika bir müayinəni 5 manata etməz. Bu, gülüncdür”.

“Tibbi sığorta haqqında” Qanuna yenidən baxılmalıdır”

Uğurlu sığorta modelinin hansı olmasına gəlincə, Nizami Mənsimov vurğulayıb ki, mövcud paketdə qiymət tənzimlənməsi aparılmalıdır: 

“Tənzimlənmə ona görə lazımdır ki, özəl klinikalar maraqlı olsun. Əgər əhalinin maddi imkanı çatmırsa, dövlət bir müddət yaranan kəsiri ödəməlidir. Çünki sığorta haqqını artırmaqla əhalini yükləmək olmaz. Bunun yeganə çıxış yolu qiymətlərin tənzimlənməsidir. Xidmətin qiyməti 5 manat yox, ortalama bir məbləğ olmalıdır ki, maraq da artsın. Tənzimlənmə getməsə, icbari tibbi sığortanın tətbiqində heç bir tibbi müəssisə maraqlı olmayacaq. Özəl sahəni buna cəlb etmək üçün bu xidmətləri real bazar qiymətlərinə uyğunlaşdırmaq lazımdır. Bütün ziddiyyətlər də qiymət məsələsinin üstündə dayanır. Hesab edirəm ki, “Tibbi sığorta haqqında” Qanuna yenidən baxılmalıdır”.

Yeganə Oqtayqızı


Tarix: 7-09-2019, 21:50
Xəbəri paylaş





Xəbər lenti