“Texniki şərtlərin qalması utancverici haldır” - Keçmiş deputat


Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2018-ci il tarixində “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanına əsasən şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib".

AzPolitika. Info xəbər verir ki, bunu mətbuat konfransında “Azərişığ”ın “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Depatamentinin direktoru Elsevər Rüstəmli bildirib.

E.Rüstəmlinin sözlərinə görə, həmin fərmanın 2.4-cü bəndinin icrası ilə əlaqədar olaraq qoşulma haqqı Nazirlər Kabinetinin 27 aprel 2018-ci il 180 nömrəli qərarı ilə müəyyən olunub və bu da sahibkar müraciətlərinin daha da sadələşdirilməsinə gətirib çıxarıb: “Azərişıq” ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sisteminin “Elektron hökumət” portalı üzərində bir çox dövlət qurumlarının elektron sistemlərinə inteqrasiya edilməsi sahibkarların onlayn qaydada, bir neçə dəqiqə ərzində müraciət etməsinə şərait yaradıb.

Depatamentinin direktoru qeyd edib ki, aparılan islahatların nəticəsində keçən ilin ilk 10 ayı ərzində 2600- ə yaxın müraciət daxil olduğu halda bu ilin yanvar-oktyabr aylarında 3800-ə yaxın müraciət olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artım deməkdir".

Xatırladaq ki, Prezident İlham Əliyev ilin əvvəlində bir sıra kommunal xidmətlərdə texniki şərtlərin ödənişli verilməsini ləğv edib. İslahatlar çərçivəsində atılan bu addım əhlinin qaz və içməli su ilə təminatının yaxşılaşdırılmasına, xidmətin rahat, əlçatanlığına gətirib çıxarıb.

Amma “Azərişıq” ASC-nin ödənişli texniki şərtləri ilə bağlı vəziyyət dəyişməyib. Qurum hazırda əhalidən və sahibkarlıq subyektlərindən elektrik qoşulmalarına görə yüksək məbləğ alır. Bu da istər vətəndaş, istərsə də biznesə başlayan sahibkar üçün ağır yükə çevrilib. Problemin aktuallaşdıran əsas səbəb isə alınan vəsaitin müqabilində göstərilən xidmətlərin cüzi olması, bir çox hallarda sayğacdan başqa heç bir mal-materialın istifadə olunmamasıdır.


Keçmiş deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli AzPolitika.info-ya şərhində bildirib ki, kommunal xidmətlərdə texniki şərt anlayışı Sovet İttifaqından qalıb:“Texniki şərtin əsas səbəbi o idi ki, təsərrüfat hesablı müəsisələr öz imkanlarını daha da genişləndirsinlər. İndiki texniki şərtlər isə qazanc mənbəyinə çevrilib. Texniki şərtdə məsələn, yazlır ki, müəssisədə elektrik yükünü artırmaq üçün qurğunu yerləşdirmək lazımdır. Amma şərti elə verirlər ki, elektrik xəttini uzaq məsafədən çəkmək lazım gəlir, yaxud, ən yaxın transformatora qoşulmamaq üçün müxtəlif bəhanələr uydururlar. Sahibkar, vətəndaş da məcbur olub onların dediyi ilə razılaşır. Əvvəllər bu rüşvət şəklində olurdu, amma indi bunu ASAN Kommunal vasitəsi ilə həyata keçirirlər. Beləliklə, həmin vəsaitlər artıqlaması ilə sahibkarın, vətəndaşın cibindən çıxarılır. Mahiyyət dəyişməyib”.


İqtisadçı qeyd edir ki, bazar iqtisadiyyatı çərçivəsində fəaliyyət göstərən bir təşkilat abonentlərinin artmasında maraqlı olmalıdır, nəinki ona əngəllər yaratmaq: “Bu mənada texniki şərtlərin qalması ciddi əngəldir və utancverici haldır. Bir iqtisadçı kimi mən bunu qəbul etmirəm”.

N. Bəyədmirli texniki şərtlərlə bağlı bir problemə də diqqət çəkdi: “Yüksək mərtəbəli binaların tikintisi zamanı bəzən yollar çökür, kanalizasiya, su xətləri partlayır, elektrik sistemləri gərginliyə dözmür. Problemlərin hamısı texniki şərtlərinin uyğun olmaması ilə bağlıdır. Mövcud vəziyyətdə bu ancaq pul almaq məqsədi daşıyır. Əslində alt yapıları – kanalizasiya, su. zaz, elektrik xətlərini dövlət özü çəkməlidir. Necə ki, məmurların özlərinə məxsus şirkətlərin yerləşdiyi sənaye parklarında bu işi dövlət həyata keçirir”.

Tarix: 27-11-2019, 22:20
Xəbəri paylaş





Xəbər lenti