Deputat: “Əlillik indiki kimi 3 qrupda deyil, faizlərlə təyin olunacaq” Ekspert: “Uzun və təkrarlanan prosedur vətəndaşı yorur” Əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini Mustafayev Şamail Hümbət oğlunun müayinəni həyata keçirən komissiyanın üzvü həkim-ekspert qadını döyməsi rezonans yaratdı. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, istintaq tədbirləri ilə hadisə yerinə baxış keçirilib. Xəsarət alan həkim-ekspert zərərçəkmiş şəxs qismində tanınıb. Məhkəmə tibbi ekspertizasının rəyi və şahid ifadələri alınıb. Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə balayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ötən ilin sonunda açıqladığı məlumata görə, Azərbaycanda 620 minə yaxın əlilliyi olan şəxs var. Onlardan 400 minə yaxını əmək stajından asılı olaraq aylıq əmək pensiyası, qalanları, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar, aylıq müavinətlə təmin olunurlar. Ötən ilin 1 oktyabr tarixinə olan məlumata əsasən, 1 milyon 309 min nəfər pensiyaçının 30 faizi əlilliyi olan şəxslər, aylıq sosial müavinət ödənilənlərin isə 60 faizə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.
Rəsmi məlumata görə, ötən ilin sonlarından may ayına qədər 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb, 17 mindən artıq vətəndaşın əlillik qrupu ləğv edilib. Bundan başqa, 90 mindən artıq əlilliyi olan şəxsə pensiya müddəti başa çatdığı üçün ödənişlər dayandırılıb. Onlar əlil olduqlarını sübut etmək üçün yenidən sənəd toplamalıdırlar. Dövlət qurumu tərəfindən yenidən əlillik təyinatı olana qədər onlar pensiya almaq hüququndan məhrum olurlar.
Bəs, saxta əlillik əldə edən və ya bu saxtakarlıqda iştirak edən insanlar hansı formada cəzalandırılmalıdır ki, belə hallar yaşanmasın? Əlilliyin təyinatını şəffaf həyata keçirmək üçün hansı mexanizmlərdən istifadə etmək lazımdır? Çünki həqiqi əlil olan insanlar təyinat almaqda çətinlik çəkir, saxta əlillik əldə edənlər isə rahat şəkildə pensiyalardan yararlanırlar.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev AYNA-ya açıqlamasında deyib ki, saxta əlilliklərin peyda olmaması üçün həkim-ekspertlərin peşə səviyyəsi qaldırılmalıdır: “Həmin şəxslər elə həkimlərin içərisindən seçilməlidir ki, həm mütəxəssis kimi öz peşələrini dərindən bilən, həm də vicdanlı, namuslu, vətənpərvər və qanunsevər adamlar olsunlar. Burada yalnız həkimlik peşəsindən söhbət getmir, həm də ekspert, dövlət məmuru peşəsindən söhbət gedir. Ona görə də birinci növbədə həkimlərin, ekspertlərin səviyyəsi, şəxsiyyəti, onların obyektivliyi işə götürülərkən nəzərə alınmalı və vaxtaşırı da sertifikasiyadan keçərkən bu dəyər və meyarlar yoxlanılmalıdır”.
Deputat bu yöndə nəzarət mexanizminin güclü olmasını vacib sayır: “Burada həm ictimai nəzarət, həm də dövlətin müvafiq qurumlarının nəzarəti güclü olmalıdır. Üçüncü istiqamət isə meyarların yenidən yoxlanılmasıdır. Daha şəffaf, doğru, ədalətli, obyektiv qərar çıxarmaq üçün yeni meyarların mexanizmi tətbiq olunmalıdır. Bu məsələ də Milli Məclisdə artıq ikinci oxunuşda müzakirə olunan və qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanundakı dəyişikliklərdə öz əksini tapıb. Bu dəyişikliklər qəbul olunduqdan sonra gələn ilin yanvarın 1-dən yeni meyarların tətbiqinə start veriləcək”.
“Əlillik indiki kimi 3 qrupda deyil, faizlərlə təyin olunacaq. Belə ki, əlillik dərəcəsi orqanizmin funksiyasını itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq. Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib. Yeni qaydalar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. 800-ə yaxın meyar artıq ilkin variantda hazırlanıb. Çox güman ki, qanun qəbul olunduqdan sonra o, təkmilləşdirilərək təsdiq olunmaq üçün Nazirlər Kabinetinə göndəriləcək”, - deyə Quliyev vurğulayıb.
O, bu yanaşmanın müsbət tərəflərini də diqqətə çatdırıb: “Həmin meyarlar elektron şəbəkələrdə ictimaiyyətə açıq olacaq. Hər bir vətəndaşda hər hansı bir xəstəlik varsa, diaqnoz müəyyənləşibsə, həmin diaqnozla tutuşdurmaqla, heç bir ekspert komissiyasına getmədən orqanizminin neçə faiz pozulmasını müəyyənləşdirəcək, bu da şəffaflığı təmin etmiş olacaq. Hesab edirəm ki, bu yol daha doğru yoldur”.
Saxta əlilliyi aşkar edilmiş və əlilliyi ləğv olunmuş insanlardan vəsaitlərin geri alınmasına gəldikdə, həmsöhbətimiz qeyd edib ki, burada iki yanaşma var: “Birincisi, bu insanlar doğurdan da tam sağlam insanlardır. Saxta sənədlər əsasında əlillik dərəcəsi alıblar və dövlətdən pensiya alıblar. Onların pensiyası dərhal dayandırılmalı və inzibati qaydada geri tutulmalıdır. Amma o insanlar ki, beş il öncə xəstəlik keçiriblər, beş il müddətində isə nəzarətdən kənarda qalıblar, müalicə olunublar və vəziyyətləri bərpa olunub, daha yüngül əlillik dərəcəsi keçiribsə, aldıqları pensiyaların geri tutulmasından söhbət gedə bilməz, onlara reabilitasiya qərarı verib, onların məşğulluğunun təmin olunması istiqamətində tədbirlər görmək lazımdır”.
İqtisadçı ekspert Rəşad Həsənov isə AYNA-ya şərhində sözügedən prosesin olduqca çətin olduğunu deyib: “İki dövlət qurumu arasında əlilliyin müəyyən edilməsi birgə fəaliyyət nəticəsində ortaya çıxır. Burada həm Əmək və Əhalinin Sosial Müdafiəsi, həm də Səhiyyə Nazirliyi iştirak edir. Əgər Nazirlər Kabinetinin əlilliyin müəyyən edilməsi ilə bağlı təsdiq etdiyi sənədlərə baxmış olsaq, görərik ki, burada çox sayda mikro məsələ var. Hər bir parametr üzrə fərqli dərəcələrin tətbiq edilməsi məsələsi mövcuddur. Burada xəstəliklərin hər biri üzrə ictimai nəzarətin təşkil edilməsi çox çətin bir məsələdir, çünki burada minlərlə məqamlar var. Bu məqamların üzə çıxarılması da peşəkar bir münasibət tələb edir. Media və ya mütəxəssis olmayan şəxslər, vətəndaş cəmiyyəti və s. bu məsələlər münasibəti dəqiq bildirə bilmir, çünki bu məsələ peşəkar münasibət tələb edir”.
Ekspertin fikrincə, burada əsas məsələ rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin sərt və səmimi şəkildə həyata keçirilməsidir: “Dövlət qurumlarının üzərinə məsuliyyət yüklənməlidir. Hər bir dövlət qurumu qəbul etdiyi qərara görə məsuliyyət daşımalıdır. Məsələn, əlilliyin müəyyən edilməsi ilə bağlı prosedurlardan biri də “Forma 88” adlı ərizənin göndərilməsi məsələsidir. Bu ərizə Səhiyyə Nazirliyindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (TSERX) göndərilir. “Forma 88”-in düzgün tərtib edilməməsi ilə bağlı səhiyyə müəssisəsi üzərində heç bir məsuliyyət müəyyən edilmir”.
“Bu, prosesin gecikməsinə və yaxud səhiyyə müəssisəsi subyektinin qeyri-rəsmi ödənişlər tələb etməsinə gətirib çıxarır. Çünki burada məsuliyyət olmadığı üçün bir neçə dəfə təkrar nöqsanlı tərtib edib göndərildikdə, TSERX-dən imtina gəldikdə vətəndaş mənəvi cəhətdən yorulur. Və proses vətəndaşdan qeyri-rəsmi ödənişin tələb edilməsinə şərait yaradır”, - deyə Həsənov söyləyib.
“Olmazmı ki, əlilliyin müəyyən edilməsi ilə bağlı prosedur yalnız ƏƏMSN-nə həvalə edilsin” sualını müsahibimiz belə cavablandırdıb: “TSERX səhiyyə müəssisəsi olmadığı üçün bunun reallaşması mümkün olacaq bir şey deyil. Onların peşəkar xidmətləri təşkil etmək imkan yoxdur. O zaman paralellik olacaq. TSERX-yə bu hüquq verilsə, ora onminlərlə mütəxəssis, həkim cəlb etməlidir ki, yeni bir struktur formalaşsın, yeni ştatlar açılsın. Bu, çarə deyil. Burada nəzarətin səmimi təşkil edilməsi, şikayətlərin adekvat və çevik qiymətləndirilməsi, ictimai nəzarətin təşkil edilməsi üçün mexanizmlərin formalaşması, siyahıların dərc edilməsi və ictimailəşdirilməsi mühümdür”.
Tarix: 18-06-2021, 08:46