Tibb işçilərinin günü və qalaqlanmış problemlər: Həkimlər də narazıdır


Tibb işçilərinin günü və qalaqlanmış problemlər:       Həkimlər də narazıdır
“Əməkhaqlarımız çox aşağıdır, səhiyyə sistemində nöqsanlar saysızdır, dövlət xəstəxanalarında korrupsiya hökm sürür, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB problemlərin öhdəsindən gələ bilmir”
 
4 iyun 2001-ci ildə imzalanmış sərəncama əsasən, hər il iyunun ayının 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bəs, bu gün Azərbaycan tibbinə xidmət edənləri – həkimlərimizi ən çox hansı problemlər narahat edir, hansı problemlərin həllini çoxdan gözləyirlər? AYNA sualı sahiblərinə ünvanlayıb.
 
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, həkim Aydın Əliyev:
 
“Məni ən çox narahat edən məsələ cəmiyyətimizdə sağlamlığın təhlükəsizliyinə münasibətdir. Bir həkim kimi məni bu gün ən çox narahat edən sağlamlığımızın təhülkəsizliyinə münasibətdir. İstərdim, cəmiyyətimizdə hər kəs sağlamlığının təhlükəsizliyinə daha ciddi yanaşsın. Sağlamlığımızın təhlükəsizliyi həkimlərdən çox, hər kəsin özündən asılıdır.
 
Ayrı-ayrı sahələrdə görülən işlərdə keyfiyyətin səviyyəsi sağlamlığımıza təsirsiz ötüşmür. Bütün sahələrdə görülən işlərdə keyfiyyət lazımdır. İşlər keyfiyyətli olduğunda insanlarımızın sağlamlığı da, daxili mənlik havası, fiziki gücləri də möhkəm olar. Ürəyimiz istədi, torpaqlarımızı azad etdik. Bu, mənlik, genetik güc idi. Biz bu gücdən istifadə edərək idmanda da, təhsildə də – hər sahədə bol uğurlar əldə edə bilərik. Yetər ki keyfiyyəti təmin edək.
 
İnsanların sağlamlığı cəmiyyətdə ayrı-ayrı sahələrdə görülən işlərin keyfiyyətindən asılıdır. Kimliyimizdən, vəzifəmizdən asılı olmayaraq, biz hamımız cəmiyyətdə bir-birimizdən asılıyıq. Ona görə də hər birimiz işimizdə keyfiyyətə üstünlük verməliyik, insanlarla münasibətimizi qorumalıyıq. Başqa çıxış yolu yoxdur.
 
Ən vacib məsələlərdən biri də həkimlərin özünün sosial durumunun aşağı olmasıdır. Ən çox oxumaq istəyi, maraq Tibb Universitetindədir. Bu, dünyada belədir. Amma həkimlərin aldığı maaşlara bir baxın. Həkimlərin maaşı çox aşağıdır. Ölkədə icbari tibbi sığorta qalib gəlməlidir. Keyfiyyətli xidmət təqdim edilməli, qarşılığında isə həkimlərə yaxşı maaş verilməlidir.
 
Paxıllıq hissinin çoxluğu sağlamlığımıza çox ciddi təsir edir. Yaxşı işlər görməyi bacaran, layiqli insanları irəli buraxmaq lazımdır ki, hamımız güclənək”.
 
İnfeksionist-hepatoloq Mərdan Əliyev:
 
“Səhiyyəmizdə sığorta sisteminin daha yaxşı olmasını istəyirəm. Həkimlərin əməkhaqqı çox aşağıdır. Olmağına səhiyyə sistemində nöqsanlar çoxdur. Dövlət xəstəxanalarında korrupsiya problemi hələ də qalmaqdadır. TƏBİB-ə daxil olan dövlət xəstəxanalarında təchizat çox aşağıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB hələlik öhdəsindən gələ bilmir. Tibbi xidmət keyfiyyətinin yüksək olmasını istərdim”.
 
Azərbaycan Həkimləri İctimai Birliyinin (AHİB) İdarə Heyətinin üzvü Ədalət Rüstəm:
 
“Səhiyyənin idarə edilməsi nəzarətdən çıxıb. Dövlət tibbi sığorta sistemi demək olar ki, işləmir, insanlara əlçatan deyil. Səhiyyə sistemində ikihakimiyyətlilik, korrupsiya, rüşvətxorluq var. Səhiyyə sektoru məhvə sürüklənir. Tibb işçilərinin əməkhaqları onların ailələrinin minimal ehtiyaclarını belə, ödəmir. Səhiyyənin idarəedilməsi nəzarətdən çıxıb”.
 
İnfeksionist həkim Vüqar Cavadzadə:
 
“İstəyərəm ki, həkimlərə dövlət qullquçusu statusu verilsin. Məvacibləri yüksək olsun. İpoteka verilsin, sosial evlər ala bilsinlər. Bölgələrdə işləyən həkimlərin əməkhaqları mərkəzdə işləyən həkimlərin əməkhaqlarından iki-üç dəfə çox olsun”.
Tarix: 18-06-2021, 09:51
Xəbəri paylaş





Xəbər lenti