Bilgəhdə əyyaşlar və 18+ işlər görənlər dənizi kimə bağışladı? - icra məmurundan əcaib açıqlamalar - VİDEO

Əməkdaşımız məmur-oliqarxların rahatlığı üçün vətəndaşların üzünə qapadılan çimərlikdə oldu - reportaj

Yay gəldi, çimərlik mövsümü rəsmən açıq elan olundu. Çimərliklər isə hər ötən il daha çox xalqın üzünə bağlanmaqdadır. Sabunçu İcra Hakimiyyəti çimərlik mövsümü rəsmən açıq elan ediləndən 2 gün sonra, iyunun 17-də Bilgəh və Nardaran qəsəbələri arasındakı “Bağçılar” çimərliyinin yeganə yolunu bağlayıb. Bu addım illərlə aparılan dəniz sahilinin zəbti prosesinin məntiqi sonluğudur. Ətrafda belə zəbtetmələrə hazırlıq işləri illər öncədən görülüb. Sahilboyu kilometrlərlə dəmir məhəccərlər çəkilib, dəmir darvazalar qoyulub. Vaxtı çatanda 1 darvazanı bağlamaqla Xəzər sahilinin 10 kilometrlərlə hissəsini də qapatmış olacaqlar. 

İndiliksə, Bilgəh Nardaran arasında 5 kilometrlik ərazi artıq xalqın deyil, qarşıdakı illərdə bu rəqəm 10-15 də ola bilər.


Sabunçu Rayon İcra Hakimiyyətinin Bilgəhdə çimərliyin xalqın üzünə bağlanmasına əsas hesab etdiyi səbəblər isə bir deyil, iki deyil: antisanitariya (əslində bunu icra hakimiyyəti aradan qaldırmalı və nəzarət etməlidir-red), çimərliyin intim görüşlər üçün istifadə olunan məkana çevrilməsi (?), əyyaşların “sevimli çimərliyi” (?) olması kimi daşdan keçən “dəlillər” var.

İyunun 19-da “Bilgəhdə dənizi xalqın üzünə bağlayıblar” sərlövhəli yazı dərc etmişdik. Bundan sonra Sabunçu Rayon İcra Hakimiyyətindən redaksiyamızla əlaqə saxlayıb yerindəcə vəziyyətlə tanış olmağı təklif etdilər. Ərazidə olduq. Gördüklərimiz də yazdıqlarımızdan fərqli deyil. Dəniz çimərliyinə doğru 5 metr hündürlüyü olan hasarlar arasından uzanan 1 kilometrlik, metr yarımlıq yolun düz başlanğıcına dəmir məhəccərlərdən bir qapı qaynaqlanıb. Bununla da Sabunçu İcra Hakimiyyəti əyyaşları, intim görüş düşkünlərini, antisanitariya həvəskarlarını “sevimli” məşğuliyyətlərindən məhrum edib. Yerdə qalır 5-10 min sadə xalq nümayəndəsi, onların da məsələsini Sabunçunun icra başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin müavini Murad Cənnətovdan eşidək:

- Sumqayıtdan Bilgəhə çimərliyə gələnlərin bir az o yana gedib istirahət etmələrinə problem yoxdur!
Hələ bu harasıdır? Nə konstitusiya, nə dəniz sahili ilə bağlı Prezident sərəncamı? Prezidentin 2008-ci ildə verdiyi həmin sərəncamda “dəniz kənarına çıxış heç kim tərəfindən məhdudlaşdırıla bilməz” fikri yer alıb...

Cənnətov dəniz kənarına yolun bağlanmasını əyyaşlar, 18+ işlər görənlər, mənfi xarakterli insanların toplaşması ilə yaranan təhlükənin önlənməsi, vətəndaşların təhlükəsizliyi ilə əlaqələndirir. Vəssalam!


Cənnətov:
- Burada elə bir vəziyyətdir ki, dəniz sahilinə zibil maşınları girə bilmir.
Sual:
- Niyə girə bilmir?
- Çünki yol buna imkan vermir.
- Bu hasarları kim çəkib?
- Onu mən deyə bilmərəm.
- Aydınlaşdırmısız ki, yol niyə belə ensizdir? Dəniz sahilində bir hadisə baş versə, ora nəqliyyat vasitələri, təcili yardım necə keçəcək?
- Orada FHN-in xüsusi lövhəsi var ki, burada çimmək qəti qadağandır.
- Niyə qadağandır?
- Bunu FHN-dən soruşarsız. Bura qeyri-çimərlik ərazisidir. Burada yaranan uzun tıxac camaatın gediş-gəlişinə mane olurdu. Bağların sakinləri narazılıq edirdi.
- Bağ sakinlərini faktiki olaraq dəniz çimərliyindən məhrum etmisiniz. Bunu bağ sahibləri kimə desin?
- Alternativ, tamamilə ödənişsiz dəniz çimərlikləri var. Qarşıdan da, arxadan da yol var.
- Buradan dediyiniz çimərliklərə qədər neçə kilometr məsafə var?  
- Bir qədər var.
- 10 kilometr, 15 kilometr?
- Xeyr, azdır. Amma biləsiz ki, gəlmək istəyən elə ora da gedər, o tərəfə də gedər.
- Amma bura gedə bilməz, bura antisanitariyadır?
- Orada bizim məişət tullantılarını daşımamız üçün hər cür şərait var. Texnika ora sərbəst girib çıxır. Burada şərait yaradılsaydı, çimərlik olardı.
- Bu imarətlərdə yaşayan 3-5 nəfərdən biri dəniz çimərliyinə getsə və orada təhlükə ilə üzləşsə necə olacaq?
- Burada çimmək qəti qadağandır. Qapının bağlanması da sırf vətəndaşların təhlükəsizliyini düşünüb atılmış qanuni addımdır.
- Bəs çimmədən istirahət etmək, hava almaq, gəzmək necə?
-  Olmaz!
- Qanuni addım dediniz, bu hasarlar qanunidirmi?
- Mən bunun izahatını verə bilmərəm.
- Niyə?
- Siz bu barmaqlıqlar barədə soruşduz, mən də bunun izahatını verirəm. Vətəndaş bura gəlsə də, burada çimə bilməz! Bura texnika gələ bilmir, tullantıların daşınması üçün heç cür imkan yoxdur.
- Digər tərəfdən, texnika bura, dəniz sahilinə gələ bilməzmi? Bunun səbəbi nədir?
- Lap gəlsə də, bura qeyri-çimərlikdir. FHN-in müvafiq qərarı var ki, burada vətəndaşlar çimə bilməz.
- Hasarların dənizin içinə qədər olması, yolu bağlaması səbəb deyil? 
- Ondan ona  heç bir aidiyyəti  yoxdur.
- Hə, yol olmasa da, deməli, texnika suyun içindən keçib bura gələ bilər?
- Xeyr, mən belə demirəm. Bura vətəndaşların təhlükəsizliyinə görə bağlanıb. Əyyaşlar, mənfi xarakterli insanlar, başqa-başqa şəxslər bu çimərliyə gəlirdi. Bu da bağ sakinlərinin haqlı narazılığına səbəb olurdu.
- Qeyd edirsiz ki, burada çimərliyə gələn vətəndaşlar nəqliyyat vasitələrini yolun kənarında saxlayır, bu səbəbdən kilometrlərlə tıxac yaranır. Deməli, bura gələnlər əsasən əyyaşlar, mənfi xarakterli insanlar olub?
- Çadır qururdular, içində 18+ hərəkətlər edirdilər. Ona görə də bağ sakinləri narazılıq edirdilər.
- Dəniz sahilində deyil, kənar bir yerdə kimlərsə əyyaşlıq edib 18+ hərəkətlər edərsə, həmin yerlər də bu şəkildə qapı qoymaqla qapadılmalıdır?
- Söhbət buradan gedir, ona görə də buranın izahatını verirəm sizə.
- Vətəndaşlar redaksiyamıza müraciətlərində sizdən soruşmağımızı xahiş edirlər:  Sabunçu İcra Hakimiyyətində baş ağrıyanda baş ağrısı dərmanı içməyi üstün tuturlar, yoxsa ağrıyan başın kəsilməsinin tərəfdarıdırlar?
- Vətəndaş soruşa, hər kəs bir söz deyə bilər.
- Bu yolun açılması mümkündürmü? Özünüz də qeyd edirsiz ki, bura vətəndaşların axını var, yolda tıxac yaranır. Müraciət etmisinizmi müvafiq qurumlara, demisinizmi ki, gəlib bu ərazidə xidmət aparılmasını təmin etsinlər, vətəndaşlar da haqq etdikləri dəniz sahilində istirahət edə bilsin?
- FHN-in lövhələri var burada, yazılıb ki, çimmək qadağandır. Azərbaycan dilində yazılıb!
- Azərbaycan qanunları hansı dildə yazılıb?
- Azərbaycan dilində, rəsmi dövlət dilində.
- Həmin Azərbaycan dilində yazılan qanunlarda dəniz sahilinə gedən yolların bağlanması qadağandır. Azərbaycan dilində yazılıb...
- Mən də izahatını verdim niyə bağlanıb.
- Qanun qadağan edir, siz isə bağlayırsız?
- Bura çimərlik sahəsi olsaydı, siz deyən düzdür. Bura çimərlik deyil. Vətəndaş Sumqayıtdan bura gəlirsə, buradan da 5-10 kilometr o yana getmək onun üçün problem deyil. Bağ sakinləri də narazılıq edirdi. Vətəndaşlar haqlı narazılıq edirdi.


Cənnətov sona qədər israrından əl çəkmədi. Bircə “əcəb edib dəniz sahilini, çimərliyi yetim-yesirin üzünə bağlamışıq” demədi. Qapadılan çimərlikdən 5 kilometr irəlidə, yolboyu dəmir məhəccərlərlə girişi məhdudlaşdırılan, girişdəki həmin məhəccərdən olan dəmir qapıdan keçməklə, məişət tullantılarının arası ilə sahilə doğru uzanan dolanbac yola çıxdıq. Yeni çimərlikdə Sabunçu İcra Hakimiyyətinin traktoru işləyir, torpaq səthindəki zir-zibili torpağın altına gömürdü. Hətta əraziyə 3 ədəd zibil konteyneri də qoyulub! Cənnətovun tərəflədiyi cənnət-məkan - çimərlik də elə buradır.
Cənnətovun israrla lənətlədiyi və dəmir məhəccərlə yolu qapadılan dəniz sahilinə də getdik. Bir-birinin bəhsinə tikilən, düz dənizin sahilinə çıxışı olan imarətləri, imarətlərdən dəmir-betonla dənizin içinə qədər gedib çıxmaqla yolu kəsən yaxta dayanacaqlarını da gördük.
Antisanitariya yox idi. Sahili gəzib bir kibrit çöpü tapmağa da cəhd etdik. Yox idi, sahil deyildiyi kimi, antisanitariya məkanı deyil. Əyyaşlar, 18+ işlər görənlər də qeybə çəkiliblər. Sadə xalq da yoxdur! Müharibə zamanı övladları güllə qabağına göndərilənlər, elə həmin müharibədə ermənilərə qan udduranlar da daha bura gələ bilməz.
İndi 5 kilometrlik sahil oradakı imarət sahiblərinin sərəncamındadır. Sabunçu İcra Hakimiyyətinin dənizə yolu bağlamaqla sahili kimi ixtiyarına verdiyini bir daha yazaq:
- İş adamı İsgəndər Xəlilov, “Aznar” sahibi Fərhad Əhmədov, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, sabiq deputat Hacı Qalib Salahzadə, onun oğlu deputat Əliabbas Salahzadə və digər vəzifə daşıyıcıları, milyarderlər. Bu adamlar öz imarətlərinə daxil olub dəniz sahilinə açılan qapılarından xalqın üzünə bağlanan sahilə rahat şəkildə çıxa biləcəklər. Daha orada sadə xalqın nümayəndələrinı görüb pərişan olmayacaqlar. Sevinə də bilərlər - 1 dəmir məhəccəri 2 divarın arasına qaynaq etdirməklə 5 kilometrlik dəniz sahilini özəl məkana çevirə biliblər.  Yaxın illərdə daha 5 kilometrliklərində də həmin o xalq olmayacaq. Səbəb isə yenə də dəmir məhəccərlərdir. Xalqı yönəltdikləri ərazi indidən dəmir məhəccərlərlə əhatələnib, qapısı da var. 2022-ci il həmin qapı açılmasa, Bilgəhlə Nardaran arasındakı dəniz çimərliyi tamamilə xalqdan mühafizə olunacaq...
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”







Tarix: 22-06-2021, 22:31
Xəbəri paylaş





Xəbər lenti