“Aznar” QSC-nin sahibi, rusiyalı iş adamı Fərhad Əhmədova və onun şirkətlərinə məxsus İsmayıllı və Göyçay rayonları ərazisindəki malikanələrdə işləyənlər əməkhaqqını ala bilmir. Bunu Fərhad Əhmədovun obyektlərində müəllif nəzarəti qismində fəaliyyət göstərib xidmət haqqını ala bilmədiyini iddia edən Nəriman Rəşid oğlu Qarayev yazıb. Nəriman Qarayev bildirir ki, baş vermiş ədalətsizliklə bağlı bir müddət əvvəl ölkə KİV-lərində məlumatlar yayımlandıqdan sonra işçilərə olan borcların bir qismi ödənilsə də, böyük qismi hələ ödənməyib.
Nəriman Qarayev yazır ki, Fərhad Əhmədovdan müsbətə doğru dəyişikliklər gözlədikləri halda onun rəsmi nümayəndələri Bəylər Abbasov, Nail Şahverdiyev və Asif İsmayılov əməkhaqqını ala bilməyən şəxslərin vəziyyətindən sui-istifadə ediblər: “Əvvəlcədən standard formada, mətnlərdə yalnız statistik məlumat yerlərini boş qoymaqla qəbzlər hazırlayıb və ödəniş etdikləri şəxslərə həmin o boş yerlərə statistik məlumatları öz xətləri ilə yazdıraraq imzaladıblar. Əldə etdiyimiz məlumata görə, Fərhad Əhmədovun yuxarıda adları keçən nümayəndələri borcları ödəyərkən saxtakarlığa yol verib, borclu olmadıqları şəxslərə də ödənişlər ediblər. Bu, bir daha göstərir ki, Fərhad Əhmədovun nümayəndələri yuxarıda qeyd olunan davranışları ya bilərəkdən məkrli planları üçün edirlər ya da öz obyektlərində işləmiş, material təmin etmiş, logistika ilə məşğul olmuş və s. xidmətlər göstərmiş insanlar haqqında olan məlumatları məhv ediblər. Amma məlumatlar məhv edilsə də, Fərhad Əhmədovun Rusiyadan dəvət etdiyi audit-yoxlamanın rəyi və görülmüş işlərlə qalıq məbləğləri təsdiq edən sənədlər zərərçəkənlərdə, o cümlədən məndədir”.
Şikayətçi yazır ki, F. Əhmədovun yuxarıda adları qeyd olunmuş nümayəndələri bu davranışları ilə aşağıda qeyd olunan yanlışlıqlara, qanunsuzluqlara yol veriblər:
“1. İmzalanmış qəbzlərdə qeyd olunan “Kənd” MMC-yə məxsus obyektdə hansı podrat işlərindən söhbət getdiyi qeyd olunmamaqla yanaşı podrat işləri deyərkən nəyi ehtiva etdikləri də qeyd olunmayıb.
2. İmzalanmış qəbzlərdə açıq şəkildə qeyd olunmayıb ki, podrat işləri ilə əlaqədar sifarişçi - “Kənd” MMC ilə icraçı - işi yerinə yetirmiş şəxslər arasında podrat müqaviləsi imzalanıb, yoxsa onlar qeyri-qanuni işlədilib?
3. İş görülən yer Fərhad Əhmədova və ona məxsus şirkətlərə aid olduğu, iş gördürənin isə Fərhad Əhmədov və onun şirkətləri olduğu halda imzalanmış qəbzlərdə qeyd olunduğu kimi, Nəriman Qarayev işçilərə necə pul ödəyə və yaxud ödəməyə bilər? Nə iş görülən obyekt Nəriman Qarayevindir, nə də iş gördürən Nəriman Qarayevdir. Belə olduğu halda “Kənd” MMC Nəriman Qarayevin əvəzindən necə pul ödəyə bilər? “Kənd” MMC-nin Nəriman Qarayevin əvəzindən pul ödəməsinin məqsədi nədir?
4. Necə olur ki, 3 il ərzində qəbzlərdə imzaları olan şəxslər Fərhad Əhmədova və ona məxsus şirkətlərə müraciət edərək pul tələb edir və bu 3 il ərzində 1 dəfə də olsun Nəriman Qarayevdən pul tələb olunmur? Əgər o işçiləri Nəriman Qarayev işlətmişdirsə pul tələbi Fərhad Əhmədovdan yox, Nəriman Qarayevdən olmalı idi. Üstəlik, necə olur ki, 3 il ərzində Fərhad Əhmədovdan ödənilməmiş zəhmət haqqı yazılı şəkildə müraciətlərlə tələb olunarkən bir dəfə də olsun “Gedin, pulunuzu Nəriman Qarayevdən tələb edin”- cavabı verilməyib?
5. Qeyd olunan qəbzlər imzalandığı tarixdən bir ay öncə İsmayıllı rayon Kürdmaşı kənd icra nümayəndəliyində və DİN-nin İsmayıllı Rayon Polis İdarəsində zərərçəkənlər öz xətləri ilə şəxsən şahidlər qarşısında Fərhad Əhmədovdan işlədikləri haqları izahatları ilə tələb etdikləri halda necə oldu ki, birdən-birə pul ödəməyən Nəriman Qarayev oldu?
6. Fərhad Əhmədova məxsus “Aznar” QSC-nin KİV-nin nümayəndələrinə (oxu.az, dia.az və unikal.org) 19 mart 2021-ci il tarixli məktubunda qeyd edir ki, “şikayətçilərin “Aznar” QSC və Fərhad Əhmədovla müqavilə münasibətləri olmadığına görə iddiaları əsassızdır”. İddia əsassızdırsa, niyə qəbzlərdə qeyd olunan pulları “Aznar” QSC-nin törəmə şirkəti olan “Kənd” MMC ödəyir? Hansı müqaviləyə, hansı siyahıya, hansı məntiqə, hansı əsasa görə ödənişlər həyata keçirilir? Axı məktubda “Aznar” QSC qeyd edir ki, “Aznar” QSC ilə podrat münasibətdə olmuş şəxslərlə müqavilə münasibətlərində olmuşlar”, belə olan halda “Aznar” QSC-ni, Fərhad Əhmədovu və ya onun nümayəndələrini nə məcbur edirdi ki, yuxarıda qeyd olunan obyektlərdə işləmiş işçilərin qalıq borclarının bir qismini “başqasının əvəzindən” ödəsin?
7. Lap fərz edək ki, Nəriman Qarayev gətirib o adamları Fərhad Əhmədovun obyektlərində işlədib. Fərhad Əhmədov, sən Nəriman Qarayevə pulunu tam ödədin ki, Nəriman Qarayev də işçilərə zəhmət haqqı vermədi?
8. Qeyd olunan qəbzlərdə kifayət qədər qaranlıq məqamlar və qanundankənar hallar mövcuddur. Bu barədə mütəxəssislərlə məsləhətləşmədən sonra rəsmi qurumlara müraciətlər də ediləcək”.
N. Qarayev müraciətində bir daha xatırladır ki, “Aznar” QSC-nin sahibi, milyarder Fərhad Əhmədova məxsus Göyçay və İsmayıllı rayonlarındakı obyektlərdə 2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına kimi işləmiş şəxslərin pullarının bir qismi hələ də ödənməyib: “Ödənən qisim isə, yenə də qeyd edirəm, heç bir məntiqə əsaslanmadan hansısa məkrli planların həyata keçirilməsi üçün saxta və həqiqətə uyğun olmayan sənədlər əsasında ödənir”.
Qeyd edək ki, N. Qarayev müraciətinə qoşmalar da əlavə edib.
reyting.az
Tarix: 24-06-2021, 15:33