İctimai, yoxsa özəl İTV?



Rövşən Hacıbəyli
“İctimai televiziya və radio yayımı haqqında”qanuna indiyə qədər 35 dəyişiklik edilib
“İctimai televiziya və radio yayımı haqqında” qanun 2004-cü il sentyabrın 28-də qəbul olunub, bu illər ərzində 26 maddəlik qanuna 35 dəyişiklik edilib. Bu dəyişikliyin üçdəbiri reklamla bağlıdır. İTV ictimai kanal olduğundan qanunu hazırlayanlar o vaxt bunu nəzərə alıb (eyni zamanda başqa ölkələrdə ictimai yayımçılığın prinsiplərinə söykənərək) özəl telekanallardan fərqli reklam siyasəti düşünüblər. Bu siyasət “İctimai televiziya və radio yayımı haqqında” qanunda da əksini tapıb. Ancaq ölkədə qanun tanımayanlar və istədiyi qanunu öz xeyrinə dəyişənlər İTV-də də var. Onlar İctimai yayımçıya qoyulan reklamla bağlı tələbləri, demək olar, bütünlüklə dəyişiblər. Qanunun 14-cü maddəsi (“İctimai yayım zamanı reklama verilən tələblər”) 12 bənddir. Onun yalnız 2 bəndinə toxunulmayıb, 2 bəndə dəyişiklik edilib, 8 bənd isə, ümumiyyətlə, qanundan çıxarılıb. 9-cu bənd lap başıbəlalı olub, 2006-cı ildə onu dəyişiblər, 2018-ci ildəsə biryolluq ləğv ediblər. Qanunda əvvəlcə belə yazılıb:
14.9.Reklamına Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudiyyət qoyulmuş, o cümlədən uşaqların fiziki, əqli və mənəvi inkişafına ciddi zərbə vuran məhsulların reklamı qadağandır.
2006-cı ildə həmin bəndə aşağıdakı dəyişiklik edilib:
14.9.Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudiyyət qoyulmuş məhsulların, habelə saat 7.00-dan saat 23.00-dək spirtli içkilərin reklamına yol verilmir. Narkotik vasitələrin, psixotrop maddələrin, silahların, pornoqrafiyanın, tütün məhsullarının, uşaqların fiziki, əqli və mənəvi inkişafına ciddi zərbə vuran məhsulların, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda digər məhsulların reklamı qadağandır.
2009-cu ildə isə 14.4-14.12-ci bəndlər (8 bənd) qanundan çıxarılıb.
Qanunda “problem” olan daha bir maddə “İctimai yayım xidmətinə sponsorluq” maddəsidir. Beş bəndlik bu maddənin iki bəndi (15.1 və 15.4)2018-ci ildə dəyişdirilib.
“İctimai televiziya və radio yayımı haqqında” qanunda dəyişməyən maddələr və bəndlər də var. Onlarla bağlı heç bir qərar yoxdur, yəni işləməyən maddəni dəyişməyə ehtiyac da duymayıblar.
Qanunda “İctimai yayımçının səlahiyyətlərinin həyata keçirilməsi” adlı 16-cı maddə var. O maddənin ikinci bəndində birmənalı tələb qoyulub:
16.2.Yayım şurasının üzvləri, Baş direktor və onun müavinləri heç bir siyasi partiyanın üzvü ola bilməzlər.
2005-ci ildə idman federasiyalarından Yayım Şurasına namizədliyi irəli sürüləndə Ağacan Abiyev Yeni Azərbaycan Partiyasının üzvü olub, elə indi də üzvüdür. Onun Yayım Şurasına namizədliyini Murtuz Ələsgərovun sədri olduğu Milli Məclis 2005-ci ilin 15 martında təsdiqləyib. Yeri gəlmişkən, 2004-cü ilin 28 sentyabrında prezident İlham Əliyevin imzaladığı “İctimai televiziya və radio yayımı haqqında” qanun da Milli Məclisdən keçib. Ancaq deputatlar özlərinin imzaladığı qanunu bir il sonra tapdalamaqdan da çəkinməyiblər.
Deputatlar
Deputatlar
Mənbə: Yazı müəllifinin arxivindən
Qanunda Yayım Şurasının səlahiyyətlərinin azaldılması ilə bağlı 4 dəyişiklik edilib. Lakin Yayım Şurasının nə dəyişikliklərə etirazı eşidilib, nə də səlahiyyətinə uyğun olaraq qanunun tələbləri pozulduğuna görə Baş direktora hər hansı xəbərdarlığı olub. Baxmayaraq ki, bu illər ərzində tamaşaçılar saysız qanun pozuntusuna şahidlik edib. Elə təkcə aşağıdakı bəndlə bağlı pozuntular Yayım Şurasının qərar verməsi üçün yetərlidir. Qanunda deyilir:
7.1.1. ölkədə və dünyada baş verən mühüm hadisələr, dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsi.
İTV-də yalnız bir siyasi partiyanın təbliğatı gedir, yəni bu bənd hər gün pozulur.
Pozuntularsa bununla bitmir. Yayım Şurasının özünə qoyulan tələblər var:
20.1.12. ildə bir dəfə öz fəaliyyəti barədə ictimaiyyətə hesabat verir və bu hesabatı mətbuatda dərc etdirir;
20.4. Yayım şurası ən azı altı ayda bir dəfə iclas keçirir.
İllər üzrə axtarışa verəndə Yayım Şurasının illik hesabatları gözə dəymir. İnternet resurslarda yalnız Şuranın 2012-ci il mart -2013-cü il mart ayı dövründəki bir illik fəaliyyəti barədə hesabatla qarşılaşdıq.
Həmin hesabatda da İTV sədri İsmayıl Ömərovun tərifinə böyük bir abzas ayrılıb: “Yayım Şurası İctimai teleradio şirkətinin Baş direktoru İ.Ömərovun bu teleradionun fəaliyyət mahiyyətini doğru qurduğunu və onun ictimailik prinsipini daim diqqətdə saxladığını bir daha nəzərə çatdırmağı vacib sayır…
Onun kollektivə rəhbərlik prinsipi Yayım Şurasının tələblərinə tamamilə cavab verir. İ. Ömərov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru kimi öz yaradıcılıq, peşəkarlıq göstəriciləri ilə nəinki Azərbaycan cəmiyyətində, habelə beynəlxalq aləmdə geniş nüfuza malikdir. O, indiyə qədər beynəlxalq demokratik təsisatların bir neçə mükafatına layiq görülüb”.
Ancaq Yayım Şurasının bu yarınmağı işə yaramayıb və İsmayıl Ömərov həmin hesabatdan cəmi bir ay sonra işdən çıxarılıb.
2013-cü ilin dekabrında isə İTV-də İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, İctimaiyyətlə əlaqələr departamentinin müdir müavini Pərvanə Süleymanova, Analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılov, 2013-cü ilin sentyabrına kimi İTV-nin İnformasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı, “Carçı-film” Yaradıcılıq Birliyi rəhbərinin müavini Qərənfil Xəlilova, İTV sədrinin müavini Çingiz Aslanov İctimai Televiziyadan gedib, yəni İTV-nin yeni rəhbərliyi əmək müqavilələrinin müddəti başa çatan bu şəxslərlə təzə müqavilə bağlamayıb.
Modern.az əməkdaşının bununla bağlı sualına Yayım Şurasının sədri Cahangir Məmmədli belə cavab verib:
“Mən orada olmamışam axı. Ona görə də bu barədə məlumatım yoxdur. Dəqiqləşmə aparandan sonra və təhlil edəndən sonra münasibət bildirəcəyəm. Məsələ ilə bağlı dəqiqləşmələr aparmaq üçün İctimai Televiziyada söhbətimiz olacaq”.
İTV
İTV
Mənbə: Yazı müəllifinin arxivindən
Qanundasa birmənalı yazılıb ki, Yayım Şurası:
20.1.4.Baş direktorun təqdimatı ilə onun müavinlərini vəzifəyə təyin və ya vəzifədən azad edir.
Göründüyü kimi, bu işdənçıxarılmalarla bağlı nəinki Yayım Şurası sədrinə təqdimat verilib, ümumiyyətlə, onun bundan xəbəri olmayıb; Çingiz Aslanov qudası olsa belə…
Cahangir Məmmədli 2005-ci ildən 2017-ci il aprelin 18-nə kimi, yəni 12 il Yayım Şurasının sədri olub. Onu bu postda Yayım Şurasının başqa bir üzvü, həm də AMEA Folklor İnstitutunun direktoru – Muxtar İmanov əvəzləyib. Ancaq yeni sədrin gəlişi Yayım Şurasının işində hər hansı dəyişikliyə gətirməyib.
İsmayıl Ömərov 2005-2013, Elşad Quliyev 2013-2018-ci illərdə İTV-yə sədrlik edib, Balakişi Qasımov isə 2018-ci ildən sədrdir. İsmayıl Ömərovun sədr gətirilməsində seçki tamaşası qurulsa da, sonrakı iki sədr təyinatlı olub. Elşad Quliyev AzTV-sədri Arif Alışanovun kadrı kimi sədr gətirilib. Müddətini başa vurmadan vəzifədən gedib. Bununla bağlı keçiriləniclasdaca Balakişi Qasımov seçkisiz sədr olub. İTV saytında sədr kimi adı gedib, ancaq sonradan kimlərinsə müdaxiləsiylə bunun qanunsuz olduğu, görünür, müzakirə edilib (media eksperti Ələsgər Məmmədli də o vaxt bu təyinatın qanunsuz olduğunu yazmışdı). Onun adı saytdan çıxarılıb, formal seçki keçiriləndən sonra isə, ümumiyyətlə, saytın dizaynı dəyişdirilib, indi nə direktor, nə də müavinləri ilə bağlı saytda informasiya var. Saytın Struktur bölməsində yalnız departament direktorlarının və şöbə müdirlərinin şəkli var, bioqrafiyaya da ehtiyac duyulmayıb. İsmayıl Ömərovun vaxtında isə həm özünün, həm müavinlərinin, həm də şöbə müdirlərinin bioqrafiyası sayta qoyulmuşdu…
Zaman keçdikcə İTV-də ictimai yayımçılıq sıradan çıxarılır, yeni bir AzTV formalaşdırılır. Yayım Şurası da prosesi susqunluqla izləyir. Niyə?!.
Qanunun tələbinə görə, 20.9.Yayım şurasının üzvlərinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin büdcəsindən ildə bir dəfə Baş direktorun bir aylıq vəzifə maaşı həcmində pul verilir.
Yayım Şurası ilə bağlı İTV haqqında qanunda bu bəndin daim icra olunduğu deyilir. Görünür, 12 ildən, 6 ildən, 4 ildən, 2 ildən bir dəyişən üzvlər həm də elə bu səbəbdən qanunun yanından keçməyə üstünlük verirlər…
Qanunda bir bənd də var: 3.0.4. açıq siyasi maraqlardan uzaqlaşma… İTV-nin efirdə olduğu bu16 ildə hələ ki yaxınlaşma gedir…
Meydan tv
Tarix: 26-06-2021, 09:22
Xəbəri paylaş





Xəbər lenti