Abdin Fərzəliyevin Masazırdakı təhlükəli tikintidən XƏBƏRİ YOXDUR -
Abşeron rayonu Masazır qəsəbəsində fərdi evlərin ortasında aparılan layihədənkənar tikinti ilə bağlı məlumat vermişdik. Söhbət qəsəbənin Rəsul Rza küçəsində aparılan tikintidən gedir. Həmin ünvanda fərdi evlərdə yaşayan sakinlərin qanunsuz tikintinin dayandırılması ilə bağlı şikayət və etirazlarını ictimailəşdirmişdik.Məsələ yenidən aktuallaşıb. Səbəb rəsmi qurumlar tərəfindən dayandırılan tikintinin yenidən davam etdirilməsidir.
Bununla bağlı Bizim.Media-ya müraciət edən narazı sakinlər qanunsuz tikintinin dayandırılmasında israrlıdırlar.
Çünki yeni tikilinin təqdim olunan layihəsi ilə reallıq üst-üstə düşmür. Layihə planında 3 mərtəbəli bina tikilməsi nəzərdə tutulsa da, ərazidə daha çox mərtəbə qaldırılması üçün hüdudlar salınıb. Üstəlik fərdi yaşayış evləri arasında inşa edilən binanın həyət evləri ilə ara məsafəsi gözlənilməyib.
Sakinlərin bildirdiyinə görə 14 nəfər sözügedən ünvandakı tikintinin dayandırılması ilə bağlı bütün aidiyyəti qurumlara rəsmi məktubla müraciət ediblər. Amma müraciətlərinə hər hansı reaksiya yoxdur. Hətta narazı sakinlər bu yaxınlarda Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsınə yeni təyin olunan baş məslhətçi Elvin Quliyevlə də görüşüblər. Amma qurum rəsmisi sakinlərin şikayətlərinə nə məhəl qoyub, nə də problemi həll edəcəyinə söz verib.
Məsələ ilə bağlı Elvin Quliyevlə əlaqə yaratmağa çalışdıq. O, gün ərzində zənglərimizə cavab verməyib.
Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bizim.Media-nın qaldırdığı məsələni araşdıraraq, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi sənədlə icazə verilən binanın layihədən kənar tikildiyini təsdiqləmişdi. Həmçinin qanunsuz tikilinin dayandırılması ilə bağlı yerli icra hakimiyyətinə də müraciət etmişdi. Amma tədbir görülməyib.
Növbəti dəfə Bizim.Media-ya açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisov yerli səviyyədə şəhərsalma nəzarətini yerli icralar həyata keçirdiyini xatırladıb:
"Biz məsələyə qarışıb prosesin dayandırılması üçün aidiyyəti üzrə müraciət edirik. Sonra həmin orqanlar bunu nəzarətdə saxlamalıdır. Bununla bağlı yerli icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə əlaqə yarada bilərsiz. Niyə qarşısı alınmır?”, - deyə qurum rəsmisi qeyd edib.
Masazır qəsəbə icra nümayəndəsi Şahlar Həsənov isə bildirib ki, tikinti işinin davam etdiyindən xəbərsizdir:
"Abşeron Rayon İcra Hakimiyyətinin 3 mərtəbə tikinti ilə bağlı layihə sərəncamı var. Buna baxmayaraq tikintini dayandırmışdıq. Bu günlərdə xəbərim yoxdur. Çünki başqa ərazilərdə təmizlik və abadlıq işləri aparırıq. Hər halda məsələ ilə yenə maraqlanaram və tikinti gedirsə dayandırarıq. Etiraz edən sakinlər yenə müraciət edə bilərlər. Onların müraciətinə baxılacaq”.
Tarix: 17-02-2022, 22:18