Marketlərdən unu kisə ilə almaq qadağası - Yenidən və nə qədər bahalaşacaq?



Ölkədə bahalaşma üçün əsaslar olmadığı halda...
 Son günlər  marketlərdə unun satışı ilə bağlı məhdudiyyət tətbiq edilib. Belə ki, marketlərdə un kisə ilə deyil, yalnız çəki ilə satılır. Bu da alıcıların narazılığına səbəb olur. Marketlərdə çalışanlar unun kisə ilə deyil, çəki ilə satılmasını unun və buğdanın qiymətində gözlənilən artımla əsaslandırırlar. 
Rayonlarda isə un çatışmazlığı yaşanmaqdadır. Sakinlər həmişə kisə ilə un aldıqları mağazaların əksəriyyətində son vaxtlar un tapmadıqlarını deyilər. Bildirilir ki, mağazalara un az həcmdə gətirilir.
Mütəxəssislər isə bildirirlər ki, bəzi marketlər yaranmış vəziyyətdən istifadə edib, artıq qazanc əldə etmək istəyir. Bu səbəbdən də onlar unu çəki ilə satmağa üstünlük verirlər.  Belə ki, unun topdansatış qiymətlərinə, daha doğrusu, kisə qiymətinə dövlət qurumları tərəfindən nəzarət olunur və süni artıma gedilməsinə yol verilmir. Lakin çəki ilə satışa nəzarət olunmadığına görə marketlər uni kisə ilə deyil, çəki ilə satmağa üstünlük verirlər. Qanunvericilikdə un və digər məhsulların satış formalarına məhdudiyyət qoyulmadığı üçün marketlərin unu kisə ilə satmamasına görə hər hansı irad tutulması mümkün olmur. 

Xatırladaq ki, dünya bazarında buğdanın qiymətinin kəskin bahalaşması nəticəsində yanvarın əvvəlindən etibarən Azərbaycanda un və çörəyin qiymətində artım baş verib. Dövlət son 5 ildən yuxarı müddətdə buğda idxalı, un və çörəyin satışını ƏDV-dən azad etməklə, həmçinin 2021-ci ildən etibarən un istehsalçılarına subsidiya, buğda idxalçılarına güzəştli kreditlər ayırmaqla daxili bazarda un və çörəyin qiymətini sabit saxlamağa nail olub. Lakin 2021-ci ilin avqustundan etibarən buğdanın dünya bazar qiyməti kəskin bahalaşdığına görə dövlətin tətbiq etdiyi güzəşt və subsidiyalar un və çörəyin qiymətini sabit saxlamaq üçün yetərli olmadığına görə artıma gedilib. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bəyan edilib ki, unun müəyyən qiymət intervalında satışına nəzarət olunacaq, mütəmadi olaraq mövcud qiymətlərlə bağlı məlumat veriləcək.
Dövlət Xidmətinin mövcud qiymətlərlə bağlı ən son məlumatı yanvarın 6-da açıqlanıb. Bildirilib ki, xidmətin qeydə aldığı un istehsalçılarına məxsus topdansatış məntəqələrində unun 50 kq-lıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir. Xidmət bəyan edib ki,istehsalçılar topdansatış məntəqələrində biznes subyektlərinə unun göstərilən qiymətə satılmasını təmin edəcəklər.
BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatına əsasən 2022-ci ili  yanvar ayında dünyada ərzaq qiymətləri 2011-ci ilin aprelindən bəri ən yüksək həddə çatıb. Ərzaq qiymətləri indeksi 135,7 bənd olub ki, bu da dekabrla müqayisədə 1.1 faiz yüksəkdir. Yanvardakı bahalaşma əsasən süd məhsulları və bitki yağlarının qiymətindəki artımla bağlı olub. Belə ki, ay ərzində ən yüksək qiymət artımı bitki yağlarında qeydə alınıb: 4,2 faiz. Buna da İndoneziyadan ixracın azalması nəticəsində palma yağının bahalaşması səbəb olub.

Yanvar ayında süd məhsullarının qiymət indeksi aylıq ifadədə 2,4 faiz, illik ifadədə isə 18,7 faiz artıb. Buna da Okeaniyadan sü təklifinin azalması, kərə yağının bahalaşması səbəb olub.
İlin ilk ayında taxıl qiymətləri indeksi dekabrla müqayisədə cüzi – 0,1 faiz yüksəlib. Bu zaman qarğıdalının qiyməti 3,8 faiz artdığı halda buğdanın qiyməti 3,1 faiz azalıb. Qlobal buğda qiymətlərinin azalması Avstraliya və Argentinada əlverişli hava şəraiti nəticəsində rekord həcmdə buğda əldə olunması ilə bağlıdır. Belə ki, Avstraliyada buğda yığımı noyabrda başlayıb. Bu ölkədə rekord həcmdə  - 32,6 milyon ton məhsul yığılıb. Ölkənin iyul ayında başa çatacaq cari mövsümdə dünya bazarına 23 milyon ton buğda çıxarmaq imkanı olacaq ki, bu da son 10 ildəki orta göstəricidən 37 faiz yüksəkdir.
Avropa Birliyində də buğda istehsalının 9 faiz artmaqla 138 milyon tona çatacağı ehtimal olunur. Buğda istehsalında artım gözlənilən daha bir ölkə Böyük Britaniyadır. Ukraynada isə artım 23 faizdən çox olub – 31 milyon ton buğda əldə edilib.
Argentinada isə yanvarda başa çatan yığım mövsümü 28 faizdən çox artım və 21,8 milyon ton buğda əldə olunması ilə nəticələnib. Bunun 13,3 milyon tonunun ixrac edilməsi nəzərdə tutulur.
Digər ərazilərdə 2021-2022-ci il mövsümündə buğda istehsalının azalması gözlənilir. Məsələn, ABŞ-da bu mövsümdə buğda istehsalının 7 faiz azalmaqla 46 milyon ton təşkil edəcəyi gözlənilir. Kanadada isə əlverişsiz hava şərtləri nəticəsində buğda istehsalının əvvəlki illə müqayisədə 26 faiz azalmaqla 26 milyon tona düşəcəyi proqnozlaşdırılır.
Göründüyü kimi, qlobal səviyyədə buğda istehsalında bəzi ərazilərdə azalsa da, digərlərində artır ki, bu da qlobal tələbatı təmin etməyə imkan verir. Lakin daşıma zəncirindəki problemlər, həmçinin Çinin qlobal buğda ehtiyatlarının 50 faizini özündə cəmləməsi dünya bazarında qiymətlərin artımını şərtləndirib. Yanvar ayında buğda qiymətlərinin azalmasında Çinin dünya bazarında alışlarının azalması da mühüm rol oynayıb.

Rəsmi məlumatlara əsasən Azərbaycanda ildə ərzaq üçün 2.4 milyon ton, yem üçün 500 min ton, toxum üçün 140 min ton buğda istifadə olunur. Ümumilikdə, ölkədə buğdaya cəmi tələbat 3.2-3.3 milyon ton təşkil edir. Ölkə bunun təxminən 1,9 milyon tonunu özü istehsal edir. Belə ki, Azərbaycanda ildə 600 min hektar civarında sahədə buğda əkilir, bir hektardan məhsuldarlıq 31 sentnerdir. Beləliklə, tələbatı qarşılamaq üçün ölkəyə ildə 1.3 milyon ton civarında buğda idxal olunur.
Ötən il Azərbaycanda 1 milyon 885 min ton buğda istehsal edilib. Azərbaycanın buğdanın çoxunu Rusiyadan aldığını nəzərə alsaq, bu ölkədən ixracın məhdudlaşdırılmasının bizə də təsirinin olduğunu söyləyə bilərik. Belə ki, Rusiyanın rəsmi statistikasına əsasən 2021-ci ilin 1 iyulundan 2022-ci ilin 10 fevralına qədər bu ölkənin buğda ixracı əvvəlki dövrlə müqayisədə 28,5 faiz azalmaqla 21,6 milyon ton təşki edib. Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinə ixrac bura aid deyil.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına əsasən ölkənin iyunda bitəcək bu mövsümdə buğda ixracı ötən mövsümdəki 38.4 milyon tona qarşı 37 milyon ton təşkil edəcək.
Lakin Azərbaycanın Gömrük statistikasından aydın olur ki, 2021-ci il ərzində ölkəyə 331 milyon 946.01 min dollar dəyərində 1  milyon 148 min 100.77 ton buğda idxal olunub ki, bu da əvvəlki illə müqayisədə 217 min ton azdır. 2020-ci ildə idxal 296 milyon 905.18 min dollar dəyərlə 1 milyon 365 min 100.13 ton təşkil etmişdi.
2022-ci ilin yanvarında isə Azərbaycana xaricdən 32 milyon 475.34 min dollar dəyərində 93 min 704.53 ton buğda gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən də çox deməkdir. Belə ki, 2021-ci ilin yanvarında buğda idxalımız 5 milyon 900.59 min dollar dəyərlə 23 min 203.54 ton olmuşdu.
Hətta Rusiyadan ixrac məhdudlaşdırılsa belə, Azərbaycanın Ukrayna, Qazaxıstan kimi ölkələrdən idxalı təmin etmək imkanları var. Son 5 il istisna olmaqla, müstəqillik əldə olunduqdan sonra ölkənin buğda ehtyacının mühüm hissəsi Qazaxıstandan təmin edilirdi.
Bütün bunlar göstərir ki, ölkədə buğda, yaxud un çatışmazlığının olması real deyil. Digər tərəfdən, qlobal buğda qiymətlərinin aşağı düşməsi şəraitində dövlətin tətbiq etdiyi güzəşt və subsidiyalarla buğda idxalçıları, həmçinin un istehsalçılarının qiyməti artırması üçün də real əsasların yaranması mümkünsüzdür.
Qeyd edək ki, Azərbaycanda buğda əkinlərinin azalması müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən indiyədək ölkədə 2022-ci ilin məhsulu üçün 1015,9 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib ki, bunun da 602,1 min hektarı (59,3 faizi) buğda, 413,6 min hektarı (40,7 faizi) arpa və 0,2 min hektarı (0,02 faizi) çovdardır. 2021-ci ilin məhsulu üçünsə 981,4 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilmişdi: bunun 608,5 min hektarı (62,0 faizi) buğda, 372,6 min hektarı (37,9 faizi) arpa və 0,3 min hektarı (0,1 faizi) çovdar olmuşdu. Göründüyü kimi, buğda əkinləri 6,4 min hektar azalıb, əvəzində arpa əkinləri 40 min hektar artırılıb...
Dünya SAKİT,
Musavat.com
Tarix: 17-02-2022, 22:31
Xəbəri paylaş





Xəbər lenti