Ehtiyatda olan zabit, hərbi jurnalist Uzüyir Cəfərov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmilərinə müraciət edib. Üzeyir Cəfərov müraciətində yazır:"Əziz dostlar! Hörmətli həmkarlar!
İndi yazacağım qeydləri çox istərdim ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmiləri oxusunlar və növbəti ailə faciəsinə görə utansınlar və kişi kimi çıxıb mərhumun ailəsinə üzrhaxlıq etsinlər və hüquq-mühafizə orqanlarına cavab versinlər. Tam məsuliyyətimlə deyirəm ki, məhz AAYDA-nın bəzi məsuliyyətsiz və vicdansız məmurların vəzifə səhlənkarlığı və məsuliyyətsizliyi ucbatından növbəti ailə faciəsi yaşandı. Niyə bu haqda indi danışıram, ona görə ki, açıqlanan videogörüntülərdə də bir daha həmən o nöqtədə ARTIQ NEÇƏNCİ avtomobil faciəsi yaşandığının şahidi oldum. 3 il ərzində Hacı Zeynalabdin Tağıyev qəsəbəsində xidmətdə olarkən, həmçinin son illər məhz dünən növbəti ağır faciə baş verən NÖQTƏDƏ məhz avtomobil yolunun ÇÖKMƏSİ və qəzalı olması DƏFƏLƏRLƏ qəzalara səbəb olub və əgər o hissə TƏCİLİ təmir olunmazsa, hələ minlərlə vətəndaşımızı itirəcəyik və ya onlar şikəst olacaqlar.
Özü də, dəfələrlə üzü Qubaya gedən minlərlə sürücülər məhz o NÖQTƏDƏ dəfələrlə ölümlə üz-üzə qalıblar, sadəcə Allahın lütvi və sürücülərin vəziyyətdən bir təhər çıxması bədbəxt hadisədən yayındıra bilib. Eyni vəziyyət, Bakı -Quba yolunun Siyəzən yaşayış məntəqəsi ərazisində də mövcuddur.
Üzümü AAYDA-nın rəhbəri Saleh Məmmədova və digər rəsmilərə tuturam. Vicdanınız olsun. Vaxt tapın o yerə şəxsən baxın və TƏCİLİ göstəriş verin ki, o adını qeyd etdiyim NÖQTƏLƏR təmir edilsin ki, növbəti ailələr, vətəndaşlarımız faciə yaşamasınlar. Sizdən xahiş və tələb edirəm ki, yazdıqlarımı TƏCİLİ yerində, hətta mənim öz iştirakımla yoxlayaq və qarşıda bizi gözləyən digər faciələrdən sığortalanaq.
Bu qeydlərimi oxuyan kimlərsə ola bilsin ki desin, hərbi jurnalistin bu cür məsələyə münasibət bildirməsi nə qədər yerindədir? Hesab edirəm ki, dünən bir ailənin 3 üzvü arasında və ya yerində HƏR BİRİMİZİN övladı, doğması və əziz ola bilərdi və əgər bu hadisənin üstündən sükutla keçsək, qarşıda bizi daha ağır hadisələr gözləyəcək.
Hörmətli Saleh Məmmədovdan və hüquq-mühafizə orqanlarının yetkilərindən çox xahiş edirəm ki, videoya DİQQƏTLƏ baxın və avtomobilin düz yolda hansı anda faciəvi qəzaya uğramasına diqqət edin. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYP) və Sumqayıt Yol Polisi şöbəsindən xahiş edirəm, son illərdə məhz o nöqtədə baş verən qəzalarla bağlı statistikanı açıqlasınlar.
Xatırladım ki, dünən Qusarda dəfnə gedən ata, ana və azyaşlı övladının ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb.Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində Fidanla yanaşı, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə hadisə yerində ölüb.
Allah ölənlərə rəhmət etsin , mərhumların doğmalarına səbr və dözüm arzulayıram. "
Tərəf.az
Müraciətdə qaldırılan iddialarla bağlı adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
Tarix: 20-02-2022, 15:41