Fatma YIıldırım: Bərdədə acınacaqlı mənzərə - Təcili 600 konteyner lazımdır (FOTO)
"Ekologiyanın və ətraf mühitin qorunması əhalinin sağlamlığının təmin edilməsi baxımından mühüm amillərdən biridir. Bu məsələdə məişət tullantılarının idarə olunması da vacib rol oynayır. Təəssüf ki, bir sıra bölgələrdə olduğu kimi millət vəkili kimi təmsil etdiyim Bərdə rayonunda da bu problem ciddi xarakter daşıyır". Bu sözləri Modern.az-a açıqlamasında deputat Fatma Yıldırım deyib. Deputat qeyd edib ki, seçiciləri tərəfindən məişət tullantılarının vaxtında daşınmaması, ərazidə tullantılar üçün konteynerlərin çatışmaması ilə bağlı çoxsaylı müraciətlər və şikayətlər alıb: "Bu problem həm Bərdə şəhəri, həm də rayonun kəndləri üçün xarakterik haldır. Araşdırmalarımıza görə, həqiqətən də bu istiqamətdə işlər düzgün tənzimlənmir. Rayonda məişət tullantıları vaxtında yığılmır və daşınmır. Bir sözlə, mənzərə acınacaqlı vəziyyətdədir. Həm zibil daşıyan maşınların, həm də tullantılar üçün konteynerlərin sayının artırılmasına ehtiyac var. Təbii ki, bu vəziyyət məni rayonun deputatı, həm də parlamentin Təbii sərvətlər, ekologiya və energetika komitəsinin üzvü kimi narahat edir. Bu gün ölkəmiz koronavirus pandemiyasına qarşı mübarizə aparır. Məlumdur ki, məişət tullantıları da infeksiya mənbəyi hesab olunur, həmçinin ekologiyanın və ətraf mühitin çirklənməsinə səbəb olur və problemin aradan qaldırması üçün ilk öncə rayon üzrə 600 ədəd konteynerə təcili ehtiyac vardır. Məsələ ilə bağlı narahatlığımı parlamentdə səsləndirmişəm, eyni zamanda Bərdə rayonu İcra Hakimiyyətinə, müvafiq qurumlara dəfələrlə müraciətlər etmişəm. Bildiyiniz kimi, Bərdə Qarabağ zonasında ən böyük rayonlardan biridir, burada 200 minə yaxın insan yaşayır. Ona görə belə böyük bir rayonda bu problemin həlli çox aktualdır. Hesab edirəm ki, Bərdədə həmçinin tullantılar üçün poliqonların yaradılması vacibdir, tullantıların emalı və idarə edilməsi üçün gələcəkdə kiçik də olsa bir müəssisənin yaradılması məqsədəuyğundur. Həmin müəssisənin imkanlarından qonşu rayonlar da istifadə edə bilər. Ümid edirəm ki, Bərdə əhalisinin üzləşdiyi bu problemin həlli üçün yaxın vaxtlarda müvafiq dövlət qurumları tərəfindən ciddi addımlar atılacaq".
Tarix: 20-02-2022, 22:25