Qarabağ Qaziləri İctimai Birliyi Prezidentə müraciət edibÖtən gün Azərbaycan Respublikasının Prezidenti Bakının iki rayonunun boş qalan icra başçısı postlarına nümayəndələrini təyin etdi. Hər iki yeni başçının BŞİH başçısı Eldar Əzizovun kadrları olmasını daim yanında olmaları doğrulayır. Görək, başçılar dövlət başçısının etimadını necə doğruldacaq? Bəri başdan deyək ki, hər iki rayon haqqında hər iki başçı öncədən bilgilidirlər. Həm əvvəl tutduqları görəvə görə, həm də mediadan hansı problemlərin olduğu prezidentin yerlərdəki nümayəndələrinə gizlin olmaz.Ölkə gündəmini illərdir zəbt edən qonulardan birinin məhkəmə qərarlarının icra olunmaması olması qəzet, sayt səhifələrindən görünür. Elə məhkəmə aktları var ki, icra olunmamasının “stajı” 20 - 30 ilə çatır. Lap BMT qətnamələrinin işğalçı güclərin Qarabağdan çıxmasını tələb edən aktların tarixi kimi. Bakının Nizami rayonunda yaşayan Qarabağ qazisinin ƏMDK və Nizami RİH -ə qarşı əmlak tələbinə dair Xətai məhkəməsinin 2 qətnaməsinin 13 ildir icra olunmamasından isə son dörd ayda mətbuat intensiv yazılar dərc edir. Amma nə borclular - ƏMDK, Nizami RİH, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri dövlətin adından çıxarılan məhkəmə qərarını icra edir, nə də ali dövlət hakimiyyəti, hüquq-mühafizə orqanları borcluları icraya məcbur edir. Oysa Cinayət Məcəlləsinin 306-cı maddəsi məhkəmə qərarlarının icra olunmamasına görə cinayət məsuliyyətini nəzərdə tutur. Di gəl, kimdir Məcəlləni saya salan, Konstitusiyaya əməl edən? Təsəvvür edin, dövlətin adından çıxarılan məhkəmə qərarı ilə Qarabağ qazisinə verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqları borclular özləri bir-birinə sorğu ( ?) , məktub (?) verməklə, saxta şəhadətnamə tərtib etməklə ələ keçirib məhkəmə qərarından iki il sonra satıblar. Ədliyyə Nazirliyinin icra baş idarəsi, Xətai və Nizami icra şöbələri də bu alverdən elə razı qalıblar ki, borcluları “tələbkar” kimi qəbul ediblər, tələbkarı borclu çıxarıblar. Bu yekəlikdə Ədliyyə Nazirliyinin icra baş idarəsi 13 ildir anlamır ki, heç bir məktub, doğru-saxta mülkiyyət, alqı-satqı sənədi dövlətin adından çıxarılan məhkəmə qərarından üstün ola bilməz.
4 ay qabaq Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi şikayəti qəbul etsə də (hələ bundan sonra əlavə olaraq 5 dəfə (!) 161 qaynar xətti şikayəti qeydə alsa da) , idarənin görəvini icra etməsinə də “yuxarıdan” qadağa qoyulub. Görünür, Prezidentin qulluğunda duranlar baş prokurora, yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinə görəvlərini icra etməməyə göstəriş veriblər. Göstərişin hazırda prezident köməkçisi olan keçmiş əmlak sədri Kərəm Həsənovdan, yaxud hazırkı Dövlət Statistika Komitəsinin sədri olan keçmiş icra başçısından gəlməsini düşünməkdən özgə yol qalmır. BŞİH-in özünün də yazılı məhkəmə qərarına, Konstitusiyaya yox, yazılmayan göstərişlərə boyun əyməsi qazinin məhkəmə qərarı ilə öz otaqlarına girməsinə qoyduğu qadağadan bəlli olur. Oysa BŞİH başçısı Eldar Əzizov özü Nizami RİH başçısına otaqları zəbt edənlərin oradan çıxarılmasına göstəriş verməli idi. Niyə qanuni göstərişlər vermək əvəzinə, qanunsuz göstərişlərə boyun əyilir?
Nizami RİH -in yeni icra başçısı Coşqun Cəbrayılov, yəqin, Prezidentin, özü başda olmaqla bütün məmurların xalqa xidmət etməyə borclu olmaları haqqındakı deyimini unutmaz. Prezidentin başlıca göstərişi isə Qarabağ qazilərinin iş, məşğulluq, sosial-tibbi problemlərini çözməkdir. Görəsən, yeni başçı prezidentin qanuni göstərişlərinə əməl edib, Nizami RİH -in 13 il qabaqkı məhkəmə qərarı ilə bəlirlənən borcunu ödəyəcək , yoxsa keçmiş borcluların qanunsuz göstərişləri Prezidentdən də, Konstitusiyadan da üstün tutulacaq ? Yaşaya bilsək, görərik.
Onu da vurğulayaq ki, Qarabağ Qaziləri İctimai Birliyi də Prezidentə 1-ci dərəcəli Qarabağ qazisinin pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciət edib.
Məğrur BƏDƏLSOY
Tarix: 20-02-2022, 23:10