“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi başa çatıb



Qarşıda iştirakçıları 3 mərhələ - əyani, yarımfinal və final mərhələləri gözləyir
Mayın 8-də "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin son turu üzrə qabiliyyət imtahanı keçirilib. İştirakçıların onlayn formada qatıldıqları imtahan saat 11:00 və 15:00 olmaqla, iki sessiyada təşkil edilib.
AYNA xəbər verir ki, onlayn mərhələnin ilk turundan uğurla keçən 6041 namizəd qabiliyyət imtahanında iştirak edib. İmtahanda verbal və rəqəmsal məlumatlarla işləmək bacarığının, abstrakt və məntiqi düşüncənin yoxlanılması üzrə 3 bölmədə suallar təqdim edilib.
"Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin hər iki imtahanı Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Onlayn mərhələni başa vuran iştirakçıların qabiliyyət imtahanının nəticələri T-şkala əsasında hesablanaraq növbəti həftə ərzində şəxsi kabinet vasitəsilə təqdim ediləcək.
Qarşıda iştirakçıları 3 mərhələ - əyani, yarımfinal və final mərhələləri gözləyir.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Tarix: 9-05-2022, 09:51
Xəbəri paylaş





Xəbər lenti