Bakının tıxaca düşən nəqliyyat problemi: - “Çıxış yolu ondadır ki…”

Bakının tıxaca düşən nəqliyyat problemi:
Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə nəqliyyat sahəsində mövcud vəziyyətə, problemlərin və qarşıda duran vəzifələrin həllinə həsr olunan işçi müşavirə keçirilib. Müşavirədə aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, paytaxtda yol-nəqliyyat sahəsində mövcud problemlər geniş müzakirə olunub, qarşıda duran vəzifələrin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, bugünlərdə Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən 19 özəl daşıyıcı şirkət dövlət rəhbərliyinə kollektiv müraciət ünvanlayıb. Burada göstərilir ki, Bakı şəhərində ictimai nəqliyyatın 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. Maliyyə hesabatlarına əsaslanaraq, hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığı vurğulanıb.

İctimai nəqliyyatla bağlı problemlər əvvəllər də mövcud olsa da, son günlər paytaxtda bu sahədə yaranmış vəziyyət demək olar ki, pik həddə çatıb. Sərnişinlər əsasən avtobusların çatışmazlığından, saatlarla dayanacaqda gözləmələrindən şikayətlənir ki, bunun üçün səhər və axşam saatlarında dayanacaqlara baxmaq kifayətdir. Yalnız Bakının mərkəzində deyil, ətraf qəsəbələrə doğru hərəkət edən avtobuslarda da eyni vəziyyəti görmək mümkündür.

Məsələn, “Avtovağzal” stansiyasından Xocasən qəsəbəsinə gedən 157 saylı avtobusların uzun müddət gecikməsi nəticəsində sərnişinlər avtobus qapılarından asılı vəziyyətdə gedirlər ki, bu da təhlükəli vəziyyət yaranır. Yaxud şəhərin mərkəzində axşam saat 18.00 radələrində “İçərişəhər” metrosu qarsındakı dayanacaqda sərnişinlər 3 avtobusu-53, 205, 6 saylı avtobusu uzun müddət gözləsələr də, gələn avtobuslarda yer tapa bilmədiyindən sərnişinlər bir neçəsini “yola salmalı” olur. Beləliklə, avtobusların “interval dərdi” baş alıb gedir, əziyyət çəkən isə sərnişinlərdir. Nəqliyyat şirkətləri isə yeganə çıxış yolunu gediş haqqlarının artırılmasında görürlər.

Problemin həlli yolu nəqliyyatda gedişin bahalaşmasından keçir? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, “son zamanlar tıxacları qəsdən yaradıb, qiymətləri artırırlar” iddiasına o qədər də inanmır:

“Çünki istəyəndə qiyməti artırırlar. Nə ictimai müzakirə, nə də ictimaiyyətlə məsləhətləşmələr olur. Yəni sırf bununla əlaqəli deyil, bərbad idarəetmə ilə əlaqəlidir. Məlum olur ki, dövlətin əlində olan bu qədər resurslara baxmayaraq, nəqliyyat sistemini normal idarə edə, nəqliyyatın normal işləməsini təmin etmək üçün vahid idarəetmə sistemini yarada bilmirlər. Yerüstü nəqliyyatla yeraltı nəqliyyat vəhdət təşkil etməlidir. Çünki bunlar çox önəmli məsələlərdir. Heç də təsadüfi deyil ki, istənilən Avropa ölkəsində bir bilet alanda ondan həm yerüstü, həm də yeraltı nəqliyyatda istifadə etmək mümkündür. Bunu özlərindən icad etməyiblər. Bu, normal idarəetmənin təfəkküründən irəli gəlir. Çünki bir-biri ilə çox sıx əlaqəlidir. Metro qatarlarının hərəkət zamanı ilə avtobusların metroya yaxın dayanacaqlara gəlişi üst-üstə düşür. Bununla da sıxlığın aradan qaldırılması üçün vahid məntiqlə idarəetmə mexanizmi yaradılır. Ancaq Azərbaycanda belə deyil. Ona görə də bu idarəetmənin problemlərindən qaynaqlanan məsələlərdir ki, Bakı şəhərində sərnişindaşımalarda ciddi problemlər yaşanır. Bu, vahid idarəetmənin olmaması, gediş haqqına yüklənmiş və gediş haqqının artırılmasının bütün problemlərin həlli kimi göstərmək düşüncənin hakim olmasından irəli gəlir. Çünki gediş haqqı həm də keyfiyyət məsələsidir. Əgər artacaqsa, keyfiyyət isə yüksəlməyəcəksə, bu, vətəndaşlar tərəfindən narazılıqla qarşılanacaq”.

Ekspertin sözlərinə görə, problem ondadır ki, Azərbaycan rəsmiləri ancaq birdəfəlik gediş haqqı ilə bağlı fikir bildirirlər:

“Dünyada artıq bu yanaşmadan çoxdan imtina olunub. Birdəfəlik gediş haqqının neçə olması o qədər də maraqlı deyil. Maraqlı olan müxtəlif gediş haqqını hesablayan sistemlərin olmasıdır. Məslələn, günlük, həftəlik, aylıq, 6 aylıq, 1 illik biletlər olmalıdır. Elə bir bilet sistemi olmalıdır ki, sərnişin 1 illik bilet alırsa, gün ərzində bir neçə dəfə nəqliyyatdan istifadə edir və sayından asılı olmayaraq o bilet onu təmin edir. Onun gediş haqqı indiki gediş haqqından da ucuz ola bilər. Günlük gediş haqqı yükləmə düşüncə tərzi bu tipli problemlərin həllində maneə yaradır. Təəssüf ki, günlük gediş haqqı artırılacaq. Çünki hökumətin keçmiş illərdə aldığı qərarların alqoritmi də bunu deməyə əsas verir. Belə problemlər olanda çıxış yolunu effektiv idarədə yox, ancaq qiymət artımında görürlər”.

Paytaxtda trolleybusun, tramvayın bərpası ilə bağlı çox danışıldığını deyən eksper bunun reallaşacağına inanmır:

“Çünki Bakının infrastrukturunu elə günə qoyublar ki, tramvayların, trolleybusların bərpası üçün çox böyük, milyardlarla vəsait tələb olunur. İndiki durumda hökumətin bu milyardlarla vəsait ayıracağı o qədər də inandırıcı gəlmir”.
Tarix: 4-10-2022, 17:11
Xəbəri paylaş





Xəbər lenti