Uşaqlar Sovet dönəmində tikilən bağçaların ümidinə qalıb - FAKT BUDUR!

Uşaqlar Sovet dönəmində tikilən bağçaların ümidinə qalıb
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc "Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu" ictimai rəy sorğusunun nəticələrinə həsr edilən konfransda çıxışı zamanı bildirib ki, "Ölkəmizdə 1825 uşaq bağçası var. Bu o deməkdir ki, hər 4 uşaqdan yalnız biri bağça ilə təmin olunur. Baxmayaraq ki, hər il dövlət yeni müəssisələrin inşasını bir nömrəli məsələyə çevirib”.

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində çıxışı zamanı deyib ki, “Hazırda 1667 bağçanın məlumat bazası yaradılıb. Bu məlumat bazasında bağçanın adları və uşaqlar haqqında informasiya toplanılıb. Bağçaya qəbul bizim üçün də yeni bir sistem idi. Elektron qəbul zamanı valideyn yaşayış yerindən asılı olmayaraq 3 bağça seçə bilər. Bizə də bağçalarla bağlı şikayətlər gəlir. Bağçada yer olmadığı, həmçinin gözləmələrin uzun olduğu və s. narazılıqlar bildirilir. Bu şikayətlərin izahları var. Məktəbəqədər təhsil müəssisələrində yer olmamasının ilkin səbəbi, həmin bağçanın özünün sakinlərinin olmasından irəli gəlir. Yəni ki, həmin bağçada neçə illərdir əvvəldən qeydiyyatda olan uşaqlar var. Bu uşaqları tamamilə çıxarıb yenilərini qəbul etmək mümkün deyil. Bundan başqa tələb və təklif arasında boşluq var. Yəni bildiyiniz kimi şəhər yerlərində sıxlıq daha çoxdur, amma orada yerləşən bağçaların sayı azdır. Digər bir səbəb isə məktəbəqədər təhsil qruplarının tutumu ilə bağlıdır.

Təhsil qanunvericiliyinə görə, kiçik qruplar 15, orta və yuxarı yaş qrupları isə 20 nəfərdən ibarət olmalıdır. Yəni o qruplara daha çox uşağın salınması düzgün deyil. Kvadratmetrə düşən sayı nəzər alaraq əlavə uşaq qəbul etmək olmaz”.
Qeyd edək ki, ölkədəki uşaq bağçalarının sayı və buradakı mövcud problemlər dəfələrlə səsləndirilib. Bu gün hətta bir sıra bölgələrdə, xüsusilə də kəndlərdə uşaq bağçaları yoxdur.

Uzun illərdir ki, səslənidirilən bu problemin həlli yolu nədir?

Siam.az-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirdi ki, əslində, dövlət uşaq bağçalarının sayı azdır, 1700-ə yaxındır:

“Özəl uşaq bağçaları ilə birlikdə 1800-ə yaxın bağça var. Bu gün Azərbaycanda elə bölgələr var ki, ümumiyyətlə, bağça yoxdur. 2011-ci ildə bağçalar Elm və Təhsil Nazilrliyindən alınıb icra hakimiyətlərinə veriləndə özəlləşdirildi və əraziləri fərdi məqsədlər üçün istifadə olunmağa başladı. Ancaq 2021-ci ildə bağçalar yenidən ETN-nə qaytarıldı. Dövlət uşaq bağçaları sovet dövründə əhalinin sayına uyğun hesablanmışdı. İndi isə əhalinin sayı 10 milyondan artıqdır. Dövlət uşaq bağçalarının açılması əlavə vəsait tələb edir. Dövlət uşaq bağçalarının maliyyə xərclərinin çox olduğunu, əlavə yük olduğunu nəzərə alsaq özəl bağçaların sayı artırılmalıdır. Dövlət özəl uşaq bağlarını, məsələn, vergidən, digər kommunal xərclərdən azad etməlidir ki, hər bir valideyn üçün əlçatan olsun”.

Ekspert deyir ki, bağçalar uşaqların fiziki, psixoloji inkişafına gətirib çıxarır:

“Məsələn, uşaq bağçalarından 1-ci sinfə gedən uşaqların bilik və bacarıqları, məktəbə adaptasiyası ilə getməyənlərin müayisəsində görüblər ki, 60 faizə qədər fərq var. Yəni uşaq bağçasına gedən uşaqların bilik əldə etməsi, məktəbə öyrəşməsi və digər psixoloji amillər daha üstündür və göstəricilər yaxşıdır. Hazırda Bakıda hər hansı dövlət uşaq bağçasının açılması mövcud infrastruktura görə mümkün deyil. Ancaq binaların altında, yeni tikililərdə özəl uşaq bağçaları açmaqla tələbat təmin oluna bilər. Yəni birmənalı şəkildə bu istiqamətdə iş aparılsa, daha yaxşı olar. Ancaq bölgələrdə də ehtiyac var və bir çox bölgələrdə daha az sayda uşaq bağçaları var ki, onlar uşaqların ümumi tutumuna imkan vermir. Azərbaycan dünyada uşaq bağçaları, uşaqların əhatə olunmasına görə ən aşağı yerlərdən birini tutur və bu da yaxşı göstərici deyil”.
Tarix: 21-10-2022, 13:39
Xəbəri paylaş





Xəbər lenti