Sumqayıt Bulvarı ilə bağlı qalmaqal – Zakir Fərəcov yüzlərlə fəhlənin pulunu vermir
Sumqayıt Bulvarı ilə bağlı qalmaqal yaranıb. Bir qrup iş adamı Reportyor.info-ya müraciət edərək bulvarın yenidən qurulmasında iştirak etdiklərini, lakin gördükləri işin müqabilində onlara ödənilməli olan pulu hələ də ala bilmədiklərini bildirir. İş adamları bu məsələdə Sumqayıtn icra başçısı Zakir Fərəcovu ittiham edir.Maraqlıdır ki, Zakir Fərəcov pulu ödəməsə də, onun ödənilməsi barədə iş adamlarına ərizə yazdırmaq istəyib. Bunun üçün isə hakimiyyətdaxili ziddiyyətləri əsas gətirib. İcra başçısı iddia edib ki, guya hakim komandada onun “vurulmasını” istəyən qüvvələr var: “Onun xarakterinə bələd olduğumuza görə belə bir ərizə yazmaqdan imtina etdik. Lakin Zakir Fərəcov xahiş etdi ki, bu ərizəni yazaq, yoxsa onun vəziyyəti yaxşı olmayacaq və ödənişi də etməyəcək.
Eyni zamanda Zakir Fərəcov bildirdi ki, şəhərdə inşa edilən idman stadionunun rəsmi açılışından sonra Bakı şəhər İcra Hakimiyyətinə başçı təyin olunacaq. Guya bu barədə həmin vaxt Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyevlə söhbətləri olub və adminstrasiyanın rəhbəri ona söz verib. Bakı şəhərinə icra başçı təyin olunduqdan sonra şəhərdə aparılacaq abadlıq işlərini bizə tapşıracağını da bildirdi. Söhbət əsnasında bizi inandırmaq üçün telefonla Ramiz Mehdiyevlə danışdı və danışıqdan sonra Ramiz Mehdiyevin onu gözlədiyini və onun yanına gedəcəyini deyərək bizi yola saldı”.
İş adamları deyib ki, Sumqayıt Bulvarından sonra Şəhidlər Xiyabanı və Heydər Əliyev prospekti, Sumqayıt şəhərinin girişində yolun sağ və sol hissəsi, Səməd Vurğun, Nizami və Cəfər Cabbarlı küçələri, Sumqayıt şəhərində “Muğanbank”ın qarşısındakı istirahət parkında abadlıq işləri görüblər. “Öhdəmizə götürdüyümüz işləri başa çatdıraraq təhvil verilməyimizə baxmayaraq indiyə qədər borclu qaldığı 2.900.000 manat vəsait hələ də ödənilməyib. Dəfələrlə etdiyim müraciətlər nəticə verməyib.
İşlər görüldüyü zaman materiallar üçün veriləcək pullar bizə şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. Adil Xudadatovla aramızda yaranan münasibət nəticəsində onun tərəfindən mənə məlum oldu ki, verilən pullar şəhərdə fəaliyyət göstərən iş adamlarından və müxtəlif təşkilatlardan yığılıb verilirdi. Çünki mən material üçün pul lazım olduğunu bildirdikdə deyirdi ki, hələ pul yığılmayıb, yığılan kimi çatdıracağam.
Yeri gəlmişkən görüşlərimiz zamanı bildirib ki, indi ona “yuxarı”dan öz vəsaiti ilə 6.000.000 manat dəyərində bir məktəb və bir uşaq bağçası tikilməsi tapşırılıb. Onların tikilməsi üçün vəsait tapa bilmir. Buna görə də bizim borcu ödəmək imkanı yoxdur”.
Məlumat üçün deyək ki, Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin ediləndən sonra Prezidentin sərəncamı ilə şəhərdə abadlıq işlər görülməsi üçün dövlət büdcəsindən milyonlarla vəsait ayrılıb. Təkcə 2019-cu ildə bu məbləğ 11 milyon manat təşkil edib.
Sumqayıt Bulvarı ilə bağlı qalmaqal isə bir neçə ildir gündəmdədir. Zakir Fərəcovun iş adamlarına olan borcu əslində yüzlərlə fəhlənin puludur.
Tarix: 15-02-2023, 13:59