Tikinti şirkətlərinin zəlzələ reklamı, yoxsa “ən dözümlü” yalan...


Türkiyədə baş vermiş zəlzələdən sonra Azərbaycanda bina evlərinə marağın azaldığı, vətəndaşların daha çox həyət evlərinə üstünlük verdiyi deyilir. Müşahidələr göstərir ki, hündürmərtəbəli yaşayış binalarının zəlzələ zamanı təhlükəli olduğunu düşünən bəzi şəxslər mənzil almağa tələsmir, əmlak bazarında yaranmış qeyri-müəyyən vəziyyətin düzələcəyi anı gözləyirlər.
 
Qəribə olsa da, indiki həssas məqamda bir çox tikinti şirkətləri zəlzələ mövzusunu reklam kampaniyasına çeviriblər. Belə ki, əksər tikinti şirkətləri sosial şəbəkə hesabları vasitəsilə "bizim mənzillərimiz zəlzələyə davamlıdır", "təhlükəsiz mənzil yalnız bizim binada" və bu kimi cəlbedici təkliflərlə diqqətçəkməyə çalışsalar da, əslində bunun reallıqdan uzaq olması hər kəsə bəllidir.
 
Maraqlıdıır, özünü reklam edən tikinti şirkətlərinə inşa etdikləri binanın zəlzələyə dözümlü olmasına dair hansı qurum rəsmi sənəd verib? 
 

 
Mövzu ilə bağlı Modern.az-a danışan “MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, mülkiyyətçilərin bu cür elanları marketinq siyasətinə xidmət edir. Onun fikrincə, mülkiyyətçinin öz məhsulunu istədiyi şəkildə təqdim etməyə hüququ var. Bu, marketinq siyasətindən irəli gəlir:
 
"Molla öz uzunqulağını tərifləyən kimi mallarını tərifləyirlər. Buna görə heç bir məsuliyyət daşımır. Məsələn, kimsə qeyd edir ki, evi mansarda yerləşir, həqiqətdə isə orta mərtəbədə yerləşir. Bir sözlə, elə yazırlar ki, yaxşı qiymətə satsınlar. Kim necə təklif irəli sürürsə, bu, onun işidir”.
 

 
N.İbrahimov qeyd edib ki, binaların dözümlü olub-olmamasını yalnız bir halda bilmək olar: 
 
“Hansı mənzilin zəlzələyə dözümlü olub-olmamasına ancaq Fövqəladə Hallar Nazirliyi yoxlanış apararaq rəy verir. Ortada rəsmi sənəd olmalıdır. Fövqəladə Hallar Nazirliyi yoxlanış apardıqdan və müsbət rəy verdikdən sonra mənzilin zəlzələyə dözümlü olacağına inanmaq olar. Ümumiyyətlə, zaman-zaman binalar öz dayanıqlığını itirir. Çünki, bu, beton məhsuludur və 45 ildən sonra öz möhkəmliyini itirir. Bu hal pik həddə çatdıqda FHN çoxmənzilli binaların möhkəmliyini yoxlayıb, qərar qəbul etməlidir ki, həmin binanı saxlamaq olar, yoxsa yox”.
 
Əmlak məsələləri üzrə ekspert vurğulayıb ki, yoxlama mülkiyyətçinin müraciəti əsasında da aparıla bilər:
 
“Mülkiyyətçi pul ödəyib, sifariş əsasında mənzilinin keyfiyyətini yoxlatdıra bilər. Ancaq yenə də ortalıqda rəsmi sənəd olmalıdır”.
 
Qeyd edək ki, zəlzələni piara çevirən şirkətlərdən bir neçəsi ilə əlaqə saxlasaq da, suallarımıza cavab ala bilmədik.
Tarix: 16-02-2023, 17:10
Xəbəri paylaş





Xəbər lenti