Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, ilkin layihədə bu binada üç mərtəbənin inşa olunması nəzərdə tutulsa da, daha sonra heç bir sənəd-sübut olmadan əlavə mərtəbələr inşa olunur, mansar tikilir, amma bu işlə bağlı heç bir dövlət qurumu hansısa tədbirini görmür.
Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkə istifadəçilərinin bir çox paylaşımlarında, Abşeron rayonunun əksər ərazilərində inşaası həyata keçirilmiş, yaxud da keçirilməkdə olan qanunsuz tikililərlə bağlı silsilə tənqidi məqalələr yayımlanmaqdadır. Yayımlanan məqalələrdə qeyd olunur ki, Abdin Fərzəliyev 19 yanvar 2022-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinə başçı təyin olunduqdan sonra, bu rayonda qanunsuz tikinti işləri ilə bağlı ortaya yeni qiymətlər çıxdı. Yəni, qanunsuz tikinti işləri ilə bağlı qiymətlər iki dəfə qaldırıldı. Məsələn, media üzərindən apardığımız araşdırmalardan, yerlərdə dolaşan söz-söhbətlərdən və s. məlum olur ki, hal-hazırda Abşeron rayonuna aid yaşayış məntəqələrində 50 kvadrat metrə qədər olan evlərin tikintisi üçün 2500 manat, 100 kvadrat metrə qədər olan evlərin tikintisi üçün 3000 min manat, ikimərtəbəli evlərin tikintisi üçün isə, təqribən 4500 manat məbləğində “şirinlik” tələb olunduğu söylənilir. Sənədsiz evlərin tikintisi ilə bağlı icazə işlərinə Başçısının ən yaxın adamı hesab olunan, eyni zamanda Abşeron RİH Aparatında çalışan Nurlan adlı şəxsin məşğul olduğu bildirilir.
Amma onu da unutmaq olmaz ki, bir neçə gün bundan öncə qardaş Türkiyə Respublikasında baş verən dağıdıcı zəlzələ və bu zəlzələnin yaratdığı fəsadların varlığı, əksər vəzifə sahibləri kimi Abdin Fərzəliyevi də hərəkətə gətirdi. Yəni, çox keçmədi ki, bu şəxs Abşeron rayonu ərazisində inşaası həyata keçirilmiş, yaxud da inşaası həyata keçirilməkdə olan tikililərdə baş alıb gedən qanunsuzluqları ictimailəşdirən media qurumlarını susdurmaq qərarına gəldi. Çünki, əksər qanunsuzluqların əmələ gəlməsində Abşeron Rayon İcra Hakimiyyəti Aparatının böyük günah sahibi olması danılmaz faktdır. Bu sırada hündürmərtəbəli binaların üstündə əlavə mərtəbələrin, mansarların inşa olunmasını, fərdi yaşayış evlərində müəyyən artırmaların həyata keçirilməsini və s. qeyd etmək olar. Bu cür addımların atılması sudan quru çıxmağa oxşasa da, əslində bu heç də belə deyil. Çünki, ümumi müşahidələr onu söyləməyə əsas verir ki, artıq Abdin Fərzəliyevin idarəçiliyi “çat verir” və bu rayonda kütləvi narazılıq hissi “pik nöqtə”yə çatmaq üzrədir. Məsələn, adicə bir faktı qeyd edək. Bir müddətdir ki, ayrı-ayrı media qurumlarında və bəzi sosial şəbəkə istifadəçilərinin paylaşımlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid-46 ünvanında qanunsuz inşa olunmuş yeddimərtəbəli binanın taleyi haqda geniş ictimaiyyət arasında ciddi müzakirələr aparılmaqdadır. Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, ilkin layihədə bu binada üç mərtəbənin inşa olunması nəzərdə tutulsa da, daha sonra heç bir sənəd-sübut olmadan əlavə mərtəbələr inşa olunur, mansar tikilir, amma bu işlə bağlı heç bir dövlət qurumu hansısa tədbirini görmür. Elə ki, qeyd olunan problem internet televiziyalarından birinin əməkdaşı tərəfindən ictimailəşdirilir, o halda Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşı, sanki həmin tikiliyə qarşı “səlib yürüşünə” başlayırlar. Hətta, adı çəkilən bu dövlət qurumu tərəfindən ötən ilin sentyabr ayında, tikinti işlərinin dayandırılması ilə bağlı qərar da çıxarılır. Buna əsas səbəb, inşaası həyata keçirilən binanın qanunsuz inşa olunması olur. Bu problemlə bağlı münasibətini bildirən FHN-nin əməkdaşları qeyd edirlər ki, “Dəfələrlə tərəfimizdən sahibkara məcburi göstəriş verilib ki, layihəni qaydaya sal və müvafiq qurumlarla razılıq əldə etdikdən sonra tikinti işlərini davam etdirə bilərsən. Açıq-aydın görünür ki, yanğına qarşı binalar arasında ara məsafəsi gözlənilməyib və yanğın, yaxud da hansısa fövqəladə hal baş verən zaman, avtomobillərinin necə hərəkət etmələri nəzərə alınmadan tikinti işləri həyata keçirilib. Bu da gələcəkdə baş verəcək hansısa fövqaladə hadisə zamanı avtomobillərin hərəkətinə mane olacaq. Hələ ki, problem sahibkar tərəfindən qaydaya salınmayıb, ona görə də tikinti işlərinin dayandırılması ilə bağlı qərar verilib. Bundan əlavə, Abşeron RİH-nə və Regional Polis İdarəsinə tikinti işlərinin dayandırılması ilə bağlı məktub da ünvanlanıb. Yəqin ki, qeyd olunan dövlət qurumlarından da, tikinti işlərinin dayandırılması ilə bağlı sahibkara rəsmi məktub göndərilib”. Düşündürücü hal odur ki, bu problemə RİH-dən münasibət bildirilərkən ortaya belə bir yanaşma qoyulur “Məsələ araşdırıldıqdan sonra cavab veriləcək”. Əslində bu tikiliyə aid lazımi sənədlər Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq həll olunmalı, FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən tikilinin dayanıqlılığı ilə bağlı rəy alınmalı və digər zəruri addımlar atılmalıdır.
Onu da qeyd edək ki, bu tikiliyə aid sənədlər qaydasında olmadığından, təqribən 2021-ci ildə tikinti işləri Abşeron RİH-nin sabiq başçısı tərəfindən tam şəkildə dayandırılır və sahibkara lazımi tövsiyyə və tapşırıqlar da verilir. Bəli, illər öncə sabiq icra başçısı tərəfindən belə bir addımın atılmasına baxmayaraq, rayonun bugünkü rəhbərliyi isə, məhz ortaya fərqli yanaşmasını qoyur və qeyd olunan binada qanunsuz tikinti işlərinin davam etdirilməsinə göz yumur. Yəqin ki, bütün bunlar hansısa maraqlar əsasında öz həllini tapır. Bu problemlə bağlı Abşeron RİH-dən “Məsələ araşdırıldıqdan sonra cavab veriləcək” deyə münasibətin bildirilməsi, bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Hal-hazırda qeyd olunan binada “şıdırğı tikinti” işləri davam etdirilməkdədir. Onu da bildirək ki, Masazır qəsəbəsi, Əliağa Vahid-46 ünvanında inşa olunan yeddimərtəbəli binanın tikildiyi torpaq sahəsinin başqa şəxsə məxsus olması bəlli olub və bu ərazini Masazırın keçmiş bələdiyyə sədri Siyanfər Əliyev və Novxanı bələdiyyəsinin üzvü Əli Mehdiyev saxta sənədlər əsasında ələ keçirirlər. Hal-hazırda saxta sənədlər əsasında inşaası həyata keçirilən binanın əsl sahibi “hər iki şəxslərdir”.
Əslində, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid-46 ünvanında inşa olunan yeddimərtəbəli binada baş verən qanunsuzluqların əsası 2010-cu ildən qoyulur. Bu haqda bir qədər ətraflı. Qeyd edək ki, rayonunun Masazır kəndində yerləşən və ümumi sahəsi 0,0597 ha olan həmin torpaq sahəsini İbrahimov Rafiq İsa oğlu adlı şəxs, 23 sentyabr 2010-cu il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında Əliyeva Məsmə Qasım qızından alır. Daha sonra o, 28 sentyabr 2010-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsindən öz adına Çıxarış, 25 sentyabr 2010-cu il tarixdə isə, “Torpaq Sahəsinin Planı və Ölçüsü” sənədini də əldə etməyə müvəffəq olur. Uzun illər ərzində 0,0597 ha torpaq sahəsi Rafiq İbrahimovun şəxsi mülkiyyətində olur və bu şəxs müəyyən səbəblərə görə, bir neçə il ölkə hüdudlarından kənarda yaşayır. Xeyli müddət bundan əvvəl Rafiq İbrahimova məlum olur ki, DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən ona məxsus torpaq sahəsinə verilmiş Çıxarış ləğv olunmuşdur. O halda o, bu işlə bağlı cavabdeh təşkilata müraciət edir və problemin araşdırılmasına çalışır. Rafiq İbrahimovun müraciəti əsasında aparılan araşdırmalar zamanı bəlli olur ki, Abşeron Rayon Məhkəməsinin 04 oktyabr 2010-cu il tarixli 2(012)-1334/2010 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ə.R.Səmədov) iddiaçı Nəsibov Vahid Paşa oğlunun iddiası təmin edilmiş və Əliyeva Məsmə Qasım qızının adına olan 308013013759 reyestr nömrəli Çıxarış qismən, yəni 0,0647 ha hissədə ləğv edilmiş və onun əsasında qeyd olunan torpaq sahəsinə dair verilmiş sənədlər etibarsız hesab olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyun 2013-cü il tarixli 2(105)-543/2013 saylı qətnaməsi ilə (sədrlik edən hakim- T. O. Quliyev) cavabdeh Məsmə Əliyevanın apelyasiya şikayəti təmin olunmamış və Abşeron Rayon Məhkəməsinin 04 oktyabr 2010-cu il tarixli 2(012)-1334/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2013-cü il tarixli 2(102)-3763/2013 saylı qərarı ilə (sədrlik edən hakim Ə.Ə.Şadiyev) cavabdeh Məsmə Əliyevanın kassasiya şikayəti təmin olunmamış və Sumqayit Apellyasiya Məhkaməsinin Mülki Kollegiyasının 05 iyun 2013-cü il tarixli 2(105)-543/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən, Məsmə Əliyevanın adına olan 308013013759 reyestr nömrəli Çıxarış qismən, yəni 0,0647 ha hissədə ləğv olunmuş və bunun əsasında qeyd olunan torpaq sahəsinə dair verilmiş sənədlər etibarsız hesab ediliyindən, İbrahimov Rafiq İsa oğlunun adına olan 308013025667 reyestr nömrəli Çıxarış da ləğv edilmişdir. Hər üç məhkəmə instansiyasının çıxarmış olduğu qərar əsasında, qeyd olunan torpaq sahəsi üzərində başqa bir şəxsin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır və belə bir səbəbdən də, Rafiq İbrahimovun müraciəti ilə bağlı araşdırmalar aparmaq mümkün olmur. Bu cür addımların atılması, əslində vətəndaş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Çünki, İbrahimov Rafiq İsa oğlunun adına olan 308013025667 reyestr nömrəli Çıxarış, heç bir halda məhkəmədə mübahisələndirilmir. Bir sözlə, Rafiq İbrahimova məxsus mülkiyyət hüququna dair qeydin ləğv olunması baş verir ki, bu da ən böyük qanunsuzluqdur.
Bu yöndə baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, Abşeron rayonu ərazisində inşaası həyata keçirilmiş, yaxud da həyata keçirilməkdə olan qanunsuz tikililərdə baş verən hər cür hoqqaların araxasında, hal-hazırda bu rayona rəhbərlik edən şəxsin kəsişən maraqları əsas rol oynayır. O halda sual oluna bilər ki, görəsən qardaş Türkiyə Respublikasında baş verən dağıdıcı zəlzələ və bu zəlzələnin yaratdığı fəsadlar, Abşeron RİH-nin rəhbərliyində olan şəxslərə ibrət dərsi olmadımı? Yoxsa, həmin şəxslər maddi maraqlarının təmin olunmasını hər şeydən üstün tuturlar? Bəlkə də, bu belədir?! Onu da qeyd edək ki, bu olayla bağlı məsələ vətəndaşın etdiyi müraciət əsasında hal-hazırda Sumqayıt İnzibati Məhkəməsinin hakimi Leyla xanım Mirzəyevanın icraatındadır. Ümidvarıq ki, bu məhkəmə instansiyasında Rafiq İbrahimovun xəbəri olmadan əlindən alınmış əmlakı ilə bağlı lazımi araşdırmalar aparılacaq və bu şəxsin pozulmuş hüquqları tam şəkildə təmin olunacaq. Təəssüf doğuran hal odur ki, qeyd olunan torpaq sahəsi ilə bağlı məsələ mübahisə predmetinə çevrilib Sumqayıt İnzibati Məhkəməsində olsa da, tikinti işi dayandırılmaq əvəzinə, bu gün də davam etməkdədir. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.
MİRZƏ,
Tarix: 18-02-2023, 11:14