Naxçıvanda TƏQAÜD HOQQASI... - Artıq pulu Talıbov cibindən ödəyirmiş?


Naxçıvan Dövlət Sosial Müdafiə Fondu, təqaüdlərin miqdarının azaldılacağı ilə bağlı təqaüdçülərə xəbərdarlıq edib. Onlar bunu, indiyə kimi verilən təqaüdlərin artıq hesablanması ilə əlaqələndirirlər. Fonddan təqaüdçülərə bildirilib ki, növbəti ayların məvaciblərindən tutmaqla, artıq ödənilən pulları hissə-hissə geri alınacaq. DİA.AZ bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a təqaüdçülər məlumat verib.
Ordubad rayonundan olan təqaüdçü Pərviz Vəzirov deyir ki, təqaüdlərin indiyə kimi hansı səbəbdən artıq verildiyi, hansı qanuna əsaslanıb, hissə-hissə tutulacağı ilə bağlı onlara məlumat verilmir:
“ Bu da təqaüdçülərin cibinə girməyin bir yoludur. 15 ildir xəstəliyimlə bağlı təqaüdə çıxmışam. İndi Dövlət Sosial Müdafiə Fonduna çağırıb deyirlər ki, təqaüdün artıq hesablanıb, bundan sonra hissə-hissə geri qaytarmalısan. Halbuki, təqaüdü hesablayan özləridir. İndiyə kimi bilmirdilər bəyəm artıq hesablanıb? Bunlar hamısı oyundur. Nə qədər artıq hesablandığını, hər ay nə qədər tutulacağını da demədilər. Belə çıxır ki, qanunsuz olaraq, pulumuzu kəsib, ciblərinə qoyacaqlar. Aldığım cəmi 350 manatdır ki, iynə-dərmanıma güclə yetir. Kəsdikdən sonra necə edəcəyəm?”
Naxçıvan şəhər sakini Cavad Babayev də eyni xəbərdarlığı aldığını bildirir:
“ 240 manat təqaüd alıram. Deyək ki, indiyə kimi 50 manat artıq hesablanıb. Demək, bundan sonra təqaüdüm 50 manat aşağı olacaq, üstəgəl 50 manat da hər ay indiyə kimi aldıqlarıma görə geri qaytaracağam. Yəni, hər ay indikindən 100 manat aşağı. 140 manatla necə dolana bilərik? Ailədə hamı işsizdi, gözümüzü bu təqaüdə dikmişik. Bu nə oyundur, başımız çıxmır. İndiyə kimi nə qədər artıq aldığımızı da dəqiq bildirmədilər. Dedilər ki, hesablayıb bildirəcəyik. Etiraz etdim, fondun əməkdaşları üzərimə gəldilər. Bildirdilər ki, „çox uzun danışarsan, məhkəmə yolu ilə hamısını birdən geri qaytardırarıq”. Halbuki, burada günəhkar özləridir. Təqaüdü hesablayan onlardır. Ona görə də, əgər belə bir hal varsa pulları geri qaytarmaq yox, hesablamanı düzgün aparmayanlar cəzalandırılmalıdır“.
Məsələyə münasibət öyrənmək üçün, Naxçıvan MR DSMF ilə əlaqə saxlamaq mümkün olmadı. Onların da mövqeyini işıqlandırmağa hazırıq.
Tarix: 25-02-2023, 09:07
Xəbəri paylaş





Xəbər lenti