Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 3-4 dəqiqəsindən keçib məktəbə baş çəkə bilməzmi..?Ölkədə təhsilin vəziyyəti ilə bağlı az qala hər gün ölkə mediası yazır. Təhsilin
səviyyəsinin aşağı olması, şagirdin müəllim tərəfindən döyülməsi, şagirdlər arasında zərərli vərdişlərin artması və digər neqativ hallar az qala adi hala çevrilib. Bu məsələdə Qaradağ rayon məktəbləri də geridə qalmır. Təkcə bircə faktı qeyd edək ki, Qaradağ rayonunda yüzlərlə şagirdin oxuduğu elə tam orta məktəblər var ki, bircə məzun da ali məktəbə daxil ola bilmir. Belə olan halda dövlətin illər boyu sərf elədiyi külli miqdarda vəsait göyə sovrulur.
Biz demirik ki, məzunların hamısı ali təhsilli olmalıdır. Ancaq heç olmasa 1-2 məzun ali məktəbə daxil ola bilmirsə, bu çox mənfi göstəricidir.
Sözün qısası, Qaradağ rayonunda təhsilin səviyyəsi ürək açan deyil. Amma bizim konkret bu yazının mövzusu təhsilin səviyyəsi ilə bağlı deyil, şagirdlərin təhlükəsizliyi ilə bağlı məsələdir. Bizim özümüzün canlı müşahidə etdiyimiz və üstəlik video-reportaj hazırladığımız vəziyyətdə, hər an məktəbin şagirdlərini ölüm halı gözləyir.
Belə ki, haqqında bəhs edəcəyimiz 2 saylı tam orta məktəb Qaradağ rayonu ərazisində yerləşir və....
Təsəvvür edin ki, yüzlərlə şagirdin təhsil aldığı tam orta məktəb adi yolun deyil e, trassın düz kənarında yerləşir. Daha doğrusu, trassın kənarında deyil, az qala trassın “ağzının içində”, daha doğru desək, fəlakətin bir addımlığında yerləşir.
Görəsən, hansı ağıl sahibi olan kəslər məktəbi bu qədər trassa yaxın inşa edib. Axı, məktəbin şagirdləri arasında xeyli azyaşlı var ki, hər an avtomobil qəzası ilə üz-üzə gələ bilər.
Söhbət təkcə azyaşlıdan getmir ee, axı bura orta məktəbdir. Buranın gündüzü, axşamı var. Çox vaxt 2-ci növbənin şagirdləri dərsdən çıxanda, yəni axşam saat 7-dən sonra göz gözü görmür, axşam düşür. Belə olan halda kim bu uşaqların təhlükəsizliyinə qarantiya-təminat verə bilər..?
Əgər iraq olsun sürücü şagirdi avtomobillə vurub öldürəcəksə, bədbəxt sürücünün nə günahı..? Yaxud ölən azyaşlının nə günahı..? Bütün bunlar azmış kimi, 2 mart tarixində, saat 13-15 radələrində apardığımız çəkiliş zamanı görürdük ki, şagirdlərin biri "BİZON" içir, o biri "REDBUL" içir, bir başqası...
Bir sözlə, uzaqdan və yaxından olsa da hiss olunurdu ki, məktəbdə normal mənəvi atmosfer yoxdur. Və üstəlik trassın yanında...
İndi vəziyyəti özünüz təsəvvür edin. Axı, biz ömür boyu görmüşük ki, məktəblərin, uşaq bağçalarının yerləşdiyi yol kənarlarında təhlükəsizlik üçün piyada zolaqları olurdu. Nəinki uşaqların, hətta yaşlıların da təhlükəsizliyi üçün “zebra” deyilən keçid zolaqları var idi. Amma müşahidə etdiyimiz ərazidə buna rast gəlmədik.
Sonda onu da qeyd edək ki, iraq olsun qəza, ölüm halı baş verərsə, kimisə həbs etməklə heç nə geri qayıtmaz. Bunun qarşısı zamanında alınmalıdır. Və bizim məqsədimiz günahkar axtarışı deyil, problemin qarşısını vaxtında almaq məsələsidir. Bu mənada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, cənab Süleyman Mikayılova üzümüzü tutaraq deyirik ki, dövlət qurumları günahı bir-birinin üzərinə ata bilər, amma Qaradağda Prezidentin nümayəndəsi sizsiniz. Nə olar 3-4 dəqiqənizdən keçib, haqqında bəhs etdiyimiz əraziyə baş çəkəsəniz. Bu həm xalqımızın, həm Prezidentimizin, həm də Allahımızın qarşısında olan öhdəçilikləri yerinə yetirmək deməkdir.
gundelik baki.com
Tarix: 6-03-2023, 13:21