“Mallarını vaxtını dəyişib marketlərə göndərirlər. Sonda da bizə sırıyırlar. Bu da insanların sağlamlığında fəsadlar yaradır. Bizim aptek şəbəkələrində növbədə durmağımız buradan qaynaqlanır”.
Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov “Araz” marketlər şəbəkəsində istifadəyə yarasız ərzaq məhsullarının satılmasını şərh edərkən bildirib.
O, yararlılıq müddəti keçmiş məhsulların satış alqoritmi barədə də danışıb:
“İstehlakçıların hüquqlarını müdafiəsi haqqında” Qanunda, Nazirlər Kabinetinin 94 saylı qərarında və digər hüquqi sənədlərdə yararlılıq vaxtı keçmiş məhsulların satışı qadağandır. İstehlakçı 1003 qaynar xəttinə zəng vurub vəziyyəti deyərsə, həmin marketi 1500 manat cərimə gözləyir. Vaxtı keçmiş məhsulların satışı qadağan olunsa da, 26 ildir bu məhsulların son ünvanının bizlər olduğunu müşahidə edirik”.
Ekspert vaxtı keçmiş məhsulların hansı sxem üzrə satışa çıxarıldığını da açıqlayıb:
“Marketlər məhsulu satışdan çıxarıb anbara toplayır. Daha sonra distribüterə qaytarırlar. Distribüter isə istehsalçıya qaytarır. İstehsalçı isə ərinmir, mümkün olankların istehsal tarixini dəyişib yenidən marketə göndərir. “Azad İstehlakçılar Birliyi” malların bu hərəkət alqoritmindən ciddi narazıdır. Hökuməti bu hallara son qoyumağa çağırırıq”.
E.Hüseynov məsələ ilə əlaqədar xüsusi proqramın olduğunu, lakin bu proqramdan istifadə edilmədiyini vurğulayıb:
“Hər gün tonlarla yararsız malların Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə yığışdırılması üçün xüsusi bir MMC olmalıdır. Əgər AQTA və biznes qurumları istehlakçılara yararlılıq vaxtı keçmiş məhsulları satmaq istəmirsə, istəklərində səmimidirlərsə, bunun qarşısını almaq üçün proqram var. Həmin proqram satış şəbəkələrində komputerflərə yüklənir, daha sonra AQTA-nın serverinə inteqrasiya olunur. Onlar da baxanda bilir ki, hansı marketdə hansı mal var və istifadə müddəti nə vaxt bitir. Təəssüf ki, bu proqram heç yerdə tətbiq olunmur”.
E.Hüseynov bildirib ki, illərdir vaxtı keçmiş malların KİV vasitəsilə ləğv edilməsini həyata keçirmək istəsə də, az hallarda buna nail olur:
“Keçən ilin sonlarında yanlız bir firmanın istəyi və AQTA-nın iştirakı ilə 2 ayda 100 tona yaxın mal məhv olunub. Həmin firma qabağa düşdü. Buna başqa bir firma da qoşuldu. Amma onlarla belə firmalar var.
Bütün bunların qarşısının alınması üçün istehlakçılar da diqqətli olmalıdır. Belə hallarda istehlakçı mağaza sahibinə bildirməlidir. O, həmin məhsulun satışdan çıxarılmasında özü də iştirak etsə, daha yaxşı olar. “Azad İstehlakçılar Birliyi”nə həmin şəxsin ərizəsi daxil olsa, biz böyük media kampaniyası qurar və dövlət orqanları ilə iş apararıq. AQTA-nın ən böyük çatışmazlıqlarından biri mediada gedən informasiyaları izləməməsidir. Nə qədər ki, AQTA media ilə sıx əlaqədə işləmir, bu vəziyyət davam edəcək”.
Xatırladaq ki, bu gün “Araz” marketdə vaxtı keçmiş, yararsız məhsulun satılması ilə bağlı xəbər vermişdik.
Tarix: 6-03-2023, 20:57