Ombudsmandan qadınların pensiya yaşı ilə bağlı VACİB AÇIQLAMA
Milli Məclisin iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb. Sənədi Ombudsman Səbinə Əliyeva təqdim edib.
Musavat.com xəbər verir ki, ombudsman öz məruzəsində ötən il ərzində görülən işlərdən bəhs edib, Ermənistanın təxribatçı hərəkətləri, həmçinin erməni cinayətlərinin beynəlxalq səviyyədə ifşası ilə bağlı fəaliyyətdən danışıb, həmçinin bir sıra təkliflər irəli sürüb.
S.Əliyeva Azərbaycanda qadınların pensiya yaşının 63 yaş müəyyən edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi barədə önəmli təklif səsləndirib.
“Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğılarından irəli gələrək onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyil. Bu baxımdan qadınların pensiya yaşının azaldılmasına ehtiyac var” - Ombudsman bildirib.
S.Əliyeva insan sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlərin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil edilməsini də təklif edib.
Tarix: 7-03-2023, 13:21