“Torpaqlarımız dağılır, biz bunları gizlətmirik” - Şöbə müdiri dövlətə müraciət etdi
Azərbaycan ekoloji itkilərdən, aşağı torpaq məhsuldarlığından, su qıtlığından və yüksək emissiya intensivliyindən əziyyət çəkir.
Bunu Dünya Bankı yaydığı hesabatda bildirib. Son günlər Kürdə suyun səviyyəsinin yenidən azalması da ekoloji vəziyyətin durumunu təsvir etmək üçün yetərlidir.
Bəs çıxış yolu nədir?
SİAM.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında Coğrafiya İnstitutunun "Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib ki, ölkəmizdə özünü ən aşkar göstərən ekoloji problem su qıtlığıdır:
"Dünya Bankının dediyi əlamətlərin hamısı ölkəmizdə var və bunu inkar eləmək olmaz. O demək deyil ki, bir tək Azərbaycan belədir. Azərbaycanla eyni eynilikdə yerləşən ölkələrdə də bu problemlər özünü göstərir. İndi ölkəmizdə özünü ən aşkar göstərən ekoloji problem su qıtlığıdır. Doğrudan da, Azərbaycan su qıtlığından əziyyət çəkir. Su ehtiyatlarının dəqiq uçotu aparılmır. Məsələn, bizim nə qədər su ehtiyatımızın olduğu bəlli deyil. Hamı müəyyən rəqəm ortaya qoyur, amma çayların, göllərin, lazım olan şirin su ehtiyatı nə qədərdir, dəqiq bilinmir. Su qıtlğı dövründə bu məsələ öz həllini tapmalıdır”.
O bildirib ki, bəzi su anbarlarına tam həddə su yığılmayıb:
“Hazırda Bakıda su problemi tam həll olunub? Olunmayıb. Bəzi rayonlar içməli suyu tam almır. Bu gün Kürün quruması da bunu göstərir".
O, həmçinin məhsuldar torpaqların erroziyaya uğradığını bildirib:
"Artıq çox yerdə torpaq sahibkarı dolandıra bilmir. Niyə? Çünki suvarmada su çatdırmaq olmur. Suvarma texnologiyası tamamilə dəyişdirilməlidir, az su verən kənd təsərrüfatı bitkiləri yetişdirməliyik. Torpaqların məhsuldarlığını itirməsi də doğrudur. Ölkədə kənd təsərrüfatında mineral gübrələrə tələbat artırsa, deməli, torpaq gücünü itirir. Mineral gübrələrlə torpaq yetişdirirlər. Axı torpaq öz gücünü bərpa etməlidir. Buna görə də erroziya torpaqlarımızı dağıdır. Biz bunları gizlətmirik, bunların hamısı bilinir. Buna qarşı dövlət tədbir görməlidir".