Məleykə Abbaszadənin də narazı qaldığı kolleclər: - BAĞLANACAQ?

Məleykə Abbaszadənin də narazı qaldığı kolleclər:
“Qəbul qaydası yox, subbakalavrların bilik səviyyəsi və tədrisə münasibəti ali məktəbləri razı salmır.

Rektorlar şikayət edirlər ki, onlar birinci kursda tədris mühitini pozurlar. Onlar çox zaman qəbul olunurlar, sonra gəlib deyirlər:

“Mən işləyirəm, dərsə gələ bilməyəcəyəm”, “Adım getsin, sonra da diplom alım”. Belə bir şey yolverilməzdir. Əgər subbakalavr məsuliyyətlidirsə, ali təhsil almaq istəyirsə, bilirsə ki, işləməlidir, gərək ixtisası seçəndə yalnız qiyabi yerləri yazsın. Bəzi ali məktəblər ümumiyyətlə, subbakalavrların qəbulundan imtina etmək istəyirlər, çünki onlar yaxşı oxumurlar, tədris mühitini pozurlar”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. DİM sədrinin sözlərinə görə, söhbət qaydanın özünü doğrultmamasından getmir:

“Əslində bu, mütərəqqi bir addımdır, axı orta ixtisas məktəbində gənclər bir neçə il ərzində müəyyən bir ixtisasa yiyələnirlər, sonra isə qəbul imtahanı vermədən ali məktəbdə öz ixtisasları üzrə daha yüksək təhsil almaq imkanı qazanırlar. Problem qaydalarda deyil, bəzi ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin kifayət qədər səmərəli qurulmamasındadır. Təhsil müəssisəsinin reytinqi təkcə tələbə kontingentinin sayı ilə deyil, ilk növbədə tədris prosesinin keyfiyyəti ilə qazanılır.

Artıq bəzi ali məktəblər subbakalavrlara xüsusi diqqət göstərir, bu kontingent üçün tədris prosesini daha səmərəli qurmağa çalışırlar. Son illər bir çox orta ixtisas təhsili müəssisələrinin ali məktəblərin nəzdində fəaliyyət göstərməyə başlaması da məncə, orta ixtisas təhsili müəssisələrində tədrisin səmərəli qurulmasına imkan verəcək, bu sahədə vəziyyətin tezliklə yaxşılaşmasına kömək edəcək”.

Qeyd edək ki, son illər subbakalavrlar imtahan vermədən ali məktəblərə qəbul ola bilirlər. Maraqlıdır, əgər bu gün subbakalavr təhsili alan tələbələrin bilik səviyyəsi ali təhsil ocaqlarının rəhbərlərini qane etmirsə, həmin universitetlər özləri əmək bazarı üçün kifayət qədər peşəkar kadr yetişdirə bilirmi?

DİA.AZ-ın məlumatına görə, təhsil məsələləri üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, Dövlət İmtahan Mərkəzinin bugünki imtahan mexanizmi Azərbaycan təhsilində böyük maneədir:

“Konkret olaraq DİM-də struktur islahatları aparılmalı və texniki bir quruma çevrilməlidir. Nə qədər DİM özünü imtahanları keçirən, Elm və Təhsil Nazirliyinə alternativ ikinci qurum olaraq görür, Azərbaycan təhsilində çox ciddi problemlər olacaq. Reallıq odur ki, DİM indiki vəziyyətdə imtahan mexanizminin dəyişməsi ilə bağlı düşünsə, yaxud ölkədə ali və orta ixtisas təhslinin əlçatan olması üçün daha yumşaq imtahan siyasəti yürütsə, məqsədəmüvafiq olardı.

O ki qaldı orta ixtisas təhsli müəssisələrinə, beynəlxalq təcrübədə də görürük ki, təhsilin 4 pilləsi var. Bunlar məktəbəqədər, ümumtəhsil, peşə və ali təhsildir. Orta ixtisas təhsili pilləsi yalnız bizdə, yəni postsovet məkanı ölkələrindədir. Ona görə də kolleclər rüşvət mənbəyi və dövlət büdcəsindən əlavə vəsaitlərin mənimsənilməsindən başqa bir şey deyil”.

O bildirib ki, dünya ölkələri əmək bazarında daha yüksək ixtisaslı kadrların axtarışındadır:

“Biz hələ də 60-70-ci illərin şinelindən çıxa bilmirik. Ölkəmizdə 55 kollec var və burada 51 mindən artıq tələbə təhsil alır”.

Ekspertin sözlərinə görə, ilk növbədə orta ixtisas təhsili ləğv edilməli və ali təhsil 3 deyil, 4 səviyyəyə keçməlidir. Yəni I və III kurslarda təhsil alanlardan kimsə əmək bazarına getmək istəyirsə, ona subbakalavr diplomu verilməlidir. Bakalavriat təhsili almaq istəyənlər isə imtahan verib 2 il oxumalıdır ki, beynəlxalq təcrübədə də belədir. Sonra isə magistratura, doktorantura olmalıdr. Yəni kollecləri ayrıca qurum kimi saxlamaq müəmmalıdır.

Azərbaycanda kollecdə təhsil almaq üçün 900 manat ödəniş olunur. Türkiyənin bir çox universitetlərində, hətta orta səviyyədən də yuxarı olan ali təhsil ocaqlarında illik təhsilhaqqı bundan 30-50 faiz aşağıdır. Buna görə də kolleclərin saxlanması özünü doğrultmur. Bu baxımdan orta ixtisas təhsili ali təhsilə birləşdirilməli və yeni “Ali təhsil haqqında” Qanundan da bunu gözləyirəm. Bu gün artıq buna gedəriksə, ali təhsilin 1-ci, yəni subbakalavriat səviyyəsinə qəbul prosesi daha asanlaşacaq, attestatla olacaq, 3 fəndən də buraxılış imtahanları qalacaq. Digər qəbul isə bakalavriat səviyyəsində olacaq”.

Ekspertin fikrincə, Azərbaycanın iqtisadi inkişafı elə bir mərhələdədir ki, bu inkişafın yerində qalması və davam etməsi üçün insan kapitalına, kadrlara ehtiyac var:

“Azərbaycan təhsilinin vəzifəsi də insan kapitalını yetişdirməkdir. Biz daha çox bu istiqamətdə düşünməliyik. Hələ də kolleclər büdcədən əlavə vəsait mənimsəyən və bir çox hallarda korrupsiya mənbəyidir. Kollec sistemi ümumiyyətlə, dayandırılmalıdır. Bu gün kolleclərdə bilik səviyyəsinin aşağı olduğu deyilirsə, təbii ki, belə olacaq. Çünki kollecə 120-150 balla tələbə qəbul edilir. Səbəb isə bu gün təhsil sisteminin öz quruluşundadır”.

Ekspert 2023-cü ildə Azərbaycan təhsilində fərqli il olacağını düşünür:

“Təhsil islahatlarının iki mərhələsi olub. Birincisi, 1999-cu ildə ümumtəhsildə islahatlar ilə başlayıb, ikincisi isə 2013-cü ildə “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olub. Üçüncü mərhələ isə 2023-cü təhsildə köklü dəyişikliklər edilməlidir, çox gecikmişik. Problemlərdən biri odur ki, bu gün 55 kollecimizdə dərs deyən müəllimlərin böyük bir hissəsinin peşəkarlığı sıfırın üzərindədir. Hətta orta ixtisas təhsilli insanlar kolleclərdə dərs deyir. Bu gün ali təhsilin özündə də problemlər çoxdur, kolleclərdə isə dəhşətli mənzərədir. Dövlət büdcəsindən ayrılan yüz milyonlarla vəsait sadəcə mənasız yerə xərclənir”.
Tarix: 9-03-2023, 17:25
Xəbəri paylaş





Xəbər lenti