Paytaxtın Bayıl qəsəbəsində yaşayan sakinlər uzun müddətdir ki, qarşılaşdığı əsas problemlərdən biri yollarda ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasıdır.Artıq uzun müddətdir ki, mövcud şəraitdən bezən vətəndaşlar isə çıxış yolunu alternativ yolların olmasında görürlər. Bayıl sakinləri şəhərə gəlmək üçün istifadə etdiyi yolda demək olar ki, hər gün saatlarla gözləməli olurlar.
Müxtəlif səbəblərlə bağlı davamlı olaraq “Azneft” dairəsində hərəkət məhdudlaşdırılır və avtomobillər, avtobuslarda işə tələsən sərnişinlər yolun nə vaxt açılacağını gözləyirlər.
Həmin ərazidə isə alternativ yol, Badamdar “20-ci sahə” adlanan yoludur ki, bir sıra marşrut avtobusların həmin yol vasitəsilə hərəkəti sərnişinlər üçün çox əlverişli idi. Lakin uzun müddətdir ki, Bakı şəhərinin Badamdar qəsəbəsinin "20-ci sahə" ərazisində avtomobil yolunun baş verən uçqunla bağlı yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün bağlıdır.
Bunun nəticəsində artıq bir neçə ildir ki, nəinki avtomobillər, marşrut avtobuslar belə, əsas yoldan istifadə etməli olurlar. Bu zaman isə onlar daha çox məsafə qət etməli olurlar.
Qeyd edək ki, sözügedən ərazidə hələ 2012-ci ilin dekabr ayında sürüşmə olub. 2013-cü ildə həmin ərazilərdə aidiyyəti orqanlar tərəfindən bərkidilmə işləri aparılıb.
2018-ci ildə yenədə həmin ərazidə sürüşmə nəticəsində yol bağlanıb. Bir müddət sonra, 28 yanvar 2021-ci il tarixində yenə baş verən sürüşmə nəticəsində yol bağlanmışdı.
Beləliklə, dəfələrlə həmin ərazidə baş verən sürüşmə nəticəsində yaranan problem yolun bağlanmasına səbəb olub ki, bu da nəqliyyatın hərəkətini məhdudlaşdırır. Artıq neçə müddətdir ki, təmir-bərpa işləri gedən ərazidə işlər yekunlaşmaq bitmir.
Bu günlərdə məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən
Cebhe.info-ya bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, "20-ci sahə" adlanan ərazidə baş vermiş torpaq sürüşməsinin fəsadlarının aradan qaldırılması istiqamətində görülən tamamlama işləri ilə əlaqədar təhlükəsizlik baxımından yolun bu hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Belə ki, yamacda olan artıq torpaq kütləsinin daşınması işləri həyata keçirilir. Yaxın zamanlarda işlərin yekunlaşacağı və hərəkətin tam bərpa ediləcəyi gözlənilir.
Qeyd edək ki, bu günlərdə Bakı şəhər İcra Hakimiyyətindən bildirilmişdi ki, Badamdar "20-ci sahə" yolu açılıb. Nəqliyyatın hərəkəti üçün yol artıq ikitərəfli fəaliyyət göstərir. Ancaq sakinlər sevindirəcək bu xəbər də uzunmüddətli olmadı. Hazırda Badamdar "20-ci sahə" yolu bağlıdır. Badamdar qəsəbə nümayəndəliyinin məlumatına görə, həmin yol açılıb və və 3-4 gün fəaliyyət göstərsə də, yenidən bağlanıb.
Hazırda günün bir neçə saatını “Azneft” dairəsində hərəkətin məhdudlaşması ilə bağlı avtobuslarda keçirən sərnişinləri daha da çətin günlər gözləyir. Belə ki, qarşıdan "Formula-1" yarışları gəlir. Yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.
Həmin dövrdə isə bir sıra ərazilərdə, xüsusilə də “Azneft” dairəsində yolun nəqliyyat vasitələri üçün məhdudlaşdırıldığını nəzərə alsaq, Badamdar "20-ci sahə" yolu kimi alternativ yolun istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, ötən il “Formila-1” yarışları zamanı “Azneft” dairəsində yolun bağlı olması səbəbindən vətəndaşlar avtobusların həm sayının azaldılması, həm də dayanacaqların uzaq məsafədə yaradılması ilə bağlı saatlarla piyada yol qət etməli olurdular.
Eləcə də səhərlər işə tələsən sakinlər bir neçə avtobus dəyişməklə mənzil başına çatmağa çalışırdılar. Mövcud vəziyyətlə bağlı müraciət etdiyimiz qurumlar problemin həlli ilə bağlı cavabdeh qurumun FHN olduğunu deyirlər.
Adıçəkilən qurum isə davamlı olaraq təmir işlərinin aparıldığını bildirir.
Maraqlıdır, qurumların uzun müddətdir ki, təmir-bərpa işlərini başa çatdıra bilməməsinin əziyyətini niyə vətəndaşlar çəkməlidir?Əgər Badamdar "20-ci sahə" yolunun bərpası hələ illərlə davam edəcəksə, problemin həlli üçün başqa bir yol tapılmalıdır.
Ən azından “Azneft” dairəsində yaradılan məhdudiyyətlərə son qoyulmalıdır.
Nigar Abdullayeva
Cebhe.info
Tarix: 10-03-2023, 23:01