Naxçıvandan Bakıya yük daşıyan sürücülər İran ərazisində təhqir olunduqlarını, döyüldüklərini bildirirlər. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a sürücülər özləri məlumat verib. Sürücülərin bildirdiyinə görə, Biləsuvar gömrüyünün İran hissəsində onlar bilərəkdən günlərlə gözlədilir, etiraz etdikdə isə, təhdid olunurlar. Məqsəd, sürücüləri bezdirib, İran yolundan imtinaya məcbur etməkdir. Naxçıvandan Bakıya yük aparan TIR-lar İran ərazisindən tranzit olaraq istifadə edirlər. Babək rayonundan olan sürücü B. Cəfərov deyir ki, onların döyülüb, təhqir olunmasına göstərişi İranın xüsusi xidmət orqanları verir: „Bir ay bundan öncəyə kimi Biləsuvar gömrüyünü maneəsizi keçib, Bakıya gedə bilirdik. İndi isə, bizi qəsdən günlərlə, bəzən isə həftələrlə gömrüyün qarşısında gözlədirlər. Etiraz edəndə, deyirlər ki, bir də bura gəlməyin, İran ərazisindən yük daşımayın. Narkomanları öyrədib, üzərimizə salırlar. Onlar bizi döyür, təhqir edir, maşınlarımızı əzirlər. Polisə şikayət edirik, deyirlər ki, biz qarışmırıq bu işlərə. Soydaşımız olan gömrük işçilərindən biri dedi ki, sizi buraxmamaq, döyeb-təhqir etmək göstərişi xüsusi xidmət orqanlarından gəlib. Onlar istəmir ki, İran ərazisindən yük daşıyasınız“. Sürücülər deyir ki, başlarına gələnlərlə bağlı Azərbaycanın aidiyyatı qurumlarına müraciət etsələr də, nəticəsi olmayıb. Bu səbəbdən, onlar artıq İran ərazisindən keçməklə yük daşımaqdan imtina edirlər: “Biz hər dəfə İranda döyülüb, təhqir olunmaq istəmirik. Onlar bizi provokasiyaya çəkib, həbs etmək istəyirlər. Bununla bağlı narahatçılığımızı Naxçıvan Gömrük Komitəsinə də bildirmişik. Heç bir tədbir görmək istəmirlər. Bakıya yük aparmaq üçün alternativ yol da var – Türkiyə və Gürcüstan ərazisindən keçməklə. Düzdür, uzaq düşür, ancaq bu cür təhlükə ilə üzləşməkdənsə, bu yolu getməyi istəyirik. Buna da hələlik şərait yaratmaq istəmirlər“.