"Digər ölkələrdə bayramdan öncə qiymətlərdə endirimlər olur, bizdə isə əksinə olur..." - ETİRAZ
Bu gün Novruz bayramıdır. Hər kəs bu günü özünəməxsus şəkildə bayram süfrəsi açıb. Lakin insanlar Novruz süfrəsini açmaq üçün əvvəlcədən hazırlıq işləri aparıblar. Bazarlara da daha öncədən üz tutmaq məcburiyyətində qalıblar. Bir qisim şəxs bahalaşma səbəbindən bayram bazarlığını etmədiklərini, hətta ötən illərə nisbətən daha az alış-veriş edəcəklərini söyləyirlər.
Bəs görəsən, bahalaşma azərbaycanlı sənət adamlarına necə təsir göstərib?
DİA.AZ bildirir ki, Oxu.Az-ın əməkdaşı bir neçə sənət adamı ilə danışıb.
Aktyor Allahverdi Yolçuyev bayrama yaxın qiymətlərin bahalaşmasından şikayətlənib:
“Digər ölkələrdə bayramdan öncə qiymətlərdə endirimlər olur. Bizdə isə əksinə olur. Yazılmayan adətə çevrilib. Bayram qurtarsa da, qiymətlər aşağı düşmür. Camaatın cibini nəzərə almırlar. Novruz müqəddəs, gözəl bayramdır. Hər şey bahadır. Dükanda normal qiymətə nə isə almaq mümkün deyil. 5 qəpik maaş artırsa, ərzaq 15 qəpik artır. Qoz, yağ, un bahadır. Ötən illərə nisbətən ciddi bahalaşma müşahidə olunur”.
A.Yolçuyev sonda bayramı əvvəlki sevinc hissi ilə keçirmədiyini qeyd edib:
“Hələ bayram bazarlığı etməmişəm. Bir qazan xörək bişirib, qeyd etmək olar. Biri var sevinclə keçirəsən, biri də var ki, məcburi. Əvvəlki sevinc hissi də yoxdur. Ümidlə yaşayırıq. İnşallah ucuzlaşar”.
Xalq artisti Firəngiz Mütəllimova hər zaman sadə süfrə açdığını söyləyib:
“Dünyanın hər yerində bahalaşma var. Təmtəraqlı süfrə açmamışıq. Hər zaman sadə qeyd etmişik. Bayram aşımızı bişirib, xonçamızı qurmuşuq. Bədxərclik etməmişik”.
F.Mütəllimova əvvəlki illərə nisbətən bu il bahalaşma olduğunu əlavə edib: “Əvvəlki illərə nisbətən bu il bahalaşma var. Biz əsas İlaxır çərşənbəni qeyd edirik. Şuşada da edirdik. Ən çox əyləncə tonqal qalamaq, papaq atmaq idi. Novruz deyəndə o günlər yadıma düşür. Onlar xatirimdə qalıb. Mütləq plov bişirirdik”.
Müğənni Roza Zərgərli artıq hazırlıq işlərinə başladığını bildirib:
“Hər il olduğu kimi bu il də Novruza hazırlaşıram. Təəssüf ki, ailəmin yanında ola bilməyəcəyəm. Qastrol səfərlərim var. Lakin bayrama hazırlıq gedir. Hər il səmənini də özüm cücərdirəm. Heç vaxt almıram. Evimdə ola bilməyəcəyəm. Valideynlərim, övladlarım bir yerdə olacaqlar. Mən Vyana, Praqa və Budapeştdə olacağam. Konsertlərim var”.
Müğənni Elnarə Xəlilova bayram bazarlığı etməyə zamanının olmadığını əlavə edib:
“Hələ bayram bazarlığı etməyə vaxtımız olmayıb. Bayramlarda məlum məsələdir, biz sənət adamları tədbirlərdə çıxış edirik. Böyük ehtimalla bayram bazarlığını martın 18-də edərik. Yəqin ki, hamıda necə, bizdə də elə olacaq. 6 nəfərin bayramını keçirməyə yetən qədər olsa, bəs edər. Bizim çoxlu xeyriyyə tədbirimiz də var. Əsas gücü o tədbirlərin bayram bazarlığına verməyini düşünürük”.
Müğənni Mətanət Əsədova qeyd edib ki, indi hər şey od qiymətinədir:
“İndi hər şey çox bahadır. Bir tək onu deyə bilərəm. Ötən illərə nisbətən hər şey od qiymətinədir. Bayram bazarlığı etmişəm. Əvvəl necə idisə, indi də o şəkildə hazırlıq işləri gedir”.