Bahar turizmi: yerliləri və gəlmələri hürkütmək istəmiriksə...

Bahar turizmi:
Deputat: “1-2 ulduzlu hotellər tikilməli, bu məqsədlə güzəştli kredit ayrılmalıdır”

Ekspert: “Turizm obyektlərini inhisarçılar işlədir, onlar da qiymətləri qaldırırlar”


Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Özünəməxsus adət-ənənələri olan bu bayramın hər birimiz üçün müəyyən özəllikləri var. Bu bayram təkcə yeni gün, yeni əhval-ruhiyyə demək deyil. Bu bayram həm də qədim dəyərlərin təbliği deməkdir. Hər il Novruz bayramı ilə əlaqədar ölkəmizə gələn turistlər məhz bu bayramın simasında mədəniyyətimizlə daha yaxından tanış olmaq fürsəti əldə edirlər. Bu mənada Novruz ölkəmizdə turizmin inkişafına təkan verən bayramlar sırasında yer alır.

Novruz tətilini maraqlı keçirmək istəyənlər həm turizm agentliklərinin təklif etdiyi turpaketlərdən, həm də yerli hotellərin xidmətlərindən faydalanırlar. Bayramın gəlişi ilə əlaqədar bu il də qiymətlər kəskin sürətdə artıb. Misal üçün, “Marxal Resort & SPA” 800 manat, “Qalaalti Hotel & SPA”da qiymətlər 1100 manat, “Lankaran Springs Hotel”də 1200 manat, “Shamakhi Palace Hotel”də isə 1300 manatdır. Qiymətlərə qidalanma da daxildir.

Bayramı İstanbulda qeyd etməyin tur qiymətləri isə 7 gün üçün 800-1100 dollar civarında dəyişir. Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb. Monteneqro turunun qiyməti 2000 dollardan, Tbilisi turunun qiyməti isə 1000 dollardan başlayır. Göründüyü kimi, ölkəmizdə qiymətlər çox bahadır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, turizmin inkişafı prioritet istiqamətlərdən biridir və qiymətlər münasib olmalıdır: “Görünən odur ki, bayram günləri ilə əlaqədar olaraq hotellərdə qiymətlər təxminən üç dəfə artacaq. Əgər biz regionlarda turizmi inkişaf etdirmək istəyiriksə, ilk növbədə qiymətləri əlçatan etməliyik. Eyni zamanda 1,2 ulduzlu hotellər də istifadəyə verilməlidir. Yəni, turistin seçim imkanı olmalıdır. Bu imkan yoxdursa, həm əcnəbi, həm də yerli turistlər qonşu ölkələrin turistik məkanlarına üz tutacaqlar”.

“Turizm qeyri-neft sektorunun inkişafı və valyutanın ölkənin daxilində qalması baxımından müstəsna əhəmiyyətə malikdir. 1-2 ulduzlu hotellərin inşasına güzəştli kredit ayrılmalıdır. Sahibkarları stimullaşdırmaqla turizm sektorunda rəqabət meyllərini gücləndirmək, nəticə etibarilə qiymət siyasətini düzgün şəkildə tənzimləmək mümkündür”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın sözlərinə görə, daxili turizmdə canlanma yaranmasında müxtəlif amillər yer alır: “Quru sərhədlərinin bağlı, aviabiletlərin qiymətinin isə baha olması mövcud situasiyanı şərtləndirir. Yerli turizm şirkətləri bundan düzgün istifadə etməlidir. Yüksək keyfiyyət və sərfəli qiymət siyasəti yürütsələr, quru sərhədlər açılandan sonra yerli turistlər xaricə deyil, regionlara üz tutacaqlar”.

“Qonaq evlərini, kənd evlərini inkişaf etdirmək lazımdır. Bu gün Azərbaycan dünyada mədəni, müxtəlif tədbirlərə ev sahibliyi edən ölkə kimi tanınır. Bu da turizmimizin inkişafına təkan verə bilər”, - deyə Bayramov vurğulayıb.

“Ege Travel” şirkətinin direktoru Mikayıl Mirzəzadə isə fərqli düşünür. Onun AYNA-ya dediyinə görə, Azərbaycanda turistik məkanların qiymətlərinin baha olması inhisarçılıqla bağlıdır: “Turizm gəlirli sahələrdən biridir. Liberal bazar iqtisadiyyatı olmadığına görə, qiymətləri məmur oliqraxiyası tərəfindən tənzimlənir. Məmur oliqarxiyasına aid olan biznes subyektləri isə heç zaman istehlakçılardan və vətəndaşlardan yana olmayıb. Onları düşündürən yeganə məqsəd daha çox pul qazanmaq, daha çox gəlir əldə etməkdir”.

“Etiraf edək ki, Türkiyə və Gürcüstan turizm imkanları baxımından bizdən irəlidədir. Amma bizdə qiymətlər onlardan dəfələrlə bahadır. Hansı məntiqlə yerli və əcnəbi turistlər Azərbaycana dincəlməlidirlər?! Turizm işbazları əslində bu neqativ fəaliyyəti ilə ölkə turizminin inkişafına zərbə vururlar. 30 illik müstəqillik dövründə Rəqabət Məcəlləsini qəbul etməyən və hər vəchlə buna mane olan məmur oliqarxiyasından nəsə gözləmək və nəyəsə ümid etmək sadəlöhvlük olardı”, - deyə müsahibimiz söyləyib.

Əlavə edir ki, Azərbaycanda Dövlət Turizm Agentliyi mövcud olsa da, fəaliyyəti kağız üzərindədir: “Bu qurum öz ətrafına qrant paylamaq, “gözə kül üfürmək”lə məşğuldur. Heç bir praktik fəaliyyətləri yoxdur. Turizm bazarında qiymətlər od tutub yanır, “daşdan səs çıxır”, bu qurumdan səs çıxmır”.

“Agentlik qrant müsabiqəsi elan etdi. Qaliblər də müəyyənləşdi. Özü də ictimai birliklərə yox, turizm şirkətlərinə qrantlar ayırdılar. Nə iş gördü həmin şirkətlər, hara getdi büdcə vəsaitləri? Bir həftə Monteneqroda 2000, bir həftə Tiflisdə isə 1000 dollar ödəyib dincəlirsən. Bizim Lənkəranda isə günü 1200 manatdır. Aviabiletlər baha, hotellər baha. Azərbaycan turizmi nəinki əlçatan deyil, burada dincəlmək soyulmaqdır. Turizm siyasəti kökündən dəyişməlidir”, - deyə Mirzəzadə fikrini yekunlaşdırıb.
Tarix: 21-03-2023, 17:46
Xəbəri paylaş





Xəbər lenti