Azərbaycan təhsil sistemi itaətkar fərdlər yetişdirməklə məşğuldur

Rəşad Əliyev
Çoxdan haqqında düşündüyüm bir mövzu ilə bağlı bir əcnəbi təhsil mütəxəssisi ilə maraqlı söhbətimiz oldu. Bu haqda fikirlərimi burada da paylaşmaq istəyirəm.
Mövzu isə budur – Azərbaycan kimi avtoritar ölkələr illərdir müxtəlif beynəlxalq təşkilatların (Dünya Bankı, Unesco, Avropa İttifaqı və sair) iştirakı və dəstəyi ilə təhsil islahatları həyata keçirir. Bu islahatlar 2000-ci illərin əvvəllərində başlayandan bəri, çox paradoksal da olsa, avtoritar dövlətimizin avtoritar məmurlarının dilindən tez-tez eşidirdik ki, əzbərçiliyə əsaslanan, şagirdlərdən itaəti tələb edən, tənqidi təfəkkürü və ümumiyyətlə düşüncəni boğan köhnə (Sovet) təhsil sistemi müasir tələblərə cavab vermir, onu dəyişmək lazımdır. Aparılan təhsil islahatları bu köhnə sistemi guya kökündən dəyişəcək, müasir, şəxsiyyətyönümlü bir təhsil sistemi qurulucaq. Bu sistemdə azad düşüncəli, tənqidi və yaradıcı təfəkkürlü vətəndaşlar yetişəcək. Paradoksaldır deyil mi, axı müstəqil fikirli, tənqidi düşünən, hər şeyi sorğu-sual edən, alternativ mənbələrdən araşdırmağı və tədqiq etməyi bacaran fərdlər avtoritar rejimin nəyinə lazımdır? Axı yuxarılara sorğu-sualsız itaət, konformizm üzərində qurulmuş avtoritar rejim belə insanlar yetişdirməklə əslində öz hakimiyyətinin dayaqlarını zəiflətmiş olmur?
20 il əvvəl islahatlar yeni başlayanda özüm də bu islahat layihələrinə rəhbərlik edən qurumda çalışmış və sonradan da təhsil sahəsini yaxından izləyən biri kimi deyə bilərəm ki, bu ideyaların böyük bir qismi cəlbedici ideya olaraq sadəcə layihə sənədləri üzərində qaldı, heç vaxt gerçəkləşmədi. Məmurlarımızı dinləyəndə adama elə gəlir ki, danışan avtoritar ölkənin məmuru yox, təhsil sahəsində ən qabaqcıl, demokratik ölkələrdən birinin məmurudur. Əslində isə avtoritar dövlətin dövriyyəyə buraxdığı və məmurların əzbərləyərək təkrarladığı bu mütərəqqi ideyalar və prinsiplər elə ilk gündən boş vədlər, gəlişi xoş sözlərdən başqa bir şey deyildi.
Necə ki illərdir məhkəmə, prokurorluq və polis sistemində islahatlar aparılır, amma ortada ciddi bir irəliləyiş yoxdur, həmin qurumların avtoritar mahiyyəti dəyişməyib, ədalətdən əsər-əlamət yoxdur – müasirləşən ancaq binalar, avadanlıqlar və xidməti avtomobillərin modelləridir;
Necə ki illərdir idarəetmə və kadr islahatları aparılır, amma hər yeni gələn nazir və ya icra başçısı özündən əvvəlkinə rəhmət oxutdurur;
Necə ki ədalətli və şəffaf seçkilərin təşkili istiqamətində 20 ildən artıqdır guya islahatlar aparılır, amma müsbətə doğru dəyişən heç nə yoxdur və bu gün Azərbaycan vətəndaşı nəinki parlamentdə təmsil olunmur, onun hətta öz bələdiyyə üzvlərini seçmək hüququ belə yoxdur.
Eləcə də təhsil sahəsində guya “uğurlu” radikal islahatlar aparılır, böyük “dəyişikliklər” gedir. Əslində isə Azərbaycan təhsilinin avtoritar mahiyyətində heç bir dəyişiklik yoxdur. Müasir Azərbaycan təhsili Sovet təhsil sisteminin avtoritar ənənələrini olduğu kimi davam etdirir.
Bəli, binalar təmir edilir, müasir avadanlıqlar alınır, siniflərin tərtibatı dəyişir, nəfis dərsliklər nəşr olunur, gündə bir STEAM otağı və ya mərkəzi açılır. Bu işlərdəki nəhəng korrupsiya mexanizmlərinə heç toxunmuram. Amma ən əsas məsələ olan təhsilin məzmunudur ki, burada aparılan islahatlar məhduddur. Məzmundakı fəaliyyətlər əsasən dəqiq elmlərə yönəlib. Məsələn nə edirlər – hazırkı komanda riyaziyyat, fizika və ya kimya üzrə istedadlı bir qrup şagirdləri seçib, onları beynəlxalq olimpiadalara intensiv şəkildə hazırlayıb qısa müddətdə olimpiadaarda medallar əldə edir. Təbii ki, yeni komanda bununla həm də təhsil sahəsində ciddi uğurların olduğu təəssüratını yaratmağa çalışır. Olimpiadalardakı uğurlar özü-özlüyündə əlbəttə ki yaxşıdır. Amma bunun bütövlükdə təhsil sistemindəki islahatlarla və ya təhsil sisteminin inkişaf etdirilməsiylə əlaqəsi marjinaldır.
Yaxud götürək sonuncu PISA beynəlxalq müqayisəli imtahanını. Bu imtahanda iştirak edəcək şagirdlərimizi əvvəlki illərdə olduğu kimi bütün ölkə üzrə məktəblərdən seçmək yerinə bu dəfə onları yalnız təhsil səviyyəsi yüksək olan Bakı məktəblərindən seçmələri (və bununla da ölkənin reytinqini yaxşılaşdırmağa çalışmaları) da onların bu cür yanıldıcı polit-texnoloji fəndlərdə peşəkar olduğunu göstərir. Halbuki avtoritar Çindən başqa imtahanda iştirak etmiş bütün dövlətlər şagirdlərini bütün ölkə üzrə məktəblərdən seçirdilər ki, əldə edəcəkləri nəticələr də bütün ölkənin vəziyyətini əks etdirsin, əks halda onu nə əvvəlki illərin nəticələriylə, nə də başqa ölkələrin nəticələriylə müqayisə etmək mümkün deyil və dolayısıyla ölkə təhsilinin vəziyyətini müqayisəli qiymətləndirmək olmur.
Bəli, haqqını vermək lazımdır, Emin Əmrullayevin komandası sosial mühəndislik və siyasi texnoloq fəndləri işlətməkdə, bu cür manipulyativ və təəssüratlandırıcı addımlar atmaqda çox peşəkardır. Bu məsələdə Misir Mərdanovun komandası onun əlinə su tökməyə yaramaz. Qərb təhsili fərqi özünü göstərir 
Bir sözlə, bu gün təhsildə aparılan işlərin nəticəsində şagirdlər ən uzağı dəqiq elmləri yaxşı öyrənir və sadəcə yaxşı mütəxəssis ola bilir. Bu qədər. Amma bu gün Azərbaycanın təhsil sistemi fərdlərdə müasir mədəni cəmiyyətin atributları olan liberal, demokratik dəyərləri və vərdişləri formalaşdırmaq, azad düşüncəli, tənqidi və yaradıcı təfəkkürlü vətəndaşlar yetişdirmək adına ciddi bir şey etmir. Bunu sadəcə sözdə, gəlişi gözəl amma içi boş sözlərlə televiziya ekranlarından deyirlər, amma reallıqda heç biri yoxdur. Etmələri də mümkün deyil, çünki yuxarıda izah etdiyim kimi, avtoritar rejimin belə bir şey etməsi məntiqə ziddir. Tam əksinə, mövcud təhsil sistemi bağçalarda və məktəblərdə hamımıza məlum olan ideologiyanı (buna ideologiya demək mümkündürsə) aşılayır. Şəxsiyyətə pərəstiş edən, mövcud ədalətsiz sosial-iqtisadi və siyasi sistemi sorğu-sual etmədən kor-koranə qəbul edən, tənqidi təfəkkürü boğulan, itaətkar fərdlər yetişdirir. Çünki avtoritar dövlətə fərdlər məhz bu şəkildə lazımdır, faydalıdır.
Tarix: 26-03-2023, 11:38
Xəbəri paylaş





Xəbər lenti