Səttar Mehbalıyevin "Ailə Konfederasiyası"


Səttar Mehbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındakı (AHİK) fəaliyyəti yoxlanır. Bu haqda KİV-də xəbərlər yayılıb. Sovet dövründən bu yana həmkarlar ittifaqlarında “at oynadan” Səttar Mehbalıyevin varidatı hazırda 10 milyonlarla ölçülür. 
İllərdir ki, AHİK-in Mehbalıyevin “ailə konfederasiyası” kimi idarə olunması kimsəyə sirr deyil. Səttar Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. 
Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir. Yəni tam bir “ailə konfederasiyası”.
Səttar Mehbalıyevin xanımı Türkiyədə “Sat Turizm Diş Ticaret Limited” şirkətini təsis edib. Həmkarlar ittifaqında baş verən korrupsiya, maliyyə maxinasiyaları və qanun pozuntuları haqda tam təsəvvür yaratmaq üçün bir neçə statistik göstəriciyə nəzər yetirmək kifayətdir. AHİK-in sədri həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəri olduğundan əvvəlcə elə bu sahədəki qüsurlar diqqət çəkir. Məsələn, ölkə üzrə təxminən 170 min orta məktəb müəllimi var, onların həmkarlara qoşulmaq üçün üzvlük haqqı maaşının 2 faizini təşkil edir. 1 il ərzində bu vəsait 10 milyon manata yaxındır. Nə vaxtsa bu pulla müəllimlər putyovka ilə müxtəlif yerlərə istirahətə göndərilirdi. Bir sözlə, deyiləcək faktlar, nümunələr çoxdur. Bəs,iqtisadçılar nə düşünür?
İqtisadçı-ekspert Natiq Cəfərli bununla bağlı Tribunainfo.az-a bildirib ki, Azərbaycanda həmkarlar təşkilatı tam formal bir qurumdur.
Onun sözlərinə görə, Həmkarlar Konfederasiyası ümumiyyətlə, vətəndaşlarla işləmək, vətəndaşların problemlərini həll etmək üçün yaradılmış bir qurum olsa da, elə deyil: “Bizdə çoxu bu qurumun işinin nədən ibarət olduğunu bilmir. Həmkarlar İttifaqının fəaliyyətini nə olmalıdır?
Məsələn, qonşu və qardaş Türkiyəyə baxsaq, onlar hökumətlə danışıqlar aparır, minimum əməkhaqqı ilə bağlı, yaşayış minimumu ilə bağlı tətillər edirlər, müxtəlif görüşlər keçirirlər, hökümətə təzyiq göstərirlər və sosial güzəştlər əldə edirlər öz üzvləri üçün.
Bizdə nə vaxt həmkarlardan hansısa bir formada bu tip fəaliyyətlə məşğul olub? Heç vaxt. Deməli bizdə formal xarakter daşıyır və ümumiyyətlə həmkarlar haqqında qanunvericiliyin özündə də ciddi problemlər var. Yəni paralel və alternativ həmkarlar təşkilatlarını yaratmaq da demək olar ki, mümkün deyil və bu məsələ mütləq həllini tapmalıdır”.
N.Cəfərlinin fikrincə, tələbələrin, işçilərin fərqi yoxdur, müxtəlif paralel həmkarlar təşkilatlarının yaradılmasına imkan və fürsətlər yaradılmalıdır: “Çünki indiki həmkarlar konfederasiyası dövlət qurumu kimi fəaliyyət göstərir, az qala nazirliyə çevrilib. Amma faktiki olaraq o hökumətlə hər gün didişən quruma çevrilməlidir. Höküuətlə hər gün danışan, insanların haqlarını, hüquqlarını müdafiə edən bir qurum olmalıdır. Təəssüf ki, belə bir mənzərəni biz görmürük”.//Tribunainfo.az//
Tarix: 1-04-2023, 14:19
Xəbəri paylaş





Xəbər lenti