PREZİDENT MÜƏLLİMLƏRİN MAAŞINI 15 FAİZ QALDIRDI, TƏHSİL NAZİRLİYİ İSƏ DAHA DA AŞAĞI SALDI - Orta məktəb və uşaq bağçalarının müəllimlərindən etiraz

PREZİDENT MÜƏLLİMLƏRİN MAAŞINI 15 FAİZ QALDIRDI, TƏHSİL NAZİRLİYİ İSƏ DAHA DA AŞAĞI SALDI - Orta məktəb və uşaq bağçalarının müəllimlərindən etiraz

Bakı şəhərindəki bəzi orta məktəb və uşaq bağçalarının bir qrup  müəllimi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, onların əmək haqları və dərəcələri aşağı salınıb, buna səbəb kimi isə qeyri-ixtisas müəllimi olmaları göstərilir:
“Hər birimiz ali təhsilli müəllimik. Müxtəlif bağça və məktəb müəllimləriyik. Bizim əmək haqlarımız və dərəcələrimiz aşağı salınıb. Buna səbəb olaraq qeyri-ixtisas müəllimi olmağımız göstərilir. Halbuki, bir çoxlarımız 1996-ci ildən 2009-cu ilədək öz ixtisasımız üzrə işləmişik”.
Adının müəyyən səbəblərə görə açıqlanmasını istəməyən şikayətçilərdən biri deyir ki, Bakıdakı uşaq bağçalarının birində tərbiyəçi vəzifəsində işləyir: “14-cü dərəcəyəm, mart ayının  maaşı köçəndə, əmək haqqımın az olduğunu görüb, bunun səbəbi ilə maraqlandım. “İxtisasınızda məktəbə qədər sözü yoxdur, ona görə də 10- cu dərəcəyə salınmısınız”, - dedilər. Maraqlandım, bütün bağçalarda vəziyyət eynidir. Staj nəzərə alınmadan ali təhsillilər 10-cu dərəcəyə salınıb.
Xahiş edirik, bütün müəllimələr adından bu məsələyə aydınlıq gətirəsiniz. Əgər həqiqətən də qanuna uyğun addım atılıbsa, deyəcək sözümüz yoxdur. Biz müəllimlər haqqımızı tələb etməyə də qorxuruq, çünki işimizi itirməkdən ehtiyat edirik.
Bəllidir ki, prezidentin qərarı ilə maaşlar 15 faiz qalxdı, amma bizdə əksinə oldu. Yəni Təhsil Nazirliyi prezidentin qərarının əksinə getdi. Qalxan maaş bir yana qalsın, illərdir əmək verib qazandığımız stajı yoxa saydılar və əvvəlki maaşımız da aşağı salındı.
Xahiş edirik bu mövzunu işıqlandırasınız. Təhsil Nazirliyi niyə bizim haqqımızı tapdalayır?!”
Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlayıb, suallarımıza cavab tapmaq istəsək də, zənglərimizə cavab verən olmadı.
Belə fikirləşirik ki, təhsildən önəmli işləri olduğu üçün zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 2-04-2023, 13:47
Xəbəri paylaş





Xəbər lenti