Yanlış reklam siyasətinin iqtisadiyyata vurduğu ZƏRBƏ — “ADRA-nın səhv qərarları...”




Reklam iqtisadiyyatın lokomotividir. Əgər bu gün iqtisadiyyatımızın inkişafına mane olan faktoları araşdırsaq, səbəblərdən birinin reklam siyasətinin düzgün qurulmaması olduğunu görə bilərik.

Paytaxtımızdakı açıq hava reklamlarına diqqət yetirsək, görərik ki, yerli istehsal olan məhsulların reklamlarına çox az rast gəlinir. Üstəlik, reklam üçün müəyyən edilmiş qiymətlərdə yerli istehsalçılarla əcnəbi şirkətlərə fərq qoyulmaması xeyli sual doğurur. Bu da təbii ki, yerli istehsalın inkişafına əngəl törədir.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Millət vəkili Vahid Əhmədovun fikirlərini öyrəndik.  
Deputat Bizim.Media-ya açıqlamasında “Reklam haqqında” qanuna bir çox dəyişikliklərin edildiyini bildirib:

“Amma çox təssüf ki, bugünkü reallıqlar şəraitində “Reklam haqqında” qanuna tam əməl edilmir. Bu sahədə problemlər kifayət qədər çoxdur. 

Reklam hərəkətverici qüvvədir. Ölkəmizin sənaye potensialının güclü reklam edilməsi lazımdır. Amma biz daha çox əcnəbi şirkətlərin reklamını görürük.

Halbuki, yerli sahibkarlara ADRA daha çox yer ayırmalı, onlara qiymətdə güzəştlər etməlidir. Ən pisi də odur ki, bu qurumdan büdcəyə gələn gəlir çox cüzidir. Bu barədə dəqiq məlumatı Vergi Xidməti bilir. 

Əslində isə reklamdan Azərbaycana yüz milyonlarla gəlir gəlməlidir. Amma hanı? Çünki, gəlirlər şəxsi ciblərə gedir. Bu gün reklam idarəçiliyində dəyişikliyə çox böyük ehtiyac var. ADRA ilk növbədə yerli şirkətlərlə müqavilələr bağlamalı və onlara qiymətlərdə güzəştlər etməlidir. Yalnız bundan sonra xarici şirkətlərə yer vermək lazımdır. Reklam iqtisadiyyata xidmət edən sahədir. Lakin Azərbaycan iqtisadiyyatı bu xidmətdən məhrumdur”.  

Azərbaycan Reklamçılar İttifaqının sədri Etibar Əbdülqasımov ADRA-nın yarandığı dövrdə qurumdan gözləntilərin çox böyük olduğunu bildirib:

“Lakin, sonradan bu ümidlər puç oldu. Yeni qurum tərəfindən reklam strategiyası düzgün qurulmadı. ADRA-nın yarandığı andan etibarən apardığı yanlış siyasət reklam sənayesində çalışan yüzlərlə insanı işsiz qoydu. Üstəlik, reklamın dövriyyəsi xeyli kiçildi.

Açıq məkanda reklam yayan yerli şirkətlər birtərəfli qaydada sıxışdırıldı. Bütün reklam bazarı bir neçə şirkət arasında bölüşdürüldü. Beləcə, açıq məkanda reklamların sayı çoxalsa da, ADRA tərəfindən toplanan vəsaitin həcmi ilbəil azaldı”.

Etibar Əbdülqasımov onu da qeyd edib ki, ADRA yarananda Azərbaycanda reklam bazarının illik dövriyyəsi 30-35 milyon manat civarında idi:

“Bu gedişlə 2023-cü ildə açıq məkanlardakı reklamların dövriyyəsi 40 milyona çatmalı idi. Amma bu artımı biz görmürük. ADRA-nın illik dövriyəsi bir neçə milyonla “məhdudlaşır”. Bu da ciddi suallar doğurur”.

Reklam üzrə ekspert Cahid Həsənov isə daha bir məsələyə diqqət çəkib:

“ADRA qəribə siyasət yürüdür. Məsələn, bu gün regionlarımızda fəaliyyət göstərən yerli zavod və fabriklərə təklif olunan reklam yerinin qiyməti dünya brendlərinə təklif olunan qiymətlərlə eynidir. Bu yarıtmaz qiymət siyasəti nəticəsində regiondakı şirkətlər nəinki xaricə, heç Bakı bazarına nüfuz edə bilmir.

Əminliklə deyə bilərik ki, bu disbalans aradan qalxsa, regiondakı sahibkarlar asanlıqla Bakı bazarına girə bilərlər. Üstəlik, istehsal etdikləri əmtəələrini 10-15 dəfə artırarlar. Çox təəssüf ki, məntiqsiz qiymət qaydalarına görə regionlarda istehsal olunan məhsullarımız hələ heç öz rayonlarında belə özlərini tanıda bilmirlər”.

Ekspert məsələ ilə bağlı hansı addımların atılmalı olduğunu da qeyd edib:

“Bütün bu mənfiliklərin aradan qaldırılması üçün ADRA peşəkar reklamçılarla və yerli sahibkarlarla iş aparmalı, 30 illik iş təcrübəsinə malik ARİ (Azərbaycan Reklamçılar İttifaqı) ilə sıx əlaqə yaratmalıdır. Bakı şəhərinin mərkəzi yerlərində "Region reklamları” lövhələrinin qoyulması lazımdır. Və bu lövhələrdə region sahibkarlarının məhsulları nümayiş etdirilsin”.

Səsləndirilən fikirlərlə bağlı ADRA-nın da mövqeyini öyrənmək istədik. Qurumdan məsələ ilə bağlı ən qısa zamanda ətraflı məlumat veriləcəyi bildirilib.

Məsələni diqqətdə saxlayacağıq.
Tarix: 4-04-2023, 15:54
Xəbəri paylaş





Xəbər lenti