Qida terroru VAR GÜCÜ İLƏ DAVAM EDİR... - Dövlət qurumları isə "şou tədbirləri" görür

Qida terroru VAR GÜCÜ İLƏ DAVAM EDİR...
Bir neçə gün öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkədə istehsal edilən kolbasa və sosiska məmulatlarının tərkibinin yoxlanılmasına qərar verib. Məlum olub ki, ölkədə “halal” adı ilə insanlara donuz əti yedirən, “mal əti” adı altında toyuq və yaxud tərkibində ət olmayan kolbasa və sosiskaları yedirən işbazlar var. Onlar haqqında ölçü götürüləcək bəlkə də, bəlkə də yox...
...Yenə də dəyişməyən bir reallıq var. İslam dininə iman gətirib, ömrünü halal ilə keçirmiş insanlar var ki, bu işbazların sayəsində donuz ətinin də dadına baxıb.

Düzdür, din qaydalarına görə, bilməyərəkdən yeyilən haram qidalar üçün insan məsuliyyət daşımır. Çünki gözünlə məhsulun üzərində böyük-böyük yazılmış “halal” sözünü görürsən. Kolbasa və ya sosiskanın tərkibini müəyyən edə biləcək xüsusi güc isə hələ insana bəxş edilməyib.

Bu da bir kənara... Bəs, tərkibində ət var deyə istehlakçını aldadan, sözün əsl mənasında haram yeyənlərə nə deyəsən? Haramın olsunmu? Bilmirəm, bircə onu bilirəm ki, ölkədə ən çirkli bazarlardan biri də kolbasa və sosiska məmulatları bazarıdır. Mağazalarda bəh-bəhlə satılan, bəzən baha olduğu üçün bəzi insanların həsrətlə baxdığı bu məhsulların sən demə sadəcə görüntüsü varmış...

Siam.az-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, kolbasa, sosiska bazarı, bazarın çox çirklənmiş bir hissəsidir. Ekspertin fikrincə, ölkədə normal kolbasa və sosiska istehsal edən müəssisəsələr də mövcuddur.

O, hesab edir ki, xaricdən gətirilən kolbasa, sosiska məmulatlarında çox böyük problemlər var. Belə ki, tərkibində ət olmayan kolbasa və sosiska məmulatları Rusiyadan və digər ölkələrdən Azərbaycana gətirilir. Yerli istehsalçılar isə mal əti əvəzinə camış ətindən istifadə edirlər.

“AQTA yoxlamaları zamanı kolbasalarda mal əti müəyyən edə bilməyib. Amma bu kolbasaların tərkibində camış əti var və bu da normal ətdir”,- deyən Eyyub Hüseynovun sözlərinə görə, istehsalçı müəssisələr kolbasaların üzərində tərkibi haqqında məlumat yerləşdirərkən camış əti olduğunu qeyd etməlidir. Ekspert bildirib ki, mal əti və camış əti eyni sinifdən olduğu üçün üzərinə mal əti yazılır.

P.S. Hər nə olursa olsun, istehlakçını bu şəkildə aldatmaq həm də qanun pozuntusudur.

Xatırlayırsınızsa, leş alveri ilə məşğul olan bir neçə işbaz var idi. Onlardan ən məşhurlarından biri “leş Tofiq” idi. Amma nə oldu? Bir müddət sonra azadlığa buraxıldı.

Yəni, ölkədə qida sektoruna ciddi nəzarət olunmalı və insanların sağlamlığına, qidasına haram və keyfiyyətsiz məhsullar qatanlar cərimələrlə, qısa müddətli islah işləri və yaxud qısa müddətli azadlıqdan məhrumetmə cəzaları ilə cəzalandırılmamalıdır. Çünki cəzasızlıq yeni cinayətlərin yolunu açır.
Bizimyol.info
Tarix: 12-04-2023, 15:09
Xəbəri paylaş





Xəbər lenti