Bıçaq gənclərin “sevimli” silahına çevrilib - artan cinayətlərin səbəbi

Bıçaq gənclərin “sevimli” silahına çevrilib - artan cinayətlərin səbəbi
Bıçaqla törədilən cinayətlərin sayında artımın ilginc səbəbləri, statistika və cəza mexanizmi...

Son aylar xüsusilə paytaxt Bakıda bıçaqlanma hadisələrinin sayı artıb. Kriminal xronikada hər iki hadisədən biri bıçaqlanma ilə bağlıdır. İntiqam almaq istəyən, arvadından şübhələnən, borcunu tələb edən... hər kəs cibində bir bıçaq gəzdirir az qala. Bunun kütləvi hal alması, eləcə də qarşısının alınması üsulları ciddi müzakirə mövzularından olmalıdır.


“Yeni Müsavat” son bir neçə günün statistikasına nəzər yetirib, bu hadisələrin baş vermə səbəblərini incələyib. Tarixi və hadisənin “qəhrəmanlar”ı ilə bərabər kimin bu işi niyə, necə törətdiyinə nəzər salaq.

18.12.2017

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində iki qadının davası bıçaqlama ilə nəticələnib. Hadisə 12-ci polis bölməsinin ərazisi olan İlyas Aslanov küçəsində baş verib. İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Günay Xanbaba qızı Əliyeva əri Əliyarın (soyadı məlum deyil) sevgilisi olan, 1994-cü il təvəllüdlü Aynurə Fazil qızı Babayevaya qısqanclıq zəminində çoxsaylı (6) bıçaq zərbələri vurub.

Ərinin onu aldatdığını bilən Əliyeva rəqibinin telefon nömrəsini əldə edərək şəhərdəki parklardan birində onunla görüş təyin edib. Ərinin sevgilisi təyin olunmuş vaxtda razılaşdırılmış yerə gəlib. Qadınlar münasibətlərinə aydınlıq gətirməyə başlayıblar. Elə bu vaxt Əliyevanın əri sevgilisinə zəng edib. Babayeva Əliyevaya acıq vermək üçün zəng edən abonentin nömrəsini ona göstərərək deyib: “Budur, bax, sənin ərin zəng edir”.

Əliyeva əvvəlcədən cibinə qoyduğu bıçağı çıxararaq rəqibinə hücum edib. Hər şey onunla qurtarıb ki, zərərçəkəni 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparıblar, Əliyevanı isə polis saxlayıb. Zərərçəkənin ifadəsini almaq hələlik mümkün olmayıb.

Qeyd edək ki, Əliyeva gizlənməyə cəhd göstərməyib və polis hadisə yerinə gələnə qədər gözləyib. Əliyevanın azyaşlı övladı var. Bədənə ağır xəsarət yetirməyə görə ona qarşı AR Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılıb.

18.12.2017

Ağstafada bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qırlı kəndində baş verib. Masallı rayon sakini, Ağstafada işləyən 1992-ci il təvəllüdlü Məmmədli Ərəstun Loğman oğlu bıçaq yaraları ilə xəstəxanay yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Ə. Məmmədov mübahisə zəminində bibisi oğlu tərəfindən bıçaqlanıb.

18.12.2017

Bakıda gənc oğlan bıçaqlanıb. Hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, Yeni Yasamal yaşayış ərazisində 1990-ci il təvəllüdlü Məmmədov Coşqun Adil oğlu özünün dediyinə görə, tanımadığı şəxslə mübahisə edib. Nəticədə naməlum şəxs onu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

18.12.2017

Bakının Binəqədi rayonu, Cəfər Xəndan küçəsində bıçaqlanma hadisəsi qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada Orxan Qəmbərov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində davanın iştirakçıları, Bakı şəhər sakinləri Şahin Hüseynov, Vaqif Hüseynov, Şərur rayon sakinləri Pərvin Hüseynov və Vüsal Quliyev tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

18 dekabr 2017

Şabranda bıçaqlanma hadisəsi olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan “Trend”ə verilən məlumata görə, şəhər sakini Əşrəf Abbasov “qarının və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə Şabran Mərkəzi Xəstəxanasına gətirilib.

RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini 1995-ci il təvəllüdlü Seymur Niftəliyev tutularaq polis şöbəsinə gətirilib. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib, aralarında yaranmış münaqişə zəminində Ə.Abbasova xəsarət yetirdiyini bildirib.

Baş vermiş hadisə ilə əlaqədar Şabran RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, ibtidai istintaq aparılır.

Bıçaq soyuq silahdır və onu gəzdirməyin məsuliyyəti yüngül sayılmaz...

Gördüyünüz kimi, hadisələrdən hamısı bir gün ərzində baş verənlər idi. Və inanın ki, belə hadisələrin aylıq statistikasına da diqqət yetirsək sayı-hesabı yoxdur. Motivlər fərqli olsa da, nəticə eynidir: “bıçağı çıxardı və öldürdü”, “yaraladı”...

Bəs silah gəzdirmək hansı hüquqi məsuliyyəti yaradır? Öncə ondan başlayaq ki, silahlar odlu və soyuq olmaq üzrə iki hissəyə bölünür. Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddir.

Soyuq silahlar da iki yerə bölünür: cinayət məsuliyyəti daşıyan və daşımayan.

Qanuna əsasən, soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.

Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, soyuq silahı əldə etmə, satma və ya gəzdirməyə görə - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna təşkil edir.

Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, yuxarıda yazdığımız cinayət məsuliyyəti nəzərdə tutulur.

Bıçağın uzunluğu 4 santimetrdən artıqdırsa...

Amma bu günə qədər sosial şəbəkədə, mediada da üstündə bıçaq gəzdirən şəxslər barəsində cinayət işi açılması və işinin məhkəməyə göndərilməsi barədə xəbərlər yayılıb. İnsanlar bir çox hallarda maşınlarının saxlanc yerindən (“bardaçok”) ticarət şəbəkələrində açıq satışda olan bıçaq aşkar olunduğu üçün barələrində Cinayət Məcəlləsinin 228.4-cü maddəsilə cinayət işi açıldığından şikayətləniblər. Məktəblərin qabağında, çayxanalarda da zaman-zaman aparılan polis axtarışı zamanı bəzi gənclərin, yeniyetmələrin cibindən bıçaq çıxması halları olub. Bıçaq gəzdirənlər bunu müdafiə məqsədi ilə etdiklərini desələr də, qanunlar onları müdafiə etmir.

Ümumiyyətlə, sovet dönəmində uzunluğu 4 santimetrdən artıq olan bıçağa görə məsuliyyət nəzərdə tutulurdu. Müxtəlif ölkələrdə isə qanunlar başqa şey deyir.

Məsələn, Yaponiyada kəsici hissəsinin uzunluğu 15 sm və ya çox olan istənilən qatlanmayan bıçağa sahib olmaq üçün müvafiq prefektura təhlükəsizliyi komissiyasının razılığı olmalıdır. Həmçinin 6 sm-dən uzun olan cib bıçaqlarına (avtomatik açılıb-bağlananlar, nizə hissəsinin uzunluğu 15 sm olanlar və yapon halberdləri) sahib olmaq istəyənlər də eyni icazəni almalıdırlar. Kəsici hissəsi 6 sm-dən uzun olan bütün bıçaqların saxlanması və gəzdirilməsi istisna halları (məsələn, vəzifəsini yerinə yetirirkən) çıxmaq şərti ilə qadağandır. Qanunun pozulması halları müşahidə olunduğu halda 2 il azadlıqdan məhrumetmə və ya 300 000? cərimə ödənilməsi cəzası tətbiq olunacaqdır.

Kim bıçağı niyə gəzdirir - sosioloji sorğu...

Tendensiya onu göstərir ki, Azərbaycanda bıçaqla gəzən şəxslərin orta yaş həddi 15-29-dur. Bu yaşda olan insanlar üçün bıçaq əlçatandır. Onlar bir çox hallarda güc nümayişi, aqressiyanın hansısa formada ifadəsi üçün bu silah növünü üzərlərində daşıyırlar. Psixoloqlar hesab edir ki, xüsusən iradəsinə qalib gələ bilməyənlər bıçaqdan kriminal məqsədlər üçün istifadə edir. Ailə tərbiyəsi, təhsil səviyyəsi, mütaliəsi də onun bu davranış və vərdişlərinin yaranmasında mühüm rol oynayır.

Bundan başqa, bıçaq gənc və yeniyetmələr üçün çox əlçatan sayılır. İstənilən təsərrüfat malları mağazasında onların satışına rast gəlmək mümkündür. Mütəxəssislərin sözlərinə görə, soyuq silahla törədilən cinayətlərin sayının çoxluğu ona əlçatanlığın asan olmasından irəli gəlir. Nə orta, nə ali məktəblərdə oğlan şagird-tələbələrin üzərinin yoxlanılması, nə də evdə nəzarətin güclü olması bu sayaq halların artmasına səbəb olur. Nəzarət zəiflədikcə, gənclər, yeniyetmələr bir-birinə baxıb, bıçaq gəzdirməni adi hala çevirəcəklər və bu da son nəticədə ölkədəki kriminogen durumu sərtləşdirəcək.

Hansı bıçaqların soyuq silah hesab olunması barədə rəyi isə adəti üzrə ekspertlər verir. Burada bıçağın tiyəsində onun əl tutumu yeri, ağzının uzunluğu və sair məsələlərlə bağlı incə nüanslar var. Bir çox hallarda da bıçaq istifadə olunduqdan sonra ona qiymət verilir ki, bunu soyuq silah kimi qiymətləndirsinlər. Amma bir çox ekspertlər hesab edirlər ki, əgər bıçaq kəsici, deşici xarakterə malikdirsə, soyuq silah kimi xarakterizə oluna bilər və məsuliyyət halıdır. Burada kimsə evindən bıçaq götürüb yolda tutulursa o da məsuliyyətə cəlb oluna bilər.

Üstündə bıçaq gəzdirənlərin böyük əksəriyyəti iddia edir ki, məqsəd öz təhlükəsizliyini qorumaqdan ibarətdir. Sosioloqlarsa hesab edir ki, bunu edən şəxslər özlərini təhlükəsizlikdə hiss etmirlər. Ədalətin çıxış yolu sahəsi olduğunu hiss etməyənlər polisə, hüquqa güvənməyənlərdə özlərini qoruma instinkti yaranır. Güvən duyğusundan əskik olan insanlar evlərində, iş yerlərində, maşınlarında mütləq özlərini qorumağa yönəlik bir alət daşıyır. Bu alətlər sayəsində də əksik olan güvən duyğusu tamamlanmış olur. Yeniyetmə və gənclərdə isə daha çox baxdığı kriminal filmlərdən təsirlənmə, “cərgədən geri qalmama” psixologiyası hakimdir. Onlar məhz özlərini hansısa film qəhrəmanına bənzətmək, ya da yaşıdlarından seçilməmək üçün bıçaq daşıyırlar. Amma nəzarət güclü olarsa, bunun da qarşısını almaq mümkündür.

Sevinc TELMANQIZI
Tarix: 20-12-2017, 11:19
Xəbəri paylaş





Xəbər lenti