Deputat həbsdən buraxılan iki gənclə bağlı baş verənlərdən danışdı


Fəzail Ağamalı: “Ola bilsin, həmin gənclər başqa bir şəxs və ya şəxslər tərəfindən düşünülmüş şəkildə yenidən proseslərə qatılırlar”

Son əfv sərəncamı ilə azad olunan siyasi məhbuslardan əvvəlcə Bayram Məmmədovun 30 sutka inzibati cəza alması, ardınca digər fəal Qiyas İbrahimovun Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb iki saat dindirilməsi müzakirələr doğurub. Bu istiqamətdə çoxsaylı mövqelər səslənməkdədir.

50-dən çox siyasi məhbusun azad olunduğu son əfv sərəncamının ölkə daxilində və xaricində müəyyən dairələri ciddi narahat etdiyi bildirilir. Məhz əfvə kölgə salmaq üçün bu cür situasiyanın əvvəlcədən təşkil olunduğu ehtimal edilir. Burada hakimiyyətdaxili bəzi qrupların əlinin olduğu yönündə də iddialar var. Artıq “Human Rights Watch” və “Amnesty İnternational” kimi nüfuzlu beynəlxalq qurumlar B.Məmmədovun dərhal azadlığa buraxılması ilə bağlı bəyanat qəbul ediblər. Siyasi şərhçilər bu cür bəyanatların son əfv sərəncamından sonra daha da istiləşən Azərbaycan-Qərb münasibətlərinə kölgə sala biləcəyindən narahatlıq doğuran açıqlamalar verirlər.

Gənc fəalların yenidən həbsə həvəslənməsi təbii suallar doğurur.  B.Məmmədov və Q.İbrahimovun partiya mənsubiyyətləri olmadığı üçün əlbəttə ki, sosial bazaları da yoxdur. Amma sanki indi onlar “iki lider” kimi ortaya çıxıblar, diqqəti özlərinə cəlb etmək üçün  “yarışırlar”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”da məsələyə bu cür münasibət bildirdi: “Bu gənclər ölkə prezidentinin lütfkarlığı ilə azadlığa çıxdılar. Digərləri də eyni şəkildə azad olundular. İndi onlar hüquqi baxımdan üzərlərinə düşən öhdəlikləri yerinə yetirməli, hüquq-mühafizə orqanlarının onlara müraciətlərinə aqressiv yanaşmalı deyillər. Açığı, sizə deyim ki, bunu istəməzdim. Onlar baş verənlərə əsas yaratmalı deyillər. Hər kəs həyatda səhv buraxa bilər. Əgər səhv buraxırsa, bunu  təkrarlamalı deyil, nəticə çıxarmalıdır. Bir daha belə səhvlərə yol verməli deyillər. Ola bilsin ki, həmin gənclərimiz başqa bir şəxs və ya şəxslər tərəfindən düşünülmüş şəkildə yenidən proseslərə qatılırlar, onlara aqressiv olmaq, hüquq-mühafizə orqanlarının çağırışlarına cavab verməmək tövsüyyə edilir. Bunun da nəticəsində onlar müvafiq orqana çağırılırlar və bildirilir ki, bu cür hallar təkrar olmasın. Gəncin biri 2 saat dindirilib və çox güman ki, ona xəbərdarlıq olunub. Bu xəbərdarlıqdan nəticə çıxarılmalıdır. Digər gənc barəsində verilən 30 sutka cəzadan da hər kəs nəticə çıxarmalıdır. Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə də hər kəs qanuna hörmət etməyi, tabe olmağı bacarmalıdır. Ona görə də burada hüquq-mühafizə orqanlarını günahlandırmaq fikrindən çox-çox uzağam. Çünki onlara nə düşüb ki, iki gənc barəsində bu cür addımlar atsınlar? Deməli, burada müəyyən əsaslar var. Hamı intizamı qorumalıdır. Ölkədə vəziyyətin gərginliyini istəyən qüvvələrin olduğu barədə iddialarla bağlı nəsə deyə bilmərəm. Hər halda mənə belə bir qrup məlum deyil. Təbii ki, əgər belələri varsa, onlar da radikal müxalifətin yanında yer alırlar, dövlətçiliyə zərbə vururlar. Əgər jurnalist kimi araşdırma aparıb dəqiqləşdirsəniz, ondan sonra fikirlərimizi tam deyə bilərik”.

Deputat beynəlxalq təşkilatların son bəyanatlarına da toxundu: “Beynəlxalq təşkilatların bəyanatlarına gəlincə, həmin qurumlar Azərbaycanı anarxiya döndərmək istəyirlər. Bir insan  qanunu pozursa, bunun cavabını da verməlidir. Verilən xəbər budur ki, polisin tələbinə tabe olmayıblar. Belə olan halda polis nə etməlidir? Gözləməlidir ki, bu cür halların davamı gəlsin? Bu cür olarsa, təsəvvür edin ki, Azərbaycan hansı vəziyyətə gələ bilər. Hüquq-mühafizə orqanlarının qarşısında duran əsas vəzifə odur ki, ölkədə əmin-amanlığı qorusunlar. Bir gəncə, ayrı-ayrı təşkilatlara görə dövlətimizi ayaq altına verməli deyilik ki... Ona görə də mənim üçün dövlət, dövlətçilik əsasdır. Dövlətimizin qanunlarına hər kəsin tabe olmasına ciddi yanaşma var. Kimliyindən asılı olmayaraq, hər kəs qanuna tabe olmalıdır. Bir fakt deyim. Siz zəng edəndən öncə yaxın dostumla yol gedirdim. Maşını saxladılar. İndi mən yol polisinə deməli idim ki saxlamıram? Heç nə demədim və maşını saxlatdım. Maşının 25 manat cəriməsinin olduğu bildirildi. Mən də həmin məbləği ödədim. İndi mən deputatam deyə maşını saxlamalı deyildim? Olmaz axı belə. Əgər hüquq-mühafizə orqanları vətəndaşın hüquqlarını pozursa, onu tapdalayırsa, ona qarşı kobudluq edirsə, ondan təmənna güdürsə, həmin hüquq-mühafizə orqanın işçisi cəzalandırılmalı, ona da sərt qanunlar tətbiq edilməlidir. Bu cür düşüncə ilə yaşayıb dövlətçiliyimizi gələcəyə aparmalıyıq. Bunun alternativini görmürəm”.

Tarix: 6-04-2019, 10:06
Xəbəri paylaş





Xəbər lenti