Kötük beyinlilər


Yeniyetmə Elinanın intiharı ilə ortaya çıxan problemləri, yaraları bir-bir seyr etməklə məşğuluq. Baxmayaraq ki, bu hadisəyə qədər də bir çox məktəblilərin mənən intiharına, qətlinə şahidlik etmişdik. Amma bu, həyəcan təbili olar deyə ümid edirik. Təhsil sahəsində gözlənilən islahatlar üçün bir əcəl zəngi çalınıb deyə düşünək. Bir gündə, bir ayda yox, amma artıq bu hərəkətlənmə başlasın. Təbii ki, məktəb pəncərələrinin kilidlənməsi, məktəbliləri yaxınlaşan may-iyunda havasızlıqdan öldürmə tədbiri şəklində yox. Daha konseptual, daha məntiqli və daha funksional.

O gün bir neçə rəy yayıldı sosial şəbəkədə. Biri də o idi ki, məktəbdə kişi müəllimlərin sayı artsa, bu, ümumi təhsil mühitini dəyişər. Hətta yazanlardan bəziləri təklifi daha da irəliyə apararaq bildirirdilər ki, məktəblərdə “kişi yumruğu”, “kişi zəhmi” olmadığı üçün bu qədər əsnəklik, məktəblilərin bu qədər başına buyruqluğu yayılıb. Yəni, yenə şiddət, yenə yumruq, yenə güc... Pedaqogika sərhədlərindən minlərlə kilometr uzaqlıqda və bir qədər də seksist, cinsi ayrımı təbliğ edən bir yanaşma.

Əslindəsə məşhur lətifədəki ustanın sözü ilə desək, sistemə yanaşma fərqli olmalıdır. Yəni, sən bu gün kişi müəllimi 250 manat məvacibə məhkum etsən, ailəsinin yeganə gəlir qaynağı olan adamı stresə, nevroza, aqressiyaya sürükləmiş olacaqsan. O da bilməyəcək dərsdən sonra əlavə məşğələ qrupları yaradıb, ortabab qazanc əldə etsin, qrupuna gəlməyən uşaqla, onun valideyni ilə psixoloji savaşa girsin, yoxsa ümumən dərs desin. Bunun nəticəsi daha ağır olmayacaqmı? Yəni, bizim klişe halına gətirdiyimiz o məşhur “qadın müəllimələr daha çox vaxtını keçirmək üçün məktəbə gəlir” yanaşmamız bu halda yerlə-yeksan olacaq. Yəni, qadın müəllimələri hər nə qədər bir qayda olaraq, evinin nazlı xanımı, vaxtını öldürmək üçün dərs saatı alan varlıqlar kimi təqdim edəcəyiksə, bir o qədər də təhsilimiz seksist yanaşmanın qurbanı olacaq. Bir güllə bahar olmadığı kimi, qadınların yerinə kişilərin məktəbə gətirilməsi də heç bir dərdə çarə olmayacaq. Yaranın mənbəyi dezinfeksiya edilmədikcə, onun harda, nə vaxt üzə çıxacağı bilinməz.

Yara demiş, iki həftə əvvəl “Kazbek”li mahnı oxuyanı həbs etdilər, o kliplərin yayımı dayandırıldı. Amma iki gündür daha bir “kazbek, ley-pey, bomba, kayf”lı mahnı və onun əsasında klip çəkib oynayan qızlar peyda olub. O klipi youtube-da izləyəndə növbətisi “3 qızın daha bir videosu” olaraq qabağımıza çıxır. Yeddibaşlı əjdaha misalı, başlardan birini kəsirsən, yerinə o biri çıxır. Amma fakt budur ki, narkomaniyanın təbliğatını saman altından su yeridən kimi yeridirlər. Əxlaqsızlığı, əxlaqsız adamları gözümüzə-gözümüzə soxub, sonra da “bəyənmirsiz, baxmayın” tipli yekəbaşlıq edirlər. Kötük beyinlilərə izah edə bilmirsən ki, “biz neyləyək, baxırlar?” məntiqini əldə əsas tutsaq, sabah camaatın qabağına porno aktrisaları da, gecə traslarda dayanan qızları, “oğlanları” da eyni məntiqlə çıxarmalıyıq. Neyləyək ee, camaat baxır da, camaat istəyir dəəə.... Camaatın hər istədiyini etdiyinizə, hər arzuladığını nümayiş etdirdiyinizə əminsiz?  

Çox nadir hallarda cəmiyyətin təpkisi ilə ölkədə böyük qərarların verildiyini görürük. Elina olayı bunlardan sadəcə biri idi. İnsanlar etiraz etdi, sosial şəbəkə yerindən oynadı, insanlar məktəbin qabağına tökülüşdü və faciənin miqyası böyüdükcə böyüdü. Hər kəs empati qurdu, balasını düşündü, Elinanın taleyini yaşaya biləcək övladını gözünün qabağına gətirib etiraz etdi. Məktəb tinlərində sülənən narkotik alverçilərinə, onların məktəblərdə yayılmasının qarşısına ala bilməyənlərə diş qıcadı. Çünki  o məxluqlar ilk dəfələr şagirdləri öz tələlərinə çəkmək üçün tülkü hiyləgərliyinə əl atırlar:  “bu tablet rahatlaşdırıcı, stresdən çıxarıcıdır. İmtahan qabağıdı, götür, bir neçə dənə at” deyirlər. Yeniyetmə alır, aludə olur, daha sonra başlanır pullu xidmət, asılılıq, narkotikanın yayılması, digərlərinin də cəlb olunması... Elinanın bəlası təkcə məktəb yoldaşlarının onu aşağılayıcı münasibəti və ya rus dilini bilməyən direktorun hətta şagird öləndən sonra onun barəsində şayiə yaymağı deyildi ki... Narkotikdən, siqaretdən asılı yeniyetmələr dayanırdı bu bəlanın kökündə. Məktəb, məktəbli həndəvərlərinin təmizlənməsi prosesi aparılmalıdır. Sözün bütün mənalarında. Əks halda, bu gün Elina, sabah bir başqası...

Sevinc TELMANQIZI
Tarix: 15-04-2019, 09:23
Xəbəri paylaş





Xəbər lenti